AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVA

­Məlahət Abdullayeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Riyaziyyat və onun tədrisi texnologiyası kafedrasının dosenti



İxtisasca həkim olan Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, Azərbaycan Gimnastika Federasiyasının və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESKO və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentidir. 

“Uşaqlar bizim gələcəyimizdir, uşaqlar Azərbaycanın sabahıdır” - deyən Mehriban xanım Əliyeva demək olar ki, bütün çıxışlarında cəmiyyətdə uşaqların rolundan danışır: “Bizim ən böyük arzumuz təbii ki, uşaqlarımızı, gənclərimizi savadlı, təhsilli, sağlam görməkdir. Bunun üçün bu gün uşaqlarımız yaxşı oxumalıdırlar, çünki hər bir gəncin, uşağın gələcəyi onun təhsilindən, savadından, biliyindən asılıdır. Ölkəmizin gələcəyini, sabahını siz - bugünkü gənclər, bugünkü uşaqlar təmin edəcəklər. Ona görə də bu gün ən mühüm vəzifəniz yaxşı təhsil almaqdır. Müasir dünyanın çağırışlarına cavab vermək üçün hərtərəfli savadlı və bilikli olmalısınız. Siz Vətəninizi sevməli, vətənpərvərlik ruhunda tərbiyə edilməli, eyni zamanda bütün dünyaya açıq olmalısiz”.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində uşaqlara qayğı daim həlledici yer tutur. Onun uşaqlara sevgisi sonsuzdur. İndi bütün uşaqlar bu sevgi və qayğını hiss edirlər. Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun istər təhsil, istərsə də tibb sahəsində həyata keçirdiyi layihələrin əksəriyyəti xüsusi olaraq uşaqlara yönəlib. Mehriban Əliyeva bu layihələrdə xüsusi fəallıq göstərir və əsas gücünü də bu istiqamətə yönəldir. Uşaqlar Mehriban xanımı xüsusi məhəbbətlə sevirlər. Heydər Əliyev Fonduna daxil olan çoxsaylı məktublar, Mehriban xanımın adının həkk olunduğu müxtəlif əl işləri, uşaqların məharətlə çəkdiyi portretlər - bütün bu vasitələrlə uşaqlar ona olan sevgilərini nümayiş etdirirlər.

Mehriban xanım Əliyeva bütün uşaqları xoşbəxt görmək arzusundadır. O, insanları daim uşaqlara qayğı göstərməyə, onları qorumağa, cəmiyyətin fəal üzvü kimi yetişdirməyə çağırır. Arzu edir ki, heç bir uşaq valideyn himayəsindən məhrum olmasın, ağır xəstəliklərdən əziyyət çəkməsin, uşaqlar öz əzizlərinin əhatəsində sağlam böyüsün, yaddaşlarında silinməz iz buraxacaq problemlərlə üzləşməsin. O, uşaqların əsl vətənpərvər, Vətənini, onun adət-ənənələrini sevən və hörmət edən layiqli vətəndaş kimi böyüməsini istəyir: “Mən arzu edirəm ki, Azərbaycanda hər bir uşaq xoşbəxt olsun. Ona görə də biz sizi - övladlarımızı sevgi, hörmət, mərhəmət və diqqətlə böyütməliyik. Aydındır ki, siz hələ də həyat yolunuzun başlanğıcındasınız. Hər birinizi uzun bir yol, böyük həyat gözləyir. Bu həyatda, bu yolda sizi sevinclə yanaşı, xoş anlar, qələbələr, çətinliklər və problemlər gözləyir. Ona görə də bu gün biz böyüklər sizi elə böyütmək, oxutmaq istəyirik ki, gələcəkdə hər biriniz əsl insan, əsl vətəndaş, şəxsiyyət olasınız”. 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva uşaqlara və qadınlara yorulmaz yardımın simvoludur. O, YUNESKO-nun xoşməramlı səfiri, təhsil və səhiyyənin inkişafına, ölkənin mədəni irsinin təbliği və qorunmasına yönəlmiş saysız-hesabsız layihələrlə məşğul olan Heydər Əliyev Fondunun prezidenti kimi ölkəsinə və həm də xarici ölkələrə səyahət edərkən dünyanı yaxşılığa doğru dəyişməyi hədəfləyir.  

Heydər Əliyev Fondu Azərbaycan Respublikasının ictimai-sosial inkişafına və mədəniyyətini inkişaf etdirməsinə dəstək məqsədilə fəaliyyət göstərir. Fondun əsas fəaliyyət sahələri arasında mədəniyyət və incəsənət təşviqi, təhsil və elmi araşdırmaların dəstəklənməsi, sosial proqramlar, tibb və sağlamlıq, infrastruktur inkişafı, humanitar yardımlar, mühacir və qəzalara uğramış şəxslərə yardım kimi sahələr yer alır. Fond fəaliyyətləri ilə ölkəmizdə humanitar və mədəniyyət sahələrində müsbət təsir yaratmağı hədəfləyir. Fondun dəstəyi ilə bir çox yeni xəstəxanaların, klinikaların və qocalar evlərinin tikintisi maliyyələşdirilib. 

Mehriban xanım Əliyeva Azərbaycanda təhsilin inkişafına böyük diqqət ayırır və bu sahədə fəallıq göstərir. Heydər Əliyev Fondu hökumət tərəfindən inşa edilən məktəblərə əlavə olaraq çoxsaylı məktəblərin tikintisinə və inkişafına dəstək verir. Fond təhsilin keyfiyyətinin yaxşılaşdırılması və genişləndirilməsi məqsədilə müxtəlif təhsil proqramlarını dəstəkləyir.

Mehriban xanım Əliyeva tərəfindən dəstəklənən təhsil sahələri arasında elmi araşdırmaların inkişafı, texnologiya və innovasiyaların tətbiqi, incəsənət və mədəniyyət təhsili də xüsusi yer alır. Onun fəaliyyətinin məqsədi təhsil sisteminin, mədəni irs və inkişafının qorunmasına və yaxşılaşdırılmasına dəstək olmaqdır. Mehriban xanım Əliyeva Azərbaycanın tarixi mədəniyyət mirası və müxtəlif etnik və dini cəmiyyətlərin sülh və bərabərlik içində birlikdə yaşamağının təbliğatını edir. O, həm də sosial inklüzivliyin və dinlərarası dialoqun təşviqində yorulmadan çalışır. Azərbaycan dəyərlərini xüsusi diqqətə almaqla, ölkənin zəngin və rəngarəng irsinin qorunub saxlanmasını təşviq edən Mehriban Əliyeva öz millətini regional güc kimi möhkəmləndirməyə çalışır.

Mehriban xanım Əliyeva Azərbaycanın YUNESKO ilə olan əlaqələrinin genişləndirilməsi üçün də böyük səylər göstərir. O, 1995-ci ildən etibarən "Azərbaycan Mədəniyyətinin Dostları" Fondu vasitəsilə Azərbaycan mədəniyyətinin dünyada tanınması və təbliği ilə məşğul olur. 2004-cü ildə Mehriban xanım Əliyeva ənənəvi Azərbaycan musiqi, ədəbiyyat və poeziyasının beynəlxalq mədəniyyət platformalarında tanıdılması üçün böyük töhfələr vermişdir. Onun rəhbərliyi altında Heydər Əliyev Fondu beynəlxalq dayanıqlı inkişaf və sülhməramlı fəaliyyətləri dəstəkləyir və bununla yanaşı Azərbaycanın mədəni və qeyri-maddi mədəni irsini qoruyub saxlayır. Fond ölkədə və ölkə xaricində tarixi, dini və mədəniyyət abidələrinin bərpasına, yeni məktəb, uşaq bağçası, sağlamlıq mərkəzi kimi obyektlərin tikilməsinə və elmi, mədəni irsin qorunmasına böyük töhfələr verir. Mehriban xanım Əliyevanın səyi nəticəsində Azərbaycanın mədəni və qeyri-maddi mədəni irs elementləri YUNESKO-nun müvafiq siyahılarına salınmışdır. Onu qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə YUNESKO-nun Baş Qərargahında dəfələrlə Azərbaycana həsr olunmuş müxtəlif tədbirlər təşkil olunub.

Dünya mədəniyyətinə göstərdiyi fədakar fəaliyyətinə və Azərbaycanın mədəni irsinin qorunub saxlanmasına verdiyi töhfələrə görə Mehriban xanım Əliyeva UNESCO-nun keçmiş Baş direktoru Koichiro Matsuura tərəfindən “Xatirə” medalı (2008) və Baş direktor İrina Bokova (2010) tərəfindən “Motsartın Qızıl” medalı ilə təltif edilmişdir. 

Mehriban Əliyeva Heydər Əliyev Fondunun Ermənistanın işğal etdiyi torpaqlardan olan qaçqın və məcburi köçkünlər üçün həyata keçirdiyi humanitar proqramlara, o cümlədən Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəni irsinin qorunub saxlanması və təbliğində xidmətlərinə görə 2010-cu ildə “Türk dünyasına xidmət” mükafata layiq görülüb. 

Saysız-hesabsız mükafatlara layiq görülən Mehriban xanım Əliyeva hesab edir ki, onun ən böyük mükafatı xalqın ona olan sevgisi və inamıdır. Onun sözlərinə görə, “İllər keçdikcə qarşımızda yeni ideyalar və planlar yarandıqca məqsədlərimizin xarakteri dəyişir, lakin bizim əsas ideyamız – Azərbaycan xalqına xidmət ideyası dəyişməz olaraq qalır və qalacaq”.

Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın keçdiyi parlaq ömür yolu Vətənə, xalqa xidmət nümunəsidir. O, ictimai-siyasi həyatda fəal iştirak etməklə dönməz islahatlar prosesində öncül rol oynamışdır. Milli mədəniyyətimizin dünyada tanıdılması istiqamətindəki yorulmaz səyləri, vətənpərvərliyi, zəhmətkeşliyi və əzmkarlığı ilə Azərbaycanın uğurlarına dəyərli töhfələr vermiş və xalqın sevimlisinə çevrilmişdir. Onu haqlı olaraq Azərbaycan humanizminin simvolu adlandırırlar. Şəhid ailələrinə, qazilərə xüsusi diqqət, valideyn himayəsindən məhrum olmuş uşaqlara ana qayğısı bunun bariz nümunəsidir. Onun Vətən Müharibəsi illərində ordumuza verdiyi mənəvi dəstək, milli həmrəyliyə çağırışları hər zaman minnətdarlıqla xatırlanır. 

Mehriban xanım Əliyevanın 2017-ci il fevralın 21-də Birinci vitse-prezident vəzifəsinə təyin olunması onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi sahəsində geniş və fədakar fəaliyyətinin, eləcə də parlaq təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi idi. Mehriban Xanım Əliyeva bu vəzifəyə təyin olunduğu zaman belə demişdi: “Mənim üzərimə düşən məsuliyyət, əlbəttə ki, böyükdür. Mən Prezidentin etimadını doğrultmalı, ən əsası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam və buna nail olmağa çalışacağam”. Mehriban xanım Əliyeva bu sözlərə sadiq qalaraq dövlətə layiqincə xidmət edir və üzərinə düşən vəzifənin öhdəsindən uğurla gəlir. O, həm Prezidentin, həm də ona inanan xalqın etimadını doğruldur. Gündəlik fəaliyyətində mərhəmət, qarşılıqlı hörmət və xeyirxahlıq prinsiplərini rəhbər tutur, milli-mənəvi dəyərləri daim müdafiə edir.

Milyonların sevgisini qazanan Mehriban xanım qalib Ali Baş Komandan İlham Əliyevin ən yaxın silahdaşı kimi bu gün onunla çiyin-çiyinə Qarabağın, Şərqi Zəngəzurun dirçəliş prosesinə rəhbərlik edir. Onun Vətənə, xalqa göstərdiyi digər mühüm xidmət ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsi istiqamətində davamlı səyləri və çoxsaylı layihələridir. O, Azərbaycanın tarixi, mədəni irsini qoruyan və dövlətinin inkişafında əhəmiyyətli rol oynayan bir lider kimi fəaliyyət göstərir, beynəlxalq arenada mədəniyyətimizin tanınması və möhkəmləndirilməsi üçün fədakarlıqla çalışır. 

Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizi ləyaqətlə qorumağı bacaran, ölkəmizi həm də beynəlxalq miqyasda uğurla təmsil edən, dünyada nüfuz və hörmətə malik olan ictimai-siyasi xadimdir. 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva həm Heydər Əliyev Fondunun prezidenti, həm də millət vəkili kimi Azərbaycan xalqının və dövlətinin maraqları əsasında uğurlu fəaliyyət göstərir. Onun fəaliyyəti müstəqil Azərbaycanın inkişafına, tərəqqisinə müstəsna töhfələr verir. 

Hörmətli və dəyərli Mehriban xanım, sizə sağlamlıq, xoşbəxtlik və uğurlar diləyirəm! Sizin Vətənə və xalqa göstərdiyiniz fədakarlıqla dolu xidmətlərinizə hörmət və minnətdarlığımız sonsuzdur! Sizi doğum gününüz münasibəti ilə təbrik edir və uğurlarınızın davamını arzulayırıq!

26 avqust 2024-cü il





[email protected]