Qələbəyə aparan yol - 27 sentyabr
Muradova Elnarə Müzəffər qızı
ADPU-nun Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti
II Qarabağ Müharibəsi bizim qürur, şərəf-şan tariximizdir. Döyüş meydanında əldə etdiyimiz tarixi Zəfər nəsildən-nəsilə danışılacaq, dastanlaşacaq, əbədiyyət qazanacaq. Silahlı Qüvvələrimiz 44 gün içində, güclü mövqelərə, çoxsaylı müasir texnikaya malik, illərlə təlim görmüş düşmən ordusunu darmadağın edərək, 30 illik ağır işğalın intiqamını aldı. Düşmən torpaqlarımızdan haqq etdiyi şəkildə qovuldu – əliqanlı faşistləri, terrorçuları iti qovan kimi qovduq; Qarabağa ədalət Günəşi doğdu, haqq-hüquq bərpa olundu. Azərbaycan dövləti bu gün qalib dövlətdir, müzəffər xalqımız öz ərazilərini yenidən dirçəldir, Qarabağa insanlıq, mədəniyyət, qaynar həyat qayıdır!
27 sentyabr 2020-ci ildə Ermənistan Azərbaycana qarşı növbəti hərbi (hərbi-psixoloji) təxribat törədərək, döyüş mövqelərimizi, yaşayış yerlərimizi atəşə tutdu. Bu saymazyana təxribat Ermənistanın işğalı altında olan ərazilərimizdən həyata keçirilirdi. Namərdcə açılmış atəşin ilk saatlarında mülki şəxslərimiz, hərbçilərimiz həlak oldu. Bu, bardağı daşıran son damlaydı. Düşmənin növbəti qanlı cinayətinə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı əks-hücum əməliyyatının başlanılmasına dair tarixi qərar qəbul olundu. 44 gün davam edən II Qarabağ Müharibəsində şanlı Azərbaycan Ordusu, bütövlükdə dövlətimiz, xalqımız tarixi Zəfər qazandı!
Silahlı Qüvvələrimiz şəhidlərimizin qanını aldı. Biz şəhidlərimizin intiqamını adımıza, şanımıza yaraşan şəkildə, ləyaqətlə döyüşərək aldıq. Məhz döyüş meydanında düşmənə dərs verən bizlərdən fərqli olaraq, düşmən öz bədnam ənənəsinə sadiq qalaraq, mülki əhalini hədəf aldı, Gəncəni, Bərdəni raket atəşinə tutdu. Biz Gəncə, Bərdə, Goranboy, Naftalan və Tərtərə atılan raketlərin cavabını da döyüş meydanında verdik.
Müharibədə də, sülhdə də qızıl ləyaqət göstərən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Hərbçilərimizin qəhrəmanlığı, fədakarlığı dillər əzbəridir. Biz şəhidlərimizin ruhunu bundan sonra da əziz tutacaq, adlarını əbədiləşdirəcək, onların adını daşıyacaq meydanlarda, prospekt və küçələrdə qürurla, minnətdarlıqla xeyirxah işlərə yürüyəcəyik. Qəhrəman şəhidlərimizin adını daşıyan məktəblərdə, müəssisələrdə daha məsuliyyətlə çalışacaq, daha yaxşı nəticələr uğrunda xoşməramlı mübarizə aparacağıq. Bütün bu və bənzəri addımlar, hərəkətlər hər ilin 27 sentyabr günü bir başqa cür çiçəkləyəyib, bir başqa cür təcalla edəcək: hesabat verəcək, duyğulanacaq, yeni zəfərlərə qanadlanacağıq.
Anım günündə respublikamızın hər yerində qədirbilən xalqımızın Şəhidlər Xiyabanlarına axın etməsi kədərimzi azaldır, fəxarətimizi, qürurumuzu artırır.
27.09.2024
[email protected]