ŞANLI TARİXİMİZ

Muxtarova Rəna Niftalı qızı
KTM (Semaşko) həkim-nevroloq


“İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi... Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti,  beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.
 
Müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevin 27 Sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətindən
sentyabr, 2021-ci il
 
27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərini, mülki obyektləri ağır artilleriya silahlarından atəşə tutması, düşmənin cəbhəboyu hücuma keçməsi xəbəri Azərbaycan xalqının səbr kasasını daşırdı. İldırımsürətli əks-hücum əməliyyatı ilə düşmən geri oturduldu və 44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı.
Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsilə başa çatmasını Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyev 10 noyabr tarixində gecə xalqa müraciətində xəbər verdi. Son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının istədiyi kimi həll olundu. Bəli, bu gün bütün dünyanın gözü Azərbaycandadır. Çünki 44 günlük Vətən savaşında Müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Ali Baş Komandan cənab İlham Əliyevin hərbi sərkərdəliyi və siyasi liderliyi sayəsində Azərbaycan torpaqlarını işğaldan azad edərək düşmənin belini qırdı. Azərbaycan xalqı müharibənin qalibidir və heç kim, heç nə xalqın bu qələbəsinə kölgə sala bilməz.
44 günlük Vətən savaşının bir günü bəlkə də hər birimiz üçün 1 il qədər gərgin və həyəcanlı keçdi. Çünki Azərbaycan xalqının adına yazılmış ləkəni Azərbaycan oğulları döyüş meydanında qanı, canı bahasına təmizləyirdi. Bu ləkə adımızdan da, alnımızdan da, şərəfimizdən də yuyulub getdi. Bunu bizə bəxş edən Rəşadətli  Ordumuza və Müzəffər Ali Baş Komandana eşq olsun, - deyirik!
Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə 27 sentyabr 2020-ci il tarixində son qoyuldu. Məhz həmin gün tarixi qələbəmizin başlandığı gündür. Xalqımız inanırdı ki, bu gün gələcək. Çünki bir milyondan çox azərbaycanlı 30 il ərzində öz yurd-yuvasından ayrı düşərək qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur.
Ordumuz torpaqalarımızı işğaldan azad etdi. Bu Zəfərin həm böyük hərbi dəyəri oldu, həm də böyük siyasi dəyəri. Dünya dövlətləri Vətən müharibəsindən sonra Azərbaycanla daha sıx ikitərəfli iqtisadi əlaqələri davam etdirməyə, genişləndirməyə maraq göstərir. Güclü dövlətlə belə əlaqələr həmişə tərəfdaşa səmərə verir.
Bu yaxınlarda bir məqalədə bir əsgərin inamla, qətiyyətlə dediyi bir fikri xatırlayıram: “Daha heç bir işğalçı dövlət Azərbaycanın torpaqlarına göz dikə bilməz. Hamısı Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü...”. Bu fikir hamıya həm xoş gəldi, həm də hamı belə düşünən əsgərlərimizlə qürurlandı...
Dünya gördü ki, Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etdi, Azərbaycan gəncliyi işğaldan azad edilmiş ərazilərimizdə şəhərləri, kəndləri yenidən quracaq.
Şuşada “Xarı bülbül” musiqi festivalı keçirildi...
Şuşada Vaqif Poeziya Günləri keçirildi...
Şuşada Milli Musiqi Günü keçirildi...
Bunlar Vətən müharibəsində Azərbaycan əsgərinin qazandığı Zəfərin nəticəsidir. Zəfərin başlanğıcı 27 sentyabrdır...

27.09.2024


[email protected]