TARİXİ ZƏFƏRİMİZDƏN 4 İL ÖTÜR
Sevinc Cəbrayılzadə
ADPU-nun Kompüter elmləri kafedrasının dosenti
Tarixi Zəfərimizdən 4 il keçir. Son dörd ilin harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün necə qürurverici olduğunu təsəvvür etmək çətin deyil. 30 il bir milyondan artıq soydaşının qaçqın və məcburi köçkün vəziyyətində olmasının, 20 faiz torpağının düşmən tapdağı altında qalmasının acısını yaşayan xalqın bu gün keçirdiyi hisslər bəllidir. Tarixi ədalət, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi, artıq soydaşlarımız mərhələ-mərhələ öz doğma yurd-yuvalarına qayıdır. 30 il bu günü səbirsizliklə gözləyən xalqımız tam əmin idi ki, dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq və bu ərazilərdə yeni həyat başlayacaq.
İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin əsas prioriteti və strateji hədəfi olub. Hər bir uğur böyük səylərin, qətiyyətin nəticəsidir. Lider və düşünülmüş siyasət amillərinin hər bir ölkənin inkişafında, qarşıya qoyduğu hədəflərə zamanında və yüksək səviyyədə nail olmasında əsas faktor olduğu daim önə çəkilir. Bu gün Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olmasını səciyyələndirən də məhz bu amillərdir.
Bu gün xalqımız bu zəfərlərin sevincini yaşayır. Dörd il bundan öncə Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən ərazilərimizi raket atəşinə tutması dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevdən “İrəli!” əmrini alan rəşadətli ordumuz böyük ruh yüksəkliyi ilə bu tapşırığın icrasına başladı”.
Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqaməti olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye kompleksi hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur
İlham Əliyevin müharibənin getdiyi dövrlərdə xarici mətbuata çoxsaylı müsahibələrinin hər biri bu baxımdan zəngin mənbədir. Prezident İlham Əliyev həmin müsahibələrində dünyanın aparıcı dövlətlərinə və nüfuzlu beynəlxalq təşkilatlara tarix, hüquq, hərbi və milli qürur dərsi kecdi. Bir daha bildirdi ki, Qarabağ məsələsi ədalət, milli qürur, beynəlxalq hüquq məsələsidir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bütün bu reallıqların təqdimatı oldu. Sübut edildi ki, ədalət və beynəlxalq hüquq var. Buna nail olmaq üçün sadəcə qətiyyət göstərmək lazımdır. Azərbaycan istər 30 illik işğal, istər 44 günlük Vətən müharibəsi, istərsə də suverenliyimizin bərpasından sonra aramsız qərəzli ittihamlarla, təzyiqlərlə, sanksiyaların tətbiqi çağırışları ilə üz-üzə qalsa da dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti bütün cəhdlərin qarşısını qətiyyətlə alır və bundan sonra da alacaq.
ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCAN!
07.11.2024
[email protected]