Bütün əhəmiyyətli faktorlar Mehriban Əliyevanın xarizmasında mövcuddur
Novruzova Nazəni Aslan qızı
ADPU-nun kimya üzrə fəlsəfə doktoru, dosent,
"ADPU-100”, "Dəmir yumruq”, "Heydər Əliyev-99”, "Şuşa -270",
"H.Əliyev-100" media mükafatları laureatı, redaksiya heyətinin fəxri üzvü
Bu gün müasirimiz olan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva da məhz Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rola malikdir. Azərbaycanda baş verən nəhəng sıçrayışlarda, ölkənin simasının gündən-günə dəyişməsində, dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer qazanmasında Mehriban xanım Əliyevanın danılmaz fəaliyyəti, genişmiqyaslı layihələri öz uğurlu nəticəsini verib. Onun həyata keçirdiyi layihələr yerli əhəmiyyətli sosial problemlərin həllinə, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək məqsədi daşıyır. İnsanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi istiqamətində önəmlidir. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, uşaq müəssisələrinin infrastrukturlarını, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək istiqamətində böyük mahiyyət daşıyan addımlar Mehriban xanım Əliyevanın humanizm prinsiplərinə söykənir.
Öz varlığı ilə məmləkətinə şərəf gətirən Azərbaycanın birinci xanımının fəaliyyəti Azərbaycan haqqında olan təsəvvürlərin ciddi şəkildə dəyişilməsi ilə nəticələnib. Azərbaycan haqqında olan təsəvvür, insan haqqında olan təsəvvür Onun layihələri əsasında tamam fərqli bir şəkildə meydana çıxdı. Bütün dünyaya müstəqil dövlətdə yaşayan qadın obrazının lazımi şəkildə təqdiminə nail oldu. Öz peşəkarlığı, dünya arenasında baş verən hadisələrə yanaşması ilə humanist insan obrazını canlandırdı. Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinin tərkib hissəsinə daxil olmasında atdığı addımlar çox əhəmiyyətli hadisədir. YUNESKO-nun, İSESKO-nun, eləcə də digər beynəlxalq nüfuzlu mədəniyyət təşkilatlarının elə bir tədbiri yoxdur ki, orada Azərbaycanın milli-mənəvi dəyərlərindən, mədəniyyətindən, qədim folklorundan söz açılmasın. O, tarixi həqiqətləri, tarixi faktları, dünyanın nüfuzlu təşkilatlarının iştirakı olan tədbirlərdə qonaqlara çatdıraraq, maraqlı faktlar əsasındakı çıxışları ilə ölkə həyatında baş verən hadisələrin təbliğinə nail olub. Eyni zamanda Onun humanizminin nəticəsi olaraq Azərbaycan əhalisinin sağlamlığı, xoşbəxtliyi geniş bir sferanı əhatə edib. Belə ki, ahıllara, qocalara, uşaqlara qayğı ilə yanaşmaq məsuliyyəti çox dəyərli Mehriban xanımın fəaliyyətində özünü təsdiqləyib.
Xarici səfərlər zamanı onun Azərbaycan haqqında nə qədər yüksək fikir formalaşdırdığının dəfələrlə şahidi olmuşuq. Mehriban Əliyeva ilə görüşmüş dünyaca ünlü siyasət, ictimaiyyət, mədəniyyət xadimlərindən onun haqqında daim müsbət fikirlər eşidirik. Demək olar ki, hamısı da fikirlərini belə bitirirlər: Azərbaycanın bəxti gətirib. Bu, inkar olunmayacaq bir həqiqətdir.
Ümumiyyətlə, Mehriban Əliyevanın keçdiyi həyat yoluna nəzər saldıqda qısa zaman ərzində gördüyü böyük işlər insanı valeh edir. Bu sadəcə SEÇİLMİŞLƏRƏ verilən bir istedad, ağıl və güc sayəsində mümkündür. Bütün bu əhəmiyyətli faktorlar isə Mehriban Əliyevanın xarizmasında mövcuddur. Bu ali mövcudluq Azərbaycanın adının daha da uca tutulmasında müstəsna rol oynayır.
07.08.2024
[email protected]