Onların xidmətlərini unutmadıq, unutmuruq, heç vaxt da unutmayacağıq!

Sevinc Cəbrayılzadə
ADPU-nun Kompüter elmləri kafedrasının dosenti

"Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik". – Bu sözlər Müzəffər Ali Baş Komandanımızın Anım Günü münasibəti ilə xalqa müraciətindəndir. Doğrusu, mən də bu yazımı həmin müraciətin motivləri əsasında yazmışam. Elə bilirəm ki, Prezidentin xalqa müraciətlərinin hamısı toplanıb, ayrıca bir kitab şəklində nəşr olunmalı, öyrənilməli, öyrədilməlidir.
O həyəcanlı, məsuliyyətli 44 gün içində Müzəffər Ordumuz hər gün, təkrar edirəm, hər gün irəli gedirdi – ancaq irəli! Mürəkkəb relyefdə, uzun illər boyu möhkəmlənmiş, neçə qat müdafiə xətti yaratmış azğın və arxalı düşmənə qarşı əks-hücumda hər gün irəli getmək, hər gün qələbə qa­zanmaq unikal hadisədir.
Qədirbilən xalqımız, vətəncanlı, dövlətcanlı xalqımız öz ordusunun, dövlətinin arxasında möhkəm dayanmışdı. Dövlət-xalq birliyinin təntənəsi qarşısında heç nə və heç kim duruşa gətirə bilmədi! Xalqımızın mətanəti, Ali Baş Komandanmızın siyasi iradəsi xarüqələr yaratdı!
Bütün şəhidlərimizlə, qazilərimizlə, Vətən uğrunda döyüşlərdə fədakarlıq göstərmiş hərbçilərimizlə, könüllülərimizlə fəxr edirik, onların xidmətlərini unutmadıq, unutmuruq, heç vaxt da unutmayacağıq!
Uğursuz dövlətin, məğlub ölkənin və 10 min fərariyə malik "qəh­rəman erməni ordusu"nun revanşizm cəhdləri gülüş doğurur. İşğalçılıq siyasəti öz başında çatlamış düşmən hansı mənəvi-psixoloji ovqatla, hansı iqtisadiyyatla, hansı əlverişli mövqelərlə revanş peşindədir? Belə ağılsız cəhdlər Ermənistanın olan-qalan dövlətçiliyinin də sonu olar: "Əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilməlidir".
27 sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş­lərdə həlak olmuş hərbçilərimizə, qətlə yetirilmiş mülki vətəndaşlara, itkin düşmüş soydaşlarımıza xəlqi ehtiram əlaməti olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə unudulmaz yürüş təşkil olundu. Ümumən anım Gününün proqramı, tədbirlərin tərtibatı mükəm­məldi – şəhidlərimizin, xalqımızın, dövlətimizin adına layiqdi!
DÖVLƏTİMİZ VAR OLSUN!

27.09.2024




[email protected]