Üç cür olur çəkməçilər...
İndi ayaqqabı tikənlərin də, tikdirənlərin də sayı azalıb
İlk baxışdan qaraqabaq adama oxşayır çəkməçi Rahibhüseyn...
İş görəndə başını aşağı salıb bütün diqqətini gördüyü işin keyfiyyətli alınmasına verir... "Başı işə qarışanda" dükanında nə varsa, götürüb aparsan bəlkə də hiss etməz...
"Keçmişdən bu günə" rubrikasının qəhrəmanı balaxanılı çəkməçi, öz işinin mahir ustası Rahibhüseyn Balayevdir...
Təcrübəli usta əlindəki bizi - palanduzu çox məharətlə hərəkət etdirir. Nəhayət, dinib danışmayan adam köhnə tanışlar kimi əlimizi sıxıb, bizə yer göstərib dükanda səliqə-sahman yaradır...
Onunla birlikdə çalışan gəncləri göstərib:
- Oğlanlarımdır. Şükür və Tofiq...
Armudu stəkana çay süzür...
Zahirən qaraqabaq, dinməz görünən bu adam zarafatından da qalmır. Söhbətə özü körpü salır. Gülümsəyərək:
- Həəə, deyin görüm, çəkməçi, pinəçi Dadaşovdan nə yazacaqsınız? ("Qatarda" televiziya tamaşasında Yaşar Nurinin yaratdığı "Dadaşov" obrazına eyham vurur).
Maraqla baxdığımızı görüb əlavə edir: "Əlinizdəki fotoaparatdan jurnalist olduğunuzu hiss etdim. Emalatxanaya girməmişdən əvvəl də buranın şəklini çəkdiniz. Soyadım da Dadaşov yox, Balayevdir..."
"Ayağını isti tut, başını sərin"
- 1967-ci ildə Balaxanıda dünyaya göz açmışam. Bütün ömrümü burada yaşamışam. Balaxanı Bakının qədim yaşayış yerlərindəndir. Hər qarışı bir tarixdir...
Düzünü desəm, Balaxanı belə gözəl deyildi...
Allah Prezidentimizə kömək olsun. Onun tapşırığı ilə bu qəsəbədə küçələr abadlaşdırıldı, kanalizasiya, su, telefon xətləri yeniləndi, köhnə dam örtükləri, qapı-pəncərələr dəyişdirildi, qəsəbə başdan-başa yaşıllıqlara büründü. Tarixi abidələr isə baxımsız bir vəziyyətdə idi... Az qala sakinlər yerlərini belə yadlarından çıxarmışdılar.
Orta məktəbdə oxuyanda rəssam olmaq istəyirdim. Rəsm çəkmək bacarığım da pis deyildi... Rəssamlıq qabiliyyətim indi də karıma gəlir. Müştərilərimin istəyinə uyğun ayaqqabı modellərini özüm hazırlayıram...
İnsanın sağlamlığı üçün ayaqqabının çox böyük önəmi var. Atalarımız təsadüfi deməyiblər ki, "Ayağını isti tut, başını sərin". Əvvəllər ayaqqabılar təmiz heyvan dərisindən hazırlanardı. Altlığı da dəridən hazırlanmış padoşdan olardı. İndi fabrik ayaqqabılarının üzü dəri olsa da, içi dermatindən olur. Bunun da insanın sağlamlığına ziyanı var. Gərək insanın ayağı ayaqqabının içində nəfəs alsın. Ayaqqabının keyfiyyəti daxili hissəsindəki ortüyünün materialı ilə ölçülür. Keyfiyyətli ayaqqabılarda içlik quzu dərisindən hazırlanır. Belə ayaqqabılar baha olur. Orta qiymətli ayaqqabılarda içlik parçadan olur. Ucuz ayaqqabılara isə süni materiallar döşənir. Həqiqi dəri və parça süni materiallardan fərqli olaraq yay mövsümündə, isti yerlərdə ayağı tərlətmir. Çünki hava mübadiləsini təmin edir.
Dermatin ayaqqabı geyənlər ayaqlarını könüllü həbs edib sanki ona cəza verirlər. Təsəvvür edin ki, ayağı salıb bir sellofan paketə ağzını bağlamısan. İnsanın ürəyinə gedən bütün damarlar ayaqdan keçir. Hətta ürəkdə şuntlama əməliyyatı aparan həkimlər ürəyə köçürmə əməliyyatı aparmaq üçün əsasən ayaq damarlarından istifadə edirlər...
Əvvəllər ayaqqabı tikdirən müştərilər çox olurdu. Xüsusilə aşıqlar, rəqqaslar "xrom" çəkmə tikdirirdilər. İndi aşıqlar da "müasirləşib"... Son zamanlar "xrom" çəkmə sifariş verən müştərilərə çox nadir hallarda rast gəlirik. Keçmişdə bəylər, xanlar, zadəganlar uzunboğaz çəkmə geyərdilər. Bu, həm dəb idi, həm də sağlamlıq üçün idi. Uzunboğaz çəkmə geyən adamın ayağında ağrı olmaz. Təmiz heyvan dərisi "revmotizmanı" götürür...
Gənc yaşlarımda "Gənclik"də "Mehriban" ayaqqabı sexi var idi. Ustam Ağalar dayı Bakının ən məşhur çəkməçilərindən idi. Gözəl insan idi. Çəkməçiliyin bütün sirlərini mənə öyrətdi... Düzünü desəm, heç indi yaxşı çəkməçi də yoxdur.
Ölçünün düz götürülməsi əsas şərtdir
- Ayaqqabı tikmək üçün gərək dəri yaxşı aşılanıb, yaxşı da qurudulsun. Yaxşı aşılanmayan dəri keyfiyyətini itirir. Ayaqqabı tez bir zamanda genişlənib görkəmindən çıxır. Ayaqqabının ayağa tam uyğun ölçüdə olması vacibdir. Çünki həm böyük, həm də kiçik olan ayaqqabılar insan sağlamlığına ciddi zərbə vurur.
Belə ki, ayaqqabının dar olması ciddi travmalar yaradır. Qan dövranının pozulmasına, varikoz damarlarında xəstəliklərin yaranmasına səbəb ola bilir. Bundan əlavə, ayaq barmaqlarının sıxılması əsəb sisteminə təsir edərək sümüklərin zədələnməsinə və yastıpəncəliyə, onurğada əyriliyə gətirib çıxarır. Böyük olan ayaqqabının içərisində ayaq "üzür" deyə bədənin balansı itir və çəkinin doğru bölünməsi pozulur. Bu da öz növbəsində döyənək yaradır, pəncədə və ayaqlarda ağrılar baş qaldırır, insanın tez yorulmasına, ayaq əzələlərində xəstəliklərə səbəb olur.
Bu sənəti tam bilən çəkməçi çox azdır. Üç cür çəkməçi olur: kəsici, pəstahçı və çəkməçi...
Kəsici modelə uyğun dərini kəsir, pəstahçı kəsilmiş dərini birləşdirib modelə uyğun tikir. Çəkməçi qəlibə salıb dərini möhkəm çəkib, altını yapışdırır. Çəkməçi sözü də dərini çəkməkdən yaranıb. İndi bunları bilən usta çox azdır. Təəssüf ki, ayaqqabının altı da padoşdan yox, rezin materialdan hazırlanır. Hazır altlıqların gəlməsi çəkməçinin işini asanlaşdırsa da, istər-istəməz əvvəlki keyfiyyəti almaq olmur. Rezin altlıqlar insanın torpaqla təmasını kəsir. Torpaq canlıdır. Öz enerjisini insana ötürə bilir. Torpaq üstə gəzən adamlar həm təbii, həm də sağlam olur...
Bura müxtəlif cür insanlar gəlir. Gərək onların hamısı ilə "öz dilində" danışmağı bacarasan... Nəfsinə hakim olasan. Müştəriyə 3 manat əvəzinə 5 manat deməyəsən. Yəni qiymət oxumayasan. Biz pinəçilik də edirik. Bu məqamda söhbətə Şükür qoşulur: - Çəkməçilik pullu sənətdir. Doğrudur, bu sənətlə zəngin olmaq mümkün deyil. Amma bu sənəti işlədənlər çörək üçün heç kimə ağız açmırlar. Az qazanırsan, amma həmişə pulun olur. Qazancımız ehtiyaclarımızı ödəməyə yetir. İndi çəkməçi olmaq istəyən demək olar ki, yoxdur...
Tofiq isə deyir ki, atamdan pəstahçılığı, bir az da pinəçiliyi öyrənmişəm. Payız-qış ayları əsasən, pinəçiliklə məşğul oluruq. Bu aylarda bəzən gecələr də işləməli oluruq ki, müştərilərimiz narazı qalmasınlar. Başa düşürük ki, bizə müraciət edənlər zəngin adamlar deyil. Eyni zümrənin adamlarıyıq...
Usta Rahibhüseyn Balayev Tofiqin sözünə əlavə edir:
- Bəzən elə ayaqqabılar gətirirlər ki, tamamilə təmirə yaramır. Onda bircə çıxış yolu qalır. O modeldə yeni bir ayaqqabı hazırlayıb müştəriyə vermək... Bu da o qədər asan iş deyil. Ona verilən ayaqqabının özününkü olduğuna inandırmaq üçün bir az "artist"lik etməli oluruq. Müştərinin qüruruna toxunmasın, imkansızlığı ilə utanmasın deyə, onun gətirdiyi ayaqqabının "yaxşı boya götürdüyü" üçün təzə göründüyünü ona izah etməyə çalışırıq.
Usta Rahibhüseynlə ayrılanda əllərini göstərib dedi: "Bu əllər haram tikə kəsməyib, heç kimin haqqını yeməyib. Əlimə palanduz, biz batsa da, əlim ağrısa da, ürəyim ağrımayıb... Üzüağ, alnıaçıq yaşamışam..."
[email protected]