26 avqust – Laçın şəhəri günüdür
Əliyeva Şəbnəm Fərman qızı
Lənkəran şəhər Azad Babayev adına
8 saylı tam orta məktəbin ibtidai sinif müəllimi
2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur.
32 ildən sonra dədə-baba yurdlarına qovuşan laçınlı keçmiş məcburi köçkünlərin sözü, söhbəti doğma yurdun işğaldan azad edilməsi qayıdışla bağlıdır. Həmsöhbət olduğumuz insanlar deyir ki, 30 ilə yaxın doğma torpaq nisgili ilə qovrulduq, ruhumuz o yerlərdə dolaşdı, elə bir gün olmadı ki, evimizi, ocağımızı xatırlamayaq. Çox şükür ki, nəhayət, nisgilimizə son qoyuldu. Azərbaycan öz tarixi torpaqlarını işğalçılardan azad edərək ərazi bütövlüyünü təmin etdi. Fəxrlə demək lazımdır ki, qazanılan böyük qələbələr Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin milli maraqlara söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, sərkərdəlik məharətinin, rəşadətli əsgər və zabitlərimizin hünərinin, xalqımızın birliyinin məntiqi nəticəsidir. İşğaldan azad olunan Laçın rayonunda bərpa və yenidənqurma işləri sürətlə aparılır, mühüm infrastruktur layihələr həyata keçirilir. Laçının hər açılan səhəri insanların əzmini, inamını, zəhmətini, doğma yurdu gözəlləşdirmək arzusunu ifadə edir. Mübaliğəsiz demək olar ki, Laçın qaynar quruculuq meydanını xatırladır, bu qədim yurd yerimiz gələcəyə qürurla addımlayır, özü də qurub yaradan sakinləri ilə birlikdə. Onların ürək sözlərinin əvvəli də, axırı da minnətdarlıqla bitir.
Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.
Prezident cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunacaq. Sərəncama əsasən, “26 avqust – Laçın şəhəri günü” elan edilib.
Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin praqmatik və rasional siyasəti nəticəsində bu gün artıq Laçın azaddır və bərpa edilir, yenidən qurulur, inkişafının yeni mərhələsini yaşayır. Bu gün Laçın şəhərinin mərkəzində dövlət bayrağımız dalğalanır və əbədi dalğalanacaq!
Yaşasın Laçın! Yaşasın Azərbaycan!
[email protected]