Zəfərin 4 illiyi: Böyük Qləbəyə aparan yol

SAMİRƏ MUSAYEVA 
233 nömrəli tam orta məktəbin biologiya müəllimi,
biologiya üzrə fəlsəfə doktoru 



Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdı. Azərbaycan dövlətinin və xalqının qazandığı bu hərbi və siyasi qələbə unikallığı ilə tarixə yazıldı. Dünya tarixində belə bir hadisə olmayıb ki, bir dövlət 30 il işğalda olan torpaqlarını 
44 gün ərzində hərbi və siyasi yolla azad etsin. Xalqımız bunu bacardı. Azərbaycan xalqı öz liderinin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət və qəhrəmanlıq göstərdilər, döyüşlər zamanı bir addım belə geri çəkilmədilər. Əsgərlərimiz və zabitlərimiz torpaqlarımız və dövlətimiz uğrunda öz canlarını, qanlarını əsirgəmədilər. Azərbaycan xalqı həmişə olduğu kimi, müharibə zamanı da öz Prezidentinə inandı. Xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşdi, öz ordusunun arxasında dayandı. Bu vəhdət "dəmir yumruğ"a çevrildi. Elə bir yumruğa çevrildi ki, bu yumruğu açmağa heç kimin nə gücü, nə də qüdrəti çatardı. 
Prezident İlham Əliyevin hərb meydanında Müzəffər Sərkərdə olması ilə yanaşı, diplomatik cəbhədə də güclü siyasətçi olması öz təsdiqini tapdı. Dövlət başçımız 44 gün ərzində informasiya sahəsində də Azərbaycan xalqının haqq səsi oldu, cəsarətlə, qətiyyətlə bütün xarici təzyiqlərə sinə gərdi və mübarizlik rəmzinə çevrildi.   Xankəndidə keçirilən hərbi parad isə Azərbaycanın suverenliyinin bərpasının dönməzliyinin əlaməti idi.
Zəfərimizdən sonra dünyaya car çəkən Ermənistana çoxları havadarlıq etməyə başladı. Hətta Azərbaycana qarşı indiyədək olmayan çirkin kampaniyalara start verdilər. Fransa başda olmaqla, Qərbin bəzi dövlətləri Azərbaycanın Xankəndidə yaşayan ermənilərə qarşı "humanitar fəlakət" həyata keçirdiyini də iddia etdilər. 
Amma müdrik siyasətçi kimi İlham Əliyev bu dəfə də dünyaya əsl həqiqətləri açıqladı və 2023-cü il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə Azərbaycanın sərhəd, ərazi bütövlüyünü təmin etmiş oldu. 
Bundan sonra da Qarabağdakı qondarma rejimin silahlı dəstələri terrorlar, təxribatlarla Azərbaycanı hədələməkdən çəkinmirdilər. İlham Əliyev isə onlara dəfələrlə xəbərdarlıq etsə də, öz əməllərindən əl çəkmədilər. Nəhayət, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu erməni təxribatının qarşısını almaq məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirməyə başladı. Cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində separatçılar ağ bayraq qaldıraraq təslim olduqlarını bəyan etdilər. 
2023-cü il oktyabrın 15-də Azərbaycan tarixinə daha bir şanlı səhifə yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan bayrağını ucaltdı. Bununla da Qarabağda separatizmin kökü birdəfəlik kəsildi və Azərbaycanın suverenliyi tam bərpa olundu. Azərbaycan Qarabağa, Şərqi Zəngəzura qovuşdu. Azərbaycan Ordusu Xocalı qurbanlarının, müharibədə qətlə yetirilmiş günahsız mülki əhalimizin, şəhidlərimizin qisasını döyüş meydanında aldı. 
Bu qələbədən sonra Azərbaycanın tarixində yeni inkişaf səhifəsi açıldı. Azad edilmiş ərazilərə tez-tez səfərləri ilə Prezident İlham Əliyev sevincini xalq ilə bölüşməklə yanaşı, Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirdi. 
Hazırda azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə geniş inşaat işləri gedir. Doğma yurdun hər qarışında tikinti bumu yaşanır. Yeni-yeni infrastrukturlar - xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, avtomobil və dəmir yolları, körpülər, tunellər tikilir. 
Artıq xeyli vaxtdır ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası reallaşmaqdadır. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən olunub. Bu milli prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.
Böyük qayıdış proqramı yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması idi. Bu gün həmin missiya da uğurla reallaşmaqdadır. 
Qarabağ və Şərqi Zəngəzuru "dəmir yumruq"la alan Müzəffər Ali Baş Komandan İlham Əliyev artıq Zəfərimizdən ötən 4 il müddətində bu ərazilərdə misli görünməyən quruculuq işlərini həyata keçirməkdədir. Erməni vandalizminin qurbanına çevrilmiş şəhər və kəndlərin yenidən, daha müasir formada qurulması, tamamilə dağıdılmış infrastrukturun bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi Azərbaycan dövlətinin prioritet fəaliyyət istiqamətlərindəndir. 
Hər gün demək olar ölkəmizin müxtəlif istiqamətlərindən köç karvanı Qarabağa, Şərqi Zəngəzura yola salınır.
Böyük Qayıdış proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatdırılacaq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. 
Tezliklə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yol-nəqliyyat infrastrukturu da tamamilə yenidən qurulub istifadəyə veriləcək.
Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələrə nəzər yetirsək görərik ki, bəlkə də, böyük dövlətlərin bir neçə il ərzində görə bilmədikləri işləri Azərbaycan cəmi 4 ildə reallaşdırıb. Bu ərazilərdə hava limanları, yaşayış məntəqələri, avtomobil və dəmir yolları, körpülər, tunellər, su anbarları, elektrik enerjisi stansiyaları, içməli su xətləri və sosial-iqtisadi infrastrukturların yaradılması dünyanın diqqətini cəlb edir. 
Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

07.11.2024


[email protected]