Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi

Əliyeva Təranə Talıb qızı
Lənkəran şəhər 9 saylı Körpələr evi-

uşaq bagçasında musiqi rəhbəri

Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri bizim nəzarətimizə keçdi. Laçın strateji əhəmiyyətə malikdir. Laçın Şəhəri Günü bayram tədbirində çıxışı zamanı bu məsələyə toxunan Prezident İlham Əliyevin dediyi kimi: “Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki beləliklə, Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi”. Uzun və nəticəsiz qalan danışıqlar zamanı “5+2” formatını irəli sürən, Qarabağdakı azsaylı erməni üçün israrla status tələb edən Ermənistan və havadarlarının planları darmadağın oldu. İndi Qarabağ, Şərqi Zəngəzurun kənd və şəhərlərində, o cümlədən Laçında Azərbaycan bayrağı dalğalanır. Laçın şəhərində, Sus və Zabuxda, eləcə də digər kənd və şəhərlərimizdə həyat yenidən canlanır. Ermənistan-Azərbaycan şərti dövlət sərhədində “Laçın” postumuz fəaliyyət göstərir. Artıq Azərbaycan işğaldan azad edilmiş şəhərlərdə bayramlar keçirir. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın Şəhəri Günüdür.
Vətən müharibəsi bitəndən sonra qısa bir zamanda işğaldan azad edilmiş ərazilərimiz sürətlə dirçəlməyə başladı. Qarabağda, Şərqi Zəngəzurda həyat yenidən canlanır, quruculuq işləri aparılır. Bu əraziləri ziyarət edən hər bir şəxs istər öz vətəndaşlarımız, istərsə də xarici diplomat, siyasətçi, jurnalist erməni vandalizmini, eyni zamanda, azərbaycanlıların quruculuğunu əyani şəkildə görür. Heyrətlənməmək olmur, gözlərimizin önündə çox sürətlə, kəndlər, şəhərlər yenidən yaradılır.
Azərbaycan Prezidentinin, Ali Baş Komandan İlham Əliyevin siyasətinin, diplomatik məharətinin unikallığı da bundadır. O, regionun ən güclü Ordusunu, Cənubi Qafqazın ən güclü iqtisadiyyatını, ərazi bütövlüyümüzün qorunması və suveren hüquqlarımızın bərpa edilməsi üçün mühakiməsiz hüquqi bazanı yaratdı və bununla da Ermənistanın tarixi müttəfiqləri tərəfindən müharibənin gedişinə müdaxilədən, təzyiqdən Azərbaycanı qoruyaraq hərbi və diplomatik Qələbəyə nail ola bildi. Heç kim bizi yolumuzdan döndərə, iradəmizə təsir edə bilməz.
Azərbaycan bu tarixi Zəfərlə yeni reallıqlar yaratdı və ölkəmizin dünyada nüfuzu və əhəmiyyəti dəfələrlə artdı. Ata vəsiyyətini həyata keçirən, azərbaycanlıların başını ucaldan Prezident İlham Əliyevin və ölkəmizin həqiqətlərini, tarixini, mədəniyyətini dünyada təbliğ edən respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tarixi missiyası hələ davam edir. Onlar müasir tariximizin yeni səhifəsini açır, işğaldan azad edilmiş əraziləri yenidən canlandırırlar. Laçında müəssisələrin təməli qoyulur, açılışlar edilir, ora həyat qayıdır. İşğal edilmiş bütün ərazilər kimi, Laçın da Azərbaycan Prezidentinin və birinci xanımın heyrətamiz zəhməti, Vətənə böyük məhəbbəti sayəsində yenidən qurulur. Bunu bütün dünyada, Ermənistanda da görürlər. Bir çox erməni jurnalistləri, blogerləri, siyasətçiləri, sadə insanlar əsrin dörddə birində işğal altında olan, indi isə xalqımızın qəhrəmanlığı və zəhməti, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Vətənimizin hər qarış məhəbbəti sayəsində gündən-günə çiçəklənən Qarabağın, Şərqi Zəngəzurun necə sürətlə canlandığını, dirçəldiyini görürlər


[email protected]