Mehriban Əliyeva - insanlara qayğının möhtəşəm mücəssəməsi

Əliyeva Şəbnəm Fərman qızı
Lənkəran şəhər Azad Babayev adına

8 saylı tam orta məktəbin ibtidai sinif müəllimi









Ìstənilən dövlət və cəmiyyətdə hər hansı istiqamətin inkişafı üçün yaradılmış şəraitin səmərəliliyi, bu sahədə yüzillər boyu davam edən təkamül proseslərinin nəticəsi o istiqamət üzrə ən böyük yüksəliş faktlarının müəllifi olmuş şəxsiyyətlərin həyat və fəaliyyətindən asılıdır.
Bu mənada, Azərbaycanda qadın fəallığı ənənələrinin təşəkkül və inkişafına doğru min illərin o üzündən gələn çətin və şərəfli yol Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın nəcib əməlləri və dünyanın Onun fəaliyyətinə verdiyi layiqli qiymətlə öz zirvəsində qərarlaşır.
Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri, Yeni Azərbaycan Partiyası Sədrinin müavini...
Bunlar, sadəcə, bir insanın öz fədakar fəaliyyəti ilə qazandığı yüksək vəzifələr, fəxri titullar deyil, həm də bəşəriyyətin rifahına yönəlmiş xeyirxah əməlləri, gərgin zəhməti bahasına bütün bunları öz halal haqqına çevirmiş Mehriban xanım Əliyevanın timsalında, Azərbaycan qadınının yüksək potensialının yenidən kəşfidir. Azərbaycan qadınının layiq olduğu ucalıqlara yüksəlməsidir, qloballaşan dünyada Azərbaycan qadını üçün yeni imkanların açılmasıdır. Eyni zamanda, qadınla bağlı tarixən mövcud olan, qadın fəallığını müəyyən qədər məhdudlaşdıran stereotipləri ortadan götürən, Azərbaycan qadınının dəyişən zamana uyğunlaşmasını təmin edən böyük mənəvi dəstəkdir.
“Bu gün qadınlarımız təkcə ailə dəyərlərinin qoruyucusu deyil, onlar həm də ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Müasir qadınlarımız sosial baxımdan fəaldırlar və onların ictimai proseslərə təsirləri getdikcə artır. İctimai həyatın elə bir sahəsi yoxdur ki, orada qadınlar özlərinin ən yaxşı keyfiyyətlərini göstərməsinlər. Bizdə siyasətlə məşğul olan, dövlət qulluğunda, ümumiyyətlə, hər bir sahədə fəaliyyət göstərən qadınlar çoxdur. Onlar arasında bacarıqlı təşkilatçılara, müxtəlif səviyyəli rəhbər vəzifələrdə uğurla çalışanlara daha tez-tez rast gəlirik” deyən Mehriban xanım Əliyevanın fikrincə, cəmiyyətimizdə, tarixən elə şərait yaranmışdır ki, ictimai rəy qadını birinci sırada olan bərabərhüquqlu işgüzar tərəfdaş kimi qəbul etməyə hələ də tam hazır deyil. Əsrlər boyu kök salmış təfəkkür stereotipləri hələ çox güclüdür. “Mənə elə gəlir ki, rəhbər vəzifələr tutmaqda, elə başqa sahələrdə də kişilərlə qadınlar arasında rəqabət barədə danışmaq o qədər də düzgün olmazdı. Sağlam rəqabət şəraitində rəhbər mövqelər tutmaqda həlledici amil kişi və ya qadın olmaq deyil, peşəkarlıq, öz işinə sədaqət, lider keyfiyyətləri və nəciblikdir. istər təyinatla, istərsə də seçkili qaydada tutulan bu və ya digər vəzifələrə namizədlərdən söhbət gedəndə, məhz bu xüsusiyyətləri nəzərə alınmalıdır”.
Mehriban xanım Əliyevanın fikrincə, bu meyarlar sırasında bizim qadınlar yalnız lider keyfiyyətlərinə görə kişilərdən geri qalırlar. Rəhbər vəzifələrdə qadınların kişilərlə müqayisədə xeyli az təmsil olunmasının əsas səbəbi budur. Ona görə də, qadınların daha uğurla irəliləməsinə, onların rəhbər vəzifələr tutmasına gənc qadınlarda lider keyfiyyətləri və vərdişlərinin, özünəinam hissinin məqsədyönlü şəkildə tərbiyə olunması kömək edə bilər: “Əgər buna nail ola bilsək, hesab edirəm ki, qadınların rəhbər vəzifələrdə daha geniş şəkildə təmsil olunmasını çox gözləmək lazım gəlməyəcəkdir”.
Mehriban xanım Əliyeva ölkəmizdə qadınlara qarşı ailədaxili və məişət zorakılığı hallarına rast gəlinməsinə təəssüflənir və qızların erkən yaşda zorla ərə verilməsi hallarını da qadınların çoxunun taleyini şikəst edən zorakılığın ən ağır nəticələrə gətirib çıxaran bir forması hesab edir. “Belə hallara qarşı mübarizədə qanunun gücündən tam istifadə etmək lazımdır. Lakin gender zorakılığının və erkən nikahların çox ağır nəticələrini insanlara izah edən ciddi maarifçilik işinin aparılması da zəruridir. Bu məsələdə kütləvi informasiya vasitələrinin də imkanları böyükdür”.
Bütün bunlar Azərbaycan qadınını layiq olduğu mövqedə görmək istəyən, qadın adına dəyər gətirən şəxsiyyətin dünyanın əksər məkanlarında qadınların üzləşmiş olduqları bəlli problemlərə münasibətidir. Bu problemdən çıxış yolları isə onun həyat və fəaliyyət formulunda öz ifadəsini tapmışdır: əgər güclü olmaq, həyatda yüksəlmək istəyirsənsə, başqalarına səadət gətirmək üçün çalışacaqsan.
Bunun ən parlaq örnəyini də Mehriban xanım Əliyeva özünün həyat və fəaliyyəti ilə yaradır. Mehriban xanım Əliyeva zəmanəmizin qəhrəmanlarındandır, insanlara etinasızlıq, laqeydlik Onun xarakterinə yaddır, əməlləri ilə ən yaxşıların ilk sırasındadır.
Daşıdığı statusa görə, o, siyasət adamı sayılsa da, siyasətdə iştirakı xeyli fərqlidir, Onun üçün ən böyük siyasət insanların rahat, firavan yaşayışı, əmin-amanlığıdır. Onun üçün insan amili hər şeydən öndədir. O, insanlara böyük sayğı ilə, hörmətlə yanaşır. Onun əməllərinin mayasında böyük ürək, işıqlı təfəkkür və zəngin intellekt dayanır.
Mehriban Əliyeva fəaliyyəti ilə insanların ağıl, düşüncə, ürək və göz yaddaşında heç vaxt pozulmayacaq bənzərsiz bir lövhə yaradıb. Bu lövhə ən mahir rəssam tərəfindən min bir sevgi ilə kətana köçürülən, dünyanın məşhur sərgi salonlarını bəzəyən, tamaşaçıların qəlbini riqqətə gətirən ən möhtəşəm tablodan, portretdən də qiymətlidir. Çünki bu portreti zaman özü çəkir.
Mehriban xanım Əliyevanın taleyində çox yerdə birinci və aparıcı olmaq qisməti var. O özü də bu qismətin fərqindədir. Bu şansın məsuliyyətini dərk etdiyindəndir ki, indi əsl Azərbaycan qadınının simvoluna çevrilib, bütün dünyaya Azərbaycan qadınının son dərəcə gözəl nümunəsini sərgiləyir. Fəaliyyəti ilə sübut edir ki, bu gün Azərbaycan qadını güclü olmalıdır. Güclü olmaqdan ötrü isə, hər kəsdən daha bilikli, daha adil, daha ağıllı, daha intellektli olmaq lazımdır. Qəlbimiz hər kəsinkindən daha çox insan sevgisi ilə dolu olmalıdır. Bax, o zaman bütün çətinlikləri aradan qaldırmaq mümkünləşər.
Mehriban xanım taleyinə, qismətinə düşən dövrün nəbzini tutaraq ağlı, müdrikliyi, ən əsası, bunu gözəlləşdirən əməlləri ilə onun fövqünə ucalmağı bacarıb. O, sadəliyi və xeyirxahlığı ilə, qısa zamanda, bütün Azərbaycan xalqının və bəşəriyyətin tərəqqipərvər kəsiminin böyük sevgisini qazanıb. Dünya bu zərif, incə xanımın insan sevgisi ilə dolu ürəyinə heyrandır, Onun təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən qlobal layihələr böyük rəğbət qazanmışdır. O, indi dünyada zəif və zərif cinsin ən güclü, ən qüdrətli simalarından biri kimi tanınır və qəbul olunur. O, indi dünyanın ən gənc və sevilən, hörmətlə yanaşılan birinci xanımlarındandır.
Azərbaycanda milli dövlətçilik tariximizdə, ilk dəfə olaraq, Birinci Xanım institutunu formalaşdıran Mehriban Əliyeva az zaman ərzində Azərbaycan qadınının kimliyini bütün dünyaya göstərdi.
Alimlər insanın bioloji varlıqdan şəxsiyyətə çevrilməsində, onun inkişafında, fitri istedadının püxtələşməsində genetik amillərin rolunu çoxdan təsdiqləyiblər. Mehriban xanım Əliyevanın həyatında da bu amillərin rolu danılmazdır. O, ziyalı ailəsində doğulub. Valideynləri Azərbaycan elmində və ədəbiyyatında ağır çəkiyə malik insanlardır. Babaları da ədəbiyyatımızda, söz sənətimizdə izi olan, sözü, səsi eşidilən, qəbul edilən, yüksək vətəndaşlıq nümunəsi ilə seçilən ziyalılar olub.
O, həm də Azərbaycan tarixində yeri əbədiləşən müdrik bir dövlət başçısının, ailəsinin üzvü olub və tale Onu həm də Azərbaycanın Birinci Xanımı edib.
Amma xalqın sevimli övladı olmaq, millətin sevgisini qazanmaq taleyin, qismətin işi deyil - bu məhəbbəti qazanmaq lazımdır. Tək-tək adama nəsib olan bu sevgini O öz əməlləri, ağlı, iradəsi, qabiliyyət və bacarığı ilə əldə edib.
O öz millətinə, xalqına olduqca saf, insanlara sadə, səmimi, təmənnasız münasibətilə buna nail olub. Bu gözəl münasibət Onun ən qiymətli sərvətidir.
Heç şübhəsiz, insan müəyyən zaman və məkanla, yaşadığı ətraf mühitlə sıx bağlıdır. Platon deyib: “Heç kim təsadüfən yaxşı insan olmur”. Mehriban xanım Əliyevanın fəaliyyətində də sələflərinin izi var. O, genetik kodu, qan yaddaşı ilə Ona ötürülən əməllərə sadiqdir.
Ata-baba yolunu onların adına layiq, hələ ondan da artıq davam etdirmək, təbii ki, hər övladın, hər xələfin işi deyil. Babası Mir Cəlal Paşayevin ədəbiyyatımızın inciləri sırasında özünə yer alan, hər birimizin təkrar-təkrar oxuduğu, dəyişən zamanlarda belə milli-mənəvi dəyərlərə söykənən təsir gücünü, əhəmiyyətini itirməyən təkcə bir əsərini - “Bir gəncin manifesti”ni yada salaq. Əsl ziyalılıq etalonu olan bu yazıçının, bu söz adamının, bu alimin həmin əsəri gənclər üçün tərbiyə məktəbi idi və indi də bu rolu oynamaqdadır. “Bir gəncin manifesti”ndən hələ də öyrənəcəklərimiz çoxdur. Bir fakt da danılmazdır ki, belə bir əsər yalnız öz millətinə, xalqına, onun mənəviyyatına, mental dəyərlərinə sadiq olan bir insanın qələmindən çıxa bilərdi. Ana babası Nəsir İmanquliyevin jurnalist məktəbini keçən hər bir jurnalist yaxşı bilir ki, Nəsir müəllim bu sahəyə iliyinə qədər bələd olan peşəkar olmuşdur. Onun nəzəri-təcrübi məktəbində dərs alıb, ondan nəsə öyrənməmək qeyri-mümkün idi. Aida İmanquliyeva və Arif Paşayev - bu iki alimin, iki ziyalının da Azərbaycan elmi, Azərbaycan təhsili qarşısında sanballı xidmətləri heç kimə sirr deyil. Mehriban Əliyeva onların ailə tərbiyəsini görüb, onların nəsihətlərini, tövsiyələrini eşidib. Sonra da Azərbaycan xalqının böyük övladı, müdrik siyasətçi Ulu Öndər Heydər Əliyevin və bənzərsiz alim, gözəl insan, akademik Zərifə Əliyevanın gəlini kimi onların məsləhətlərini dinləyib. Hər iki ailədə gördüklərini, öyrəndiklərini yaddaşına yazıb. Azərbaycana, azərbaycançılığa bitib-tükənməyən sevgisi də bu yaddaşdan qaynaqlanır.
Mehriban xanım Azərbaycan xalqının elçisidir, xalq yalnız sevdiyi insanlara bu müqəddəs kəlməni etibar edir, onu “elçi” adlandırır, onu özünə vəkil seçir.
Tarix boyu Azərbaycanı dünyada, beynəlxalq aləmdə Mehriban Əliyeva kimi təbliğ edən və şərəfləndirən ikinci qadın olmayıb. Bu müdriklik və xoşbəxtlik Mehriban Əliyevanın nəsibidir. Yalnız siyasəti mərhəmətlə, şəfqətlə çulğalaşdıran, XXI əsrin xoş məramlar elçisinə çevrilən, bütün dünyada bu məramın carçısı kimi tanınan, qəbul edilən və sevilən Mehriban xanım Əliyeva bu işin öhdəsindən böyük məharət və ustalıqla gəlib.
Şəfqət dolu “qızıl ürəyi”, ölkənin səhiyyə, mədəniyyət, təhsil sistemlərində gördüyü işlər Mehriban Əliyevanı Azərbaycan xalqının ürəyinə yazıb. Bu ürəkdə Onun yeri əbədidir.
Mehriban Əliyeva əsl Azərbaycan xanımının simvoludur. Onun fəaliyyətinin kökündə mənsub olduğu xalqa və millətə sevgi dayanır. Mehriban Əliyeva bütün hərəkətləri, bütün qərarları ilə millidir. Vətəninə xidmət edir, onun tərəqqisini arzulayır, sabahının qayğısına qalır, mədəniyyətinin və təhsilinin inkişafına çalışır.
Bütün bunlar Mehriban xanım Əliyevanın zaman adlı rəssamın öz fırçası ilə yaratdığı portretinin yalnız müəyyən cizgiləridir. Həyat gələcəyə doğru irəlilədikcə, bu portretə yeni cizgilər, çalarlar əlavə olunur, Onun sevgi, mərhəmət, xeyirxahlığın rəsmi kimi qəlblərdə özünə əbədi yer tutan obrazı daha da mükəmməlləşir.



[email protected]