Azərbaycan 7-ci Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur

Çinin iri maliyyə-biznes mərkəzi olan Şanxay şəhərində 7-ci Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb.
Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinin təşəbbüsü və himayəsi ilə keçirilən sərgi xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyır.
Çinin Ticarət Nazirliyinin, Şanxay meriyasının və Çin Beynəlxalq İdxal Sərgi Bürosunun təşkilatçılığı ilə keçirilən sərgiyə 152 ölkə və beynəlxalq təşkilatdan 3500 iştirakçı, o cümlədən “Global Fortune 500” siyahısından 297 şirkət qatılıb. Yerli və xarici 400 mindən çox peşəkar ziyarətçi, 3800 media işçisi qeydiyyatdan keçib.
Nüfuzlu tədbirdə Azərbaycandan Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti iştirak edir.
Qazaxıstan, Özbəkistan, Malayziya və Serbiya da daxil olmaqla bir neçə ölkənin hökumət başçısının, yüksəkvəzifəli rəsmi şəxslərin qatıldıqları açılış mərasimində Çinin Dövlət Şurasının sədri (Baş nazir) Li Çian çıxış edərək, sərginin Çin xarici ticarətində, xüsusən də xarici məhsulların və xidmətlərin Çin bazarına girişinin təşviqində rolundan danışıb, ölkənin açıqlıq siyasətinin xarici investorlar və istehsalçılar üçün böyük imkanlar yaratdığını deyib. O, Çinin iqtisadi açıqlıq siyasətini davam, biznes mühitini isə yaxşılaşdırmağa davam etməyə sadiq olduğunu diqqətə çatdırıb.
Sərginin ümumi ekspozisiya sahəsi 420 min kvadratmetrdir. Bura ərzaq və kənd təsərrüfatı, avtomobil, ağıllı sənaye və informasiya texnologiyaları, istehlak malları, tibbi avadanlıq və sağlamlıq məhsulları, xidmətlər ticarəti, innovasiya və inkubasiya bölmələri daxildir. Sərginin ölkələr bölümündə 77 ölkə və beynəlxalq təşkilatın milli stendi fəaliyyət göstərir.
Çin Beynəlxalq İdxal Sərgisinin daimi iştirakçılarından olan Azərbaycanın sərgidə İqtisadiyyat Nazirliyinin və Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə vahid ölkə stendi fəaliyyət göstərir. Stenddə ölkəmizin turizm, innovasiya, yaşıl enerji, sənaye, kənd təsərrüfatı, mədəniyyət, xalçaçılıq kimi sahələrdə qazanılan nailiyyətləri, perspektivlər, həmçinin ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, o cümlədən potensial investisiya layihələri, sənaye parkları, aqroparklar Ələt AİZ, işğaldan azad edilmiş ərazilərin investisiya imkanları haqqında materiallar nümayiş olunur.
Stenddə, həmçinin “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullar, o cümlədən şərab brendləri, digər alkoqollu və alkoqolsuz içkilər, qənnadı məmulatları, nar şirəsi, konservlər nümayiş olunur. Ziyarətçilərə Azərbaycan məhsullarına dair kataloqlar təqdim edilir, məhsulların dequstasiyası keçirilir.
Noyabrın 10-dək davam edəcək sərginin gedişində 400-dən çox məhsul, texnologiya və xidmət ictimaiyyətə ilk dəfə təqdim olunacaq.
Qeyd edək ki, 2018-ci ildən keçirilən Çin Beynəlxalq İdxal Sərgisi dünyada ölkə səviyyəsində yeganə idxal sərgisidir. İndiyədək keçirilmiş 6 sərgidə 420 milyard dollar dəyərində müqavilə və sazişlər imzalanıb. Son bir neçə onillikdə Çinin sosial-iqtisadi inkişafı əhalinin maddi gəlirlərinin yüksəlməsi ilə müşayiət olunur. Təxminən 400 milyon nəfər orta təbəqəsi olan Çin yerli və xarici şirkətlər üçün böyük və perspektivli bazardır. Bu bazar daha keyfiyyətli və geniş çeşiddə məhsullara və xidmətlərə, başqa sözlə, idxala ehtiyacı artırıb. Şanxay sərgisi də Çinin bu idxal tələbatının reallaşmasına xidmət edir.
Çin hazırda dünyada ən böyük 2-ci idxalçıdır. Cari ilin 9 ayında Çinin idxalı 4,1 faiz artaraq 13,71 trilyon yuana (1,92 trilyon dollar) çatıb.



[email protected]