Yadlar gəlib doğma olur

Zaqataladakı Ananyevlər ailəsində kimin hansı millətdən və dindən olduğu çoxdan unudulub


Tolerantlıq və multikultural dəyərlər Azərbaycanın çoxəsrlik mənəvi sərvətlərindəndir. Yüzillər boyu müxtəlif millətlərin və dinlərin təmsilçiləri bu məmləkətdə dinc, yanaşı, mehriban yaşayırlar. Taleyin hökmü, yaxud şəxsi istəyi ilə Azərbaycana gəlib buranı özlərinə vətən seçənlər yerli əhali ilə o qədər qaynayıb qarışıblar ki, indi onlar özlərini ölkəmizdə gəlmə, yad hiss etmirlər. 
Azərbaycanın şimal-qərb bölgəsinin gözü olan Zaqatala da belə məkanlardandır. Rayonda 30-dan çox millətin nümayəndəsi yaşayır, həm də təkcə yaşamır, bir-biri ilə can deyib, can eşidirlər. 
Paşan kəndində avar, rus, talış və azərbaycanlılardan ibarət sadə, zəhmətkeş, eyni zamanda maraqlı bir ailənin yaşaması barədə bizə buradakı orta məktəbin direktoru Elnarə Məmmədova söyləmişdi. Ananyevlər ailəsinin qapısını da məhz bu tolerant mühitlə tanış olmaq üçün döydük. İlk öyrəndiyimiz bu oldu ki, ailənin gənc üzvlərindən biri - Nazim Roman oğlu Ananyev 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirlərində iştirak etmişdir. Roman bu döyüşdə yaralansa da, mövqeyini tərk etməmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə "Şücaətə görə" medalı ilə təltif olunan döyüşçü ilə bu gün təkcə Ananyevlər ailəsi yox, bütün kənd fəxr edir. 
Bu ailə ilə yaxından tanışlıq üçün ötən əsrin 40-cı illərinə dönmək gərəkdir. XIX əsrdə rus çarizminin zülm və istibdadına, 20-ci yüzilliyin əvvəllərində isə bolşeviklərin idarəçiliyinə boyun əyməyən bölgə əhalisini 37-nin repressiyası da qorxutmamışdı. 1940-cı ildə sovet rejiminin milli siyasəti ilə barışmayan Qardaşovlar nəslinin ağsaqqalı Şamil kişi həyat yoldaşı Xacay xanım və qızı Fatimə ilə birgə Rusiyanın Tomsk vilayətinə sürgün olunmuşdu. Taleyin qisməti ilə orada Mixail adlı bir rus hərbçi müsəlmanlığı qəbul edərək Fatimə xanımla evlənmiş, bu izdivacdan Vladimir adlı oğulları doğulmuşdu. Sonra onlar Azərbaycana köçmüş və gənc Volodya 1976-cı ildə Astarada rəsmxət müəllimi işləyərkən rayonun Giləkəran kənd sakini, talış millətindən olan Narxanım adlı qızla ailə qurmuşdu. Onların iki qız, bir oğul övladları dünyaya gəlmişdir. Qızlardan biri vəfat etsə də, Roman və Aida həyatdadırlar. Cənub bölgəsində xeyli vaxt yaşayan ailə sonradan Vladimirin ana babası Şamil Qardaşovun yurduna - Zaqatalanın Paşan kəndinə köçmüşdür. Volodya yenə kənddə müəllimlik etmiş, həyat yoldaşı kolxozda işləmişdir. Bir neçə ildir ki, təqaüddə olan baba və nənə hələ də zəhmətdən, gücləri yetən, bacardıqları işləri görməkdən usanmayıblar, boş vaxtlarını isə artıq həddi-büluğa çatan nəvələri ilə keçirməkdən zövq alırlar. 
45-ci yaşda olan Roman uşaqlıqdan halal zəhmətə alışıb, dülgərlik peşəsinə yiyələnib. Həyətindəki balaca sexdə qapı, pəncərə, masa, daha çox isə arı yeşikləri və bal çərçivələri hazırlayır. Bu, təkcə tələbatdan deyil, həm də Roman özü arıçılıqla məşğuldur. Ömür-gün yoldaşı Səidət xanım Balakənin Mollaçıbinə kəndindəndir. Onun atası İbrahimxəlil kişi milliyyətcə avar, anası Sevil xanım azərbaycanlıdır. 
Biz Paşanda olarkən Mixailin oğlu Vladimirlə görüşə bilmədik, qonşu kənddəki qohumlarına baş çəkməyə getmişdi. Əvəzində oğlu Romanın evində açılan çay süfrəsinin qonağı olduq. Romanın anası 66 yaşlı talış qızı Narxanım bacını avar xanımlardan fərqləndirmək mümkün deyil. O avar dilini də öyrənib, ləhcəsiz, təmiz danışır: "Bu yerlərin ab-havasına, adət-ənənələrinə, mətbəxinə çoxdan bələdəm. İlk günlər cənub bölgəsindən, yerim-yurdumdan, doğmalarımdan ötrü çox darıxırdım. Tədricən hər şey qaydasına düşdü, iş-gücə, ailə qayğılarına, övladlarımı böyütməyə başım qarışdı. Ara-bir astaralı qohumlarım gəlirlər, biz gedirik... Məni bura ən çox bağlayan isə zaqatalalıların, Paşan camaatının məhrəm münasibəti, mehribanlığı, qonaqpərvərliyidir. İndi sürhüllünü, xorbeçədələni, ət girsi və digər xəmir xörəklərini ləvəngidən pis hazırlamıram. Talış və avar mətbəxinin sintezi əla alınır".
Roman qazi oğlu Nazim haqqında danışarkən 30 il erməni işğalında qalan torpaqlarımızın azad edilməsinə çox şad olduğunu söylədi: "Kiçik oğlum Mikayıl kənd orta məktəbinin XI sinif şagirdidir, yaxşı oxuyur, idmanla məşğuldur, təsərrüfat işlərində mənə, anasına yaxından kömək edir. O da Vətən, xalq qarşısında hərbi borcunu yerinə yetirəcəyi günləri səbirsizliklə gözləyir. Lazım gəlsə, mən özüm də Azərbaycanın müdafiəsinə qalxmağa hazıram. Şükür Allaha, hamımız çalışırıq, gündəlik ruzimizi qazanırıq, dövlətimizdən də razıyıq, müstəqillik bizim ən böyük sərvətimizdir".
"Təki daha müharibələr baş verməsin, sülh, əmin-amanlıq, aydın səma olsun!",  - deyə Romanın həyat yoldaşı Səidət xanım söhbətə qoşuldu: "Azərbaycan həm 20 Yanvarda, həm Birinci Qarabağ savaşında, həm də Vətən müharibəsində qurbanlar verdi, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Sağ olsun dövlətimiz, Prezident İlham Əliyev, Mehriban xanım ölkəmizin tərəqqisi üçün böyük işlər görürlər. Qarabağda, Şərqi Zəngəzurda, ümumiyyətlə, bütün ölkədə quruculuq, abadlıq işləri gedir. Qoy gənclərimizin sorağı  indidən belə işlərdən gəlsin".
Roman rayonun Danaçı kəndindən Paşana gəlin köçmüş Patimat Qurbanovanı da xatırladı. Dedi ki, nənəsindən sonra ailəyə o qayğı göstərib, atasına süd analığı edib, onu böyüdüb. Onlara namaz qılmağı, oruc tutmağı da rəhmətlik Patimat ana öyrədib. 
Ölkəmizin şimal-qərb bölgəsində, o cümlədən Şəki, Qax, Zaqatala, Balakən rayonlarında belə tolerant ailələr çoxdur. Ananyevlər də sadəcə belə ailələrdən biridir. 




[email protected]