Almaniya polisi ifrat sağçı qruplaşmanın 8 üzvünü saxlayıb
Almaniya polisi ifrat sağçı qruplaşmanın üzvü olmaqda şübhəli bilinən 8 nəfəri saxlayıb. Bu barədə Almaniya prokurorluğu bildirib.
Bəziləri azyaşlılar və yeniyetmələr olan şübhəlilərin “Saksoniya separatçıları” adlı təxminən 15-20 nəfərlik qrupun bir hissəsi olduğu güman edilir. Prokurorluğun kommünikesində qruplaşmanın irqçi, antisemit və qismən apokaliptik ideyaları ilə xarakterizə olunduğu bildirilir.
Müstəntiqlərin fikrincə, qrup Saksoniyada və ola bilsin ki, digər Şərqi Almaniya rayonlarında “nasional-sosializmdən ilhamlanan hökumət və ictimai strukturlar yaratmaq üçün” hakimiyyəti ələ keçirməyi planlaşdırıb.
"Hətta etnik təmizləmə də onların qeyri-insani planlarının bir hissəsidir", - deyən ədliyyə naziri Marko Buşman əlavə edib ki, həbslər Almaniyanın konstitusiya dövlətinin və demokratik quruluşunun "təhdid altında" olduğunu və "müdafiəyə ehtiyacı olduğunu" xatırladır.
8 nəfər Saksoniyanın müxtəlif yerlərində, qruplaşmanın lideri olduğu iddia edilən şəxs isə Polşada saxlanılıblar. 450-dən çox polis və xüsusi təyinatlılar 20 binada axtarış aparıblar.
[email protected]