Vətənə sədaqət, milli dəyərlərə hörmət nümunəsi

Humanizm, xeyirxahlıq və nəcib əməllər bəşər durduqca yaşayır, bu ali mənəvi keyfiyyətlərin sahibləri, şərəfli missiyanın daşıyıcıları isə öz varlıqları ilə xalqına daim başucalığı, şan-şöhrət gətirir, onun sevimlisinə çevrilirlər. Nəsildən-nəslə keçən xeyirxahlıqları, nəciblikləri hər an insanlara kömək etmək, onlara yardımçı olmaq kimi ülvi hissləri ilə doğulduqları torpağın, sahibi olduqları Vətənin şərəfini yüksəklərə ucaldırlar. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibi olmuş ölkəmizin birinci xanımı Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan belə görkəmli şəxsiyyətlərdəndir.
Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən, humanizm və nəciblik missiyasını şərəflə yerinə yetirən Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub həyatımızın bütün sahələrinə dərindən nüfuz edir. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, 2005-ci ildən 2017-ci ilə qədər Milli Məclisin deputatı, Cənubi Qafqazın ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının sədr müavini,  həmçinin Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, “Azərbaycan – İrs” jurnalının baş redaktorudur.
Fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurların qazanılmasına, qlobal layihələrin gerçəkləşməsinə, Azərbaycanın mədəni irsinin bütün dünyada tanınmasına və təbliğinə nail olub. Bu qədər gərgin işlə məşğul olmasına baxmayaraq, fəaliyyətinin əsas hissəsini xalqımızın gələcəyi olan uşaqlara yönəldib. Yardıma və qayğıya ehtiyacı olan hər bir kəsə, xüsusən də əlil və xəstə uşaqlara xüsusi diqqət yetirir, onların problemlərinin həllinə kömək edir.
Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır.  Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir.
Mehriban xanım Əliyevanın ölkəmiz üçün gördüyü işlər göz qabağındadır. Xüsusən, onun xeyriyyəçilik işləri, ehtiyacı olanlara hədsiz qayğısı cəmiyyətdə minnətdarlıqla qarşılanır. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir.

Zülfiyyə Aslan qızı Quliyeva
Lənkaran RMX-sı ASM-in Baş tibb bacısı (uşaq poliklinikası),
"Qalib Lider" medalı media mükafatı laureatı



23.08.2024



[email protected]