Hər günü bir tarix olan şanlı Zəfərimiz

İbrahimova Aytən Əbilqasım qızı
ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimi


44 günlük Vətən müharibəsi... Rəşadətli Azərbaycan Ordusu düşmən tapdağı altında olan torpaqlarımızda yüksək peşəkarlıq, döyüş qabiliyyəti, ən əsası isə qəlbində bitməz-tükənməz Vətən eşqi, Vətən həsrəti ilə döyüşdü. Azərbaycan əsgəri 30 il işğal altında qalan ərazilərimizi qarış-qarış, kənd-kənd düşməndən azad etdi, uğrunda canından keçdiyi vətən torpağının bir qarışını belə düşmənə haram edərək mərdlik, qəhrəmanlıq salnaməsi yazdı... Vətən deyib döyüşə atılan, Vətən çağırışına hay verən igid əsgərlərimiz döyüş meydanında düşmənə qan uddurdu, əzəli və əbədi torpaqlarımız işğaldan azad olundu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın azad olunması ilə bağlı xalqa hər yeni qələbə müjdəli müracəti Zəfər salnaməmizin qürur dolu səhifəsinə çevrildi.
Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgəri düşmənin müqavimətini qıraraq 30 illik yurd həsrətimizə son qoydu. Vətən müharibəsində xalqımız zəngin dövlətçilik və hərb tariximizdə daha bir şanlı, qəhrəmanlıq səhifəsi yazdı, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində misilsiz rəşadət göstərən, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik olan Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi ədaləti qan tökərək, şəhid verərək bərpa etdi. Cəmi 44 gün qəhrəman oğullarımız dünyaya sübut etdilər ki, ədalətin qarşısında heç bir saxtakarlıq qalib gələ bilməz. Dünya miqyasında ən güclü ordular sırasında yer tutan, ən müasir silahlarla, texnika ilə təchiz edilən Ordumuzun əsgər və zabitləri hər günü bir tarixə dönən Zəfərimizi yazdı. Ən müasir, beşinci nəsil silahlarla təmin olunmuş Azərbaycan Ordusu torpaqlarımızı işğalçılardan azad edərək bir gün belə geri addım atmadan irəliyə, Zəfərə, Qalibiyyətə doğru inamla addımladı.
Bəli, yüksək hazırlıqlı ordu döyüşün taleyinin həlledici qüvvəsidir. Lakin bəzən toplarla, mərmilərlə, silah-sursatla əldə olunmayan qələbələr Vətən naminə, xalq naminə göstərilən mərdliklə, mübarizliklə, qətiyyətlə qazanılır. Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan İkinci Qarabağ müharibəsində əsgərindən tutmuş, generalına qədər hər kəs Vətən fədaisinə çevrildi. Vətənin bir qarış torpağı uğrunda canından keçən mərd oğullarımız ərazi bütövlüyümüzü təmin etdi. Rəşadətli Azərbaycan Ordusu Vətənimizin dilbər guşəsi - Şuşanın işğaldan azad olunmasında hələ dünya hərb təcrübəsində görünməyən mərdlik, cəsarət, döyüş qabiliyyəti nümayiş etdirdilər.
Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə Azərbaycana yenidən hakimiyyətə gətiriləndə torpaqlarımızın 20 faizi işğal edilsə də, qaçqın-köçkün problemi ölkəni bürüsə də, biz yenə öz inamımızı itirmədik. Çünki o böyük azərbaycanlı, xalqın rəğbətini qazanmış Ümummilli Liderimiz Azərbaycanın ən ucqar yerlərinə qədər qarış-qarış gəzib evlərindən, isti ocaqlarından didərgin düşən incanlara ürək-dirək verir, bir gün  mütləq o doğma yerlərə qayıdacaqlarına onlarda böyük inam yaradırdı. Bu gün o böyük insanın keçdiyi yollara baxdıqca heyrətə gəlirsən. Heydər Əliyev torpaqlarımızın qan tökülmədən sülh yolu ilə geri qaytarılması üçün bütün gücünü səfərbər etdi. Dünyanın o başından Azərbaycana gələn ölkə başçılarını köçkünlərin yanına aparırdı, onları həqiqətlə üz-üzə, öz vicdanları ilə baş-başa buraxırdı. Köçkünlərə deyirdi ki, torpaqlarımız istərdik ki, sülh yolu ilə alınsın, qan tökülməsin. Amma bu alınmayanda biz müharibə ilə mütləq öz torpaqlarımızı düşməndən azad edəcəyik. Çünki Azərbaycan qəhrəman xalqdır, onun qədim tarixi, böyük keçmişi var.
İnanırıq ki, bu gün Şuşada, Xankəndidə, Xocalıda, Ağdərədə üçrəngli müqəddəs bayrağımız dalğalandıqca Ulu Öndərimizin də ruhu şad olur.
Zəfər dolu noyabr ayına qədəm qoymuşuq. Böyük Şanlı Zəfərimiz mübarək olsun. Bizə bu böyük sevinci bəxş edən Müzəffər Ali Baş Komandanımız yüz yaşasın. Yaşasın Yünilməz Azərbaycan Ordusu. Müqəddəs şəhidlərimizin məzarları nurla dolsun, qazilərimizə Allah şəfa versin.
Yaşasın Azərbaycan. Qarabağ Azərbaycandır! ZƏFƏRİMİZ MÜBARƏK!!!

07.11.2024


[email protected]