Qalib Ordumuz: Şərəfli missiyanı uğurla daşıyır


Babayeva Gülnarə Vəli qızı
ADPU-nun "Analitik və üzvi  kimya”  kafedrasının dosenti,
"Heydər Əliyev-100” media mükafatı laureatı

Hər bir dövlətin müstəqilliyini və mühafizəsini təmin edən başlıca amillərdən biri də Ordudur. Müstəqil dövlətin Ordusu onun mövcudluğunun vacib şərtidir. Bu baxımdan da Azərbaycan dövləti var olduğu gündən Milli Ordunun yaranması təmin edilib. Sözsüz ki, 1918-ci ilin 28 Mayında öz müstəqilliyini elan edən Azərbaycan Xalq Cumhuriyyəti cəmi bir ay sonra Milli Ordunun yaranmasına nail oldu. Amma çox təəsüf ki, Azərbaycan Xalq Cumhuriyyətinin 1920-ci ilin 28 aprel tarixində istilası ilə ölkəmizdə formalaşmaqda olan ordu quruculuğu prosesi də yarımçıq qaldı. 70 ilə yaxın Azərbaycan sovetlərin tərkibində olmasına baxmayaraq xalqın ordu, silahlı qüvvələr, əsgər anlayışı yaddan çıxmadı. Məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri ilə xalqımızın ordu quruculuğu anlayışına yeni bir nəfəs verildi. Bu mənada ölkəmizdə Silahlı Qüvvələrin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanıb: “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi. Onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasında mühüm rol oynayıb
Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi təmin edildi: Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı. Eyni zamanda Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılması ilə ölkəmizdə mindən çox hərbi təyinatlı məhsul istehsal edilməyə başlanıldı. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib. Bütün bunların nəticəsi olaraq rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirdiyi əməliyyatla göstərdi: “Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra – 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Nəhayət Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atıldı.

22.06.2024


[email protected]