Ordumuz milli mənliyimiz və qürurumuzdur!
Səmədova Könül İbrahim qızı
ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan
dili" kafedrasının müdiri, filologiya elmləri doktoru,
dosent, "Qabaqcıl təhsil işçisi" döş nişanı, "Azərbaycan Qadını” media medalı mükafatları laureatı
26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. 106 illik tarixə malik olan Milli Ordumuz tarixin sınaqlarından keçərək bu günümüzə gəlib çıxmışdır. Milli Ordumuzun tarixi özü qədər şərəfli və qürurvericidir, ölkəmizin müstəqilliyinin tarixidir.
Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətində ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atılmışdı. Erməni təcavüzünün gücləndiyi 1917-1918-ci illərdə Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdə təcili olaraq ordu quruculuğuna başlamaq tələb olunurdu. Bununla əlaqədar olaraq 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılmış, avqustun 1-də isə Hərbi Nazirlik təsis edilmişdir. Lakin Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdır.
Azərbaycanda hərbi kadr hazırlığına keçmiş SSRİ rəhbərliyi həmişə qısqanc münasibət bəsləyib. Yalnız Ümummil Lider Heydər Əliyev 1969-cu ildə respublikamıza rəhbərlik etməyə başladıqdan sonra ölkəmizdə ordu quruculuğu, milli zabit kadrlarının hazırlığı məsələlərinə xüsusi diqqət verilməyə başladı. Heydər Əliyevin böyük səyləri nəticəsində 1971- ci ildə Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin- görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey fəaliyyətə başladı. O dövrdə Azərbaycan hər il, təxminən, 60 min gənci ordu sıralarına göndərirdi. Lakin onların böyük əksəriyyəti inşaat batalyonlarına düşürdü. Hərbi hissələrdə azərbaycanlı zabitləri barmaqla saymaq olardı. Odur ki, Bakıda belə bir hərbi məktəbin açılmasının böyük əhəmiyyət var idi. Bu məktəbin fəaliyyətə başlaması Azərbaycanda hərb sənətinə marağın güclənməsinə,azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Ulu Öndərin səyləri nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.
1993-cü ilin iyun ayında ildə Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Həmin dövrdə artıq erməni silahlı qüvvələri Dağlıq Qarabağ ətrafındakı torpaqlarımızı tədricən işğal edirdilər. AXC-Müsavat hakimiyyətində baş verən fikir ayrılıqları, çəkişmələr, silahlı qarşıdurmalar Milli Ordumuzdan yan keçməmiş, zabit və əsgərlər müxtəlif siyasi qruplaşmaların təsiri altına düşdüklərindən bir çox problemlər yaranmışdı.
Təcrübəli siyasətçi və dövlət xadimi Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, əsgərlər arasında ciddi nizam-intizam yaradılması, xalqımızın böyük oğlunun cəbhə bölgələrində, səngərlərdə əsgərlərlə görüşməsi, zabitlərimizlə sıx təmasda olması ordumuzu xeyli ruhlandırdı. Ümummilli liderin qətiyyəti sayəsində vahid komandanlığa tabe olan nizami ordu yaradıldı. Qeyri-qanuni silahlı dəstələr ləğv edildi. Orduda peşəkarlığı artırmaq, ixtisaslı hərbçilər yetişdirmək siyasəti həyata keçirildi.
Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
2003-cü ildə ümummilli lider Heydər Əliyev siyasətinin ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətə gəlməsi ilə milli ordu quruculuğu sahəsində yeni keyfiyyət dəyişiklikləri mərhələsi başlandı, xalqımızın qüdrətli ordu yaradılması ilə bağlı istək və arzuları reallaşdı. Ordunun döyüş qabiliyyəti daha da yüksəldi, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirildi, hərbçilərin sosial vəziyyətləri yaxşılaşdırıldı.
Möhtərəm Prezidentimizin Milli Ordunun formalaşmasına, güclənməsinə göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan ordusu regionun qüdrətli silahlı qüvvəsidir. Prezident İlham Əliyev Ordu quruculuğu ilə əlaqədar öz çıxışlarının birində dediyi kimi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.” Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması həm də belə gərəkli və vaxtında aparılan islahatların nəticəsidir.
Müzəffər ordumuzun gücünə Vətən müharibəsində şahid olduq. Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti və ordumuzun şücayəti sayəsində 44 günlük müharibədə 30 il işğal altında qalan əzəli torpaqlarımız erməni işğalçılarından azad oldu, düşmən məğlub edildi, tarixi Zəfər qələbəsi qazanıldı. 2-ci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun istifadə etdiyi döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.
Ordumuzun qüdrətinin artmasında xalqımız tərəfindən göstərilən böyük dəstəyin də xüsusi rolu var. Xalqımız hər zaman ordumuzun yanındadır və “dəmir yumruq” xalq-ordu birliyinin rəmzidir.
Ordumuz milli mənliyimiz və qürurumuzdur!
24.06.2024
[email protected]