XEYİRXAHLIQ VƏ ÜMİD MÜCƏSSƏMƏSİ
Azərbaycan cəmiyyətində qadınların həmişə öz yeri olub. Azərbaycanlılar üçün qadın hər şeydən öncə ana, həyat yoldaşı və bacıdır. Azərbaycan qadınlarının Vətəni kişilərlə birgə çiyin-çiyinə qorumasının da saysız-hesabsız nümunələri var. Bununla yanaşı, tariximizdə qadınların dövlət işlərində, siyasətdə və diplomatiyada da böyük nümunələr yaratdığı məlumdur. Müstəqillik dönəmində qadınlar cəmiyyətin bütün sahələrində fəal çalışırlar. Mehriban xanım Əliyeva isə fəaliyyəti ilə sözün həqiqi mənasında bütün dünya qadınları üçün örnəkdir.
Azərbaycanın Birinci xanımı ilk növbədə milli maraqların keşiyində duran xadimdir. Məhz Mehriban xanımın birbaşa təşəbbüsü ilə ənənəvi milli musiqinin, ədəbiyyat və poeziyanın inkişafı ilə bağlı olduqca mühüm proqramlar həyata keçirilir. Azərbaycan muğam sənətinin dünyada tanınması istiqamətində də böyük işlər görülüb. Mehriban xanım Bakıda analoqu olmayan Muğam Mərkəzi inşa etdirib. Muğamın dünyada tanıdılması üçün böyük layihələr həyata keçirib. Dünyanın müxtəlif ölkələrindən dəvət olunan tanınmış musiqiçilərin iştirakı ilə təşkil edilən musiqi festivalları və gecələri, ümumiyyətlə, mədəniyyətin sosial əhəmiyyətinin yüksəldilməsində əhəmiyyətli yer tutan tədbirlərdəndir.
Mehriban xanım Əliyevanın həyat fəaliyyətini təhlil edərkən bir məqam xüsusi vurğulanmalıdır: Mehriban xanım təbiətən böyük humanist şəxsiyyətdir! Heç də təsadüfi deyildir ki, Mehriban xanım 4 dəfə – 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya təşəbbüsü ilə çıxış edib. Bu, Mehriban xanımın insan hüquq və azadlıqlarına necə həssaslıqla yanaşdığının təsdiqidir. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülən bu təşəbbüs geniş ictimai dəstək qazanıb. Çünki amnistiya aktı qanunverici tərəfindən ifadə olunan humanizm və mərhəmət hissinin mücəssəməsidir.
Ölkənin birinci xanımı ən böyük mərhəmət ünvanlarından biri kimi qəbul olunur. Onun humanizmi nəticəsində valideyn himayəsindən məhrum qalmış minlərlə körpə ən müasir binalarda, ən yüksək səviyyədə yaşamaq, təhsil almaq şansı qazanıb. Onlar gənclik həyatına qədəm qoyanda yenə də məhz Mehriban xanımın sayəsində evlə və işlə təmin olunurlar.
Sağlamlıq imkanları məhdud minlərlə insanın həyata yenidən inteqrasiyası, on minlərlə məhbusun azadlığa qovuşması da Mehriban Əliyevanın təşəbbüslərinin real nəticələridir. Bir mühüm məqam da odur ki, ondan artıq xarici ölkədə təbii fəlakətə, həmçinin səfalətə, digər problemlərə məruz qalan insanlar üçün Mehriban xanımın xeyriyyəçiliyi ilə məktəb, xəstəxana, sosial infrastruktur layihələri həyata keçirilib.
Mehriban xanımın hələ millət vəkili kimi fəaliyyət göstərərkən xalqa və dövlətə ləyaqətlə xidmət edərək milli maraqları daim üstün tutub, sosial məsələlərin həllinə xüsusi diqqət göstərib, mühüm təşəbbüslərlə çıxış edib. Məhz buna görə də seçicilər Mehriban xanım Əliyevanın millət vəkili kimi fəaliyyətini rəğbətlə qarşılayaraq yüksək qiymətləndiriblər. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr uğurla həyata keçirilib. Mehriban xanım Əliyeva, eyni zamanda, Milli Məclisdə Amnistiya aktlarının qəbul olunması təşəbbüsü ilə çıxış edib və bunun sayəsində minlərlə məhkum azadlığa qovuşub, yenidən cəmiyyətə inteqrasiya olunub.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar layihələri sərhəd tanımır, xeyriyyəçilik tədbirləri bir çox ölkələri, qitələri əhatə edir. Heydər Əliyev Fondunun bir sıra xarici ölkələrdə reallaşdırdığı layihələr dünyada tolerantlığın və multikultural dəyərlərin təbliği baxımından müstəsna əhəmiyyətə malikdir. Fond “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Pakistanda, Gürcüstanda, Misirdə, Rusiyada bir neçə məktəbin yenidən qurulmasına, Vatikanda Müqəddəs Roma katakombalarının və Strasburq Kafedral kilsəsinin bərpasına dəstək nümayiş etdirib. Bu həm də sivilizasiyalararası dialoqun təşviq olunması baxımından böyük önəm kəsb edir. Digər tərəfdən, Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar da xeyriyyəçilik tədbirləri sırasında yer alır. Eyni zamanda, Versal sarayının bir hissəsinin, Luvr muzeyi qalereyasından birinin bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması və digər layihələr də Heydər Əliyev Fondunun xeyriyyəçilik işlərini əks etdirən nümunələrdəndir.
Birinci vitse-prezident kimi, Mehriban xanım siyasi idarəetməyə daha çox bağlı olan şəxsə çevrilib. Şübhəsiz ki, bu günə qədər Mehriban xanımın topladığı təcrübə, həyata keçirdiyi böyük layihələr onun artıq idarəetmədə də çox yüksək hazırlıqlı olduğunu göstərir. Bu bağlılıqda çox əhəmiyyətli bir məqamı da qeyd etməliyik. Məsələ ondan ibarətdir ki, Mehriban xanım Əliyeva Azərbaycanın "ağıllı güc"ünü təmsil edən şəxsiyyətlərdəndir. İndi dünyanın yüksək inkişaf etmiş dövlətləri üçün "ağıllı güc" faktoru aparıcı rol oynayır. Mehriban xanım da bütün fəaliyyəti boyu elm, mədəniyyət, incəsənət, humanizm, xeyriyyəçilik, şəfqətlilik kimi sahələrdə çox aktivlik göstərib. Azərbaycanın Birinci xanımı həm elmi dərəcəyə malikdir, həm də öz fəaliyyətində rasionallığı başlıca prinsiplərdən biri kimi tətbiq edir.
Mehriban xanımın şəxsiyyəti Azərbaycanda qadınların idarəetmədə geniş təmsil olunmalarının ən yüksək göstəricilərindən biridir. Bütün dünya görür ki, ölkənin uğurla idarə edilməsində yüksək intellekt və ədalət nümunəsi olan azərbaycanlı qadın son dərəcə fəal iştirak edir. Bu sahədə Azərbaycanın Birinci xanımı bir nümunə kimi qəbul edilməlidir.
Tağıyeva Şəhla Nurəddin qızı
Z.T.Yusifov adına 194 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi, "Zəfər" media mükafatı laureatı
[email protected]