QAYĞIKEŞ XANIM - BİRİNCİ VİTSE-PREZİDENT

Şərqdə insan anadan olarkən ona xüsusi ad vermək ənənə halı alıb. Bunun bütün insan taleyinə təsir edəcəyinə və ya əvvəlcədən müəyyənləşdirəcəyinə ümid edilir. Bu ənənənin real həyatda özünü nə dərəcədə doğrultduğunu bilməsəm də, məhz Mehriban Əliyeva ilə tanışlıq həmin adətin mahiyyətinə inanmağa vadar edir. Bu məqalə adı müasir tarixə təkcə məqsədyönlü və nümunəvi rəhbər kimi deyil, həm də əsl Şərq gözəlliyini təcəssüm etdirən zərif və məlahətli qadın kimi düşən məhz bu insana, qeyri-adi şəxsiyyətə hörmət və ehtiram əlaməti olaraq həsr edilir.
Elə görünür ki, hərtərəfli və yorulmaz fəaliyyəti təkcə ölkədə deyil, həm də onun hüdudlarından kənarda kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan insan haqqında öz fikrini açıq şəkildə ifadə etməkdən asan iş yoxdur. Onun fəaliyyətinə və nailiyyətlərinə saysız-hesabsız məqalə həsr edilib. Hamı Mehriban Əliyevanın yaşından, milliyyətindən və dini inancından asılı olmayaraq minlərlə insanın ürəyini necə fəth edə bildiyini anlamağa çalışır. Cavab, əlbəttə ki, asandır. Onu ətrafdakıların hamısına humanist münasibətinə, qayğı və köməyə ehtiyacı olanlara yardım etdiyinə, başqasının dərdinə şərik olmaq və lazımi anda yanında olmaq bacarığına görə sevir və hörmət edirlər. Xeyirxahlıq, mərhəmət və şəfqət kimi anlayışlar Mehriban xanım üçün, həqiqətən də, önəmlidir və onun həyat fəlsəfəsinin ayrılmaz hissəsidir.
Mehriban Əliyeva haqqında yazmaq, üstəlik, onun barəsində öz fikrini söyləmək olduqca ciddi və məsuliyyətli vəzifədir. Məsələ burada onun ədalətli və xeyirxah davranışlarının təsviri üçün hər hansı söz çatışmazlığında deyil, oxucunun onun haqqında təsəvvürünü formalaşdırmaq şansı əldə edə biləcəyi incə detalı, məğzi unutmaq əndişəsidir. Lakin peşəkar fəaliyyəti uzun illərdir Mehriban Əliyevanın adı ilə ayrılmaz şəkildə bağlı olan bir insan kimi, onun işə və ətrafdakılara münasibəti haqqında təəssüratlarımı bölüşmək qərarına gəldim.
O, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun xoşməramlı səfiri və İSESCO-nun ilk qadın xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. O, ailə ocağının qoruyucusu, qayğıkeş övlad, həyat yoldaşı, ana və nənədir. Mehriban Əliyeva həyatında bir çox şeylərə nail ola bilib: üç uşaq böyütmək və öz həyat yoldaşına etibarlı dayaq olmaqla, dəstəyə ehtiyacı olanlara kömək göstərərək ölkənin ictimai həyatının ayrılmaz hissəsinə çevrilmək.
Hər birimizə aydındır ki, Mehriban Əliyeva ölkənin birinci xanımı olmaqla yalnız bir sahəyə diqqət ayıra və ya bir çox ölkənin birinci xanımları kimi kənardan müşahidəçi mövqeyi tuta bilərdi. Lakin bu, onun prinsiplərinə cavab vermir.
Tam məsuliyyətlə deyə bilərəm ki, heç bir sahə onun diqqətindən kənarda qalmayıb. Onun rəhbərliyi altında həyata keçirilən layihələrin istiqamətləri təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və s. sahələri əhatə edir. Onun bütün fəaliyyəti vətəndaşların müsbət qiymətini alaraq, həqiqətən də, müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilib. Üstəlik, birinci xanım statusu onun sosial məsuliyyətini daha da artırır və öz müsahibələrinin birində etiraf etdiyi kimi, insanların rifahı naminə humanitar proqramların səmərəliliyinin gücləndirilməsinə yönəldilmiş bütün mümkün imkanlardan istifadə etməyə məcbur edir.
Mehriban xanımın öz xalqının maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin həyatında rolu barədə aydın təsəvvür yaradır. O, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsi oldu. Hazırda Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür. O, təbiətin, cəmiyyətin və öz mənəvi tələbatlarının əvvəlcədən müəyyənləşdirdiyi bütün sahələrdə özünü reallaşdıra bilən həmahəng, məqsədyönlü və güclü qadınlar üçün etalon oldu. Bundan başqa, onlar Mehriban xanımın simasında təkcə lider və ya ictimai xadim deyil, həm də köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır olan etibarlı dayaq, doğma insan görürlər.
Mehriban Əliyeva ailəsini çox sevir və ailə ənənələrinə böyük hörmət bəsləyir. O, hesab edir ki, əgər evdə qarşılıqlı anlayış, qarşılıqlı dəstək və hörmət varsa, qalan şeylər özü düzələcək. Hazırda İlham Əliyev və Mehriban xanımın birliyi bir çoxları üçün nümunədir. Onların nümunəsi sayəsində milli ailə ənənələri dirçəlir, qarşılıqlı anlayış artır, uşaqlara, uşaqların valideynlərə münasibəti dəyişir.
Protokol baxımından qüsursuz davranış, sakit baxış, təmkinli intonasiya özünə daha az diqqət yönəltməyə xidmət edir. Düzdür, bu, həmişə alınmır. Birinci xanımın nöqsansız xarici görünüşü və tərzi xeyli müddətdir təqlid predmetinə çevrilib. Mehriban Əliyeva zəngin mənəvi və intellektual potensiala malik çox maraqlı insandır. O, bütün təşəbbüslərdə müsbət nəticə qazanmaq üçün qibtə doğuracaq qabiliyyətə malik mahir praqmatikdir. O, həqiqətən də, tükənməz enerjiyə malikdir. Deyərdim ki, məhz onun inamı, nikbinliyi, müsbət enerjisi rəhbərlik etdiyi Heydər Əliyev Fondunun hər bir əməkdaşına reallaşdırılan layihələrin uğurla yekunlaşmasına daha böyük əminlik verir. Bu insan incə yanaşması və nadir müdrikliyi sayəsində şübhə və bədbinliyi kənara atmaqla istənilən vəziyyətdən çıxış yolu tapa bilər.
Mehriban Əliyevanın fəaliyyətində hər şeyin öz vaxtı var və tələskənlik bu və ya digər layihənin nəticəsinə zərər vura bilər. İkincisi - onun mahiyyəti layihə həyata keçirildikdən sonra anlaşılan ilk baxışdan az əhəmiyyətli görünə biləcək detallara diqqətli yanaşması və dəqiq təhlili. Məhz buna görə də Heydər Əliyev Fondunun uğurları təkcə həmrəy kollektivin yorulmaz işinin nəticəsi deyil, həm də bütün təfərrüatları dəqiq başa düşən, komandanın hər bir üzvü ilə sıx təmasda olmaqla tədbirlərin hazırlanmasında və reallaşdırılmasında iştirak edən tələbkar və məqsədyönlü rəhbərin səyləridir.
Xalq onu sevir və ona inanır, ona görə ki, Mehriban Əliyevanın sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik və mesenantlıq ənənələri canlanıb. 


Turə Qasımova
Abşeron rayonu Ə.Qadaşov adına 
Perekeşkül tam orta məktəbin direktoru, 
"İlin direktoru” media mükafatı laureatı


[email protected]