27 sentyabr Anım Günü - Vətən müharibəsinin başlamasından 4 il ötür

Rəhimova  İradə  Cəfər  qızı
Göyçay şəhər Ə.Q.Qantəmir  adına tam  orta məktəbin
ibtidai sinif müəllimi, "Heydər Əliyev -100 " media medalı mükafatı laureatı  


2020-ci il sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. 44 günlük Vətən müharibəsi Azərbaycanın həm döyüş meydanında, həm də siyasi masada qələbəsi ilə başa çatıb. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən işğal edilmiş əraziləri azad etməyə başladı. İkinci Qarabağ müharibəsi 30 ilə yaxın gözlədiyimiz tarixi ədaləti bərpa etdi. Beləcə, 27 sentyabrda tarixə II  Qarabağ müharibəsi, Vətən müharibəsi, "Dəmir yumruq əməliyyatı" adları ilə daxil olan əzəli və tarixi torpaqlarımızın azadlığı uğrunda 44 günlük mübarizəmiz başlamış oldu.
 Müharibə zamanı Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik nümayiş etdirərək Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Vətən oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından keçdilər. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını geri qaytararaq düşmən üzərində parlaq zəfər qazandı.
 2023-cü il sentyabrın 19-da isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiter­ror tədbirlərinə başlanılmışdı.
24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu.
Antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun 192 hərbçisi şəhidlik zirvəzinə yüksəldi.
Beləliklə, Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində uzun illər erməni işğalı altında olan Azərbaycanın əzəli və əbədi torpaqları azad olundu.
Bununla da Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.. Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, eləcə də insanların öz yurdlarına qayıdışı təmin edilir.

27.09.2024



[email protected]