Nəcib əməllər və yüksək humanizm nümunəsi

Muxtarova Rəna Niftalı qızı
KTM (Semaşko) həkim-nevroloq


Bugünkü Azərbaycan qadını haqda danışarkən ilk növbədə Şərqə məxsus milli mənəvi və əxlaqi dəyərlərlə Qərbin mütərəqqi yeniliklərinin uğurlu vəhdətini özündə birləşdirən müasir qadın obrazı təsəvvürə və göz önünə gəlir. Artıq kütlə şüurunda özünə min illərlə kök salmış, qadınların hüquqlarından daha çox vəzifələri barədə düşüncələrə yol açan yanaşmaları özündə ehtiva edən stereotiplər sürətlə aradan qalxmaqdadır. Müstəqilliyimizin bərpasının bizə qazandırdığı əsas nailiyyətlərdən biri qadınlarımızın ictimai fəallığının və siyasi çəkisinin artması, dövlət və cəmiyyət həyatına daha geniş nüfuz etməsi, hüquqi baxımdan daha güclü mövqelər əldə etməsidir.
Tarixin yerini və taleyini müəyyən etdiyi ən görkəmli şəxsiyyətlərdən biri, klassik örnəklərimizin layiqli davamçısı, müasir Azərbaycan qadınlarının ən parlaq nümayəndəsi Mehriban xanım Əliyevadır.
Bu gün onun haqqında hər kəs, bir də hər kəsdən daha çox gördüyü işlər, həyata keçirdiyi çoxsaylı layihələr danışır. Xeyirxahlığı, humanistliyi ilə yanaşı, zərifliyi və tükənməz gücündən... Vətənpərvər və milli olduğu qədər bəşəri və insansevər olmasından... Ehtiyacı olanlara diqqət və qayğısı ilə yanaşı, təhsilə, sağlamlığa, ətraf mühitin qorunmasına verdiyi önəm barədə...
Onun bir qadın olaraq ailə dəyərlərini yüksək tutması, öz həyat yoldaşına bütün hallarda dayaq olmaqla yanaşı, taleyin və zamanın üzərinə qoyduğu statusu nəinki ləyaqətlə daşıması, eləcə də ona yeni məna və məzmun gətirməsi bütün dünya ölkələri birinci xanımları üçün əvəzsiz örnəkdir.
Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, müstəqil Azərbaycan dövlətinin yaradıcısı, onun ideya əsaslarının proqram sənədlərində və gündəlik fəaliyyətində əksini tapdığı Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır.
O, YAP-ın sədr müavini, Heydər Əliyev Fondunun prezidenti və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi "özü tərəfindən dərk edilmiş” və rəsmən üzərinə qoyulmuş xalqın və dövlətin taleyinə cavabdehlik "məsuliyyətini” ləyaqətlə daşımaqdadır.
Bütün bunların rəsmi təsdiqi isə özünü Azərbaycanın, aparıcı dünya ölkələrinin və mötəbər beynəlxalq təşkilatların çoxsaylı titullarına, yüksək mükafatlarına, orden və medallarına layiq olmasında göstərir.
Azərbaycan qadını bir şəxsin timsalında bu qədər çoxşaxəli, konkret nəticələri ilə nəzərə çarpan və elə bununla da dünyanın diqqətini öz ölkəsinə yönəltməyə yalnız Mehriban Əliyevanın sayəsində nail ola bilmişdir. Özü də bu, yalnız Azərbaycanın deyil, dünya qadınlarının məhz onun timsalında qazandığı nailiyyətdir.
Mehriban xanım dünyada hamıya və hər kəsə sübut elədi ki, ən çətin və problemli sahələrdə uğur qazanmaq insanların rəğbətindən və sevgisindən elə onların mənafeyi üçün istifadə etməyi öz fəaliyyətinin əsas məzmununa çevirməkdən, humanizm, mərhəmət və mənəviyyata söykənən mövqe sərgiləməkdən keçir. Özü də o halda ki, qazanılan bu uğurlar yenə də insana, insanlığa xidmət eləsin.


[email protected]