Böyük qayıdışdan Milli Qurtuluşa
Qasımova Ləzifə Nağı qızı
BDU-nun "Pedaqogika” kafedrasının
müdiri, pedaqogika elmləri doktoru, professor
Düz 31 il bundan öncə, tarixin bu günü xalqımızın Ümummilli Lideri Heydər Əliyev hakimiyyətə Qayıdışı ilə müstəqilliyimizi qoruyub saxladı və inkişaf etdirilməsinə nail oldu. Artıq biz bu tarixi Qurtuluş Gününü ərazi bütövlüyünü bərpa etmiş, qalib dövlət kimi qeyd edirik. 15 iyun - Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: «Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi».
Bəli, Milli Məclisin həmin tarixi qərarında deyildiyi kimi, Heydər Əliyev Azərbaycanı, Azərbaycan xalqını məhv olmaqdan qurtarmaq üçün “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” dedi. Bu çətin, ağır bir mərhələ Azərbaycanın bir dövlət kimi, azərbaycanlıların isə bir xalq kimi gələcək mövcudluğu məsələsinin həlli mərhələsi idi. 1991-ci ildən başlayaraq 1993-cü ilin iyun ayına qədər ölkədə hakimiyyətsizlik, başıpozuqluq, hərc-mərclik mövcud idi. Azərbaycanın müxtəlif bölgələrində xarici dövlətlərin marağı ilə təkan verilən separatçılıq əhvali-ruhiyyəsi güclənir, hakimiyyət iddiasında olan qruplaşmalar arasında silahlı toqquşmalar baş verir, Azərbaycan xalqı torpaqlarımız uğrunda Ermənistan silahlı birləşmələri ilə özünümüdafiə səviyyəsində döyüşürdü. Hər addımda ölkədə qanun pozuntusu və cinayət törədilməsi adi hal alır, iqtisadiyyat dağılır və talan edilir, elm, təhsil və mədəniyyət tamamilə diqqətdən kənarda qalırdı. Bir sözlə, Azərbaycan dağılmağa, bölünməyə və parçalanmağa aparan bir yolda olduqca sürətlə irəliləyirdi. 1993-cü ilin iyun ayında başlanan Gəncə hadisələri ölkəmizin vətəndaş qarşıdurması ərəfəsində olmasının aydın işarəsi idi. Məhz belə bir tarixi məqamda Azərbaycan xalqı seçimini etdi. Xalqımız özünün böyük oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevi köməyə çağırdı və hakimiyyət sükanını Ona etibar etdi. Yaranmış xaos və özbaşınalıqdan başını itirmiş o vaxtkı iqtidar nümayəndələri də xalqın təkidli tələbləri qarşısında tab gətirməyərək Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışını ondan dəfələrlə xahiş etdilər. Həyatının bütün işgüzar dövrünü Azərbaycan yolunda sərf etmiş böyük siyasi xadim Heydər Əliyev xalqın səsinə səs verdi, 1993-cü il iyun ayının 9-da Bakıya gəldi.
Qədirbilən xalqımız elə həmin gündən öz liderinin ətrafında sıx birləşmək qərarını verdi və müdrik şəxsiyyət 6 gün sonra, daha doğrusu, 15 iyun tarixində Azərbaycan Respublkası Ali Sovetinin Sədri seçildi. Tarixi QAYIDIŞ artıq MİLLİ QURTULUŞLA aydın sabah və parlaq gələcək naminə daha da möhtəşəmlik qazandı. Böyük Heydər Əliyev həmin ilin 24 iyun tarixindən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlamışdır. Artıq bütün dünya Azərbaycan dövlətinin rəhbərliyində Heydər Əliyev işığını, idarəçiliyini və Onun xalqla birliyindən doğan gücünü görür və hesablaşmağa məcbur olurdular. Xalqımız böyük Heydər Əliyevin müstəqil və demokratik Azərbaycan dövlətinin başçısı olaraq fəaliyyətini dəstəkləyir və bir an öncə prezident seçkilərinin keçirilməsini istəyirdilər. Buna görə də 1993-cü il oktyabr ayının 3-də keçirilən seçkilərdə ulu öndərimiz xalqımız tərəfindən Azərbaycan Respublikasının Pezidenti seçildi və bu gündən etibarən işıqlı günlərin, aydın sabahın və parlaq gələcəyin siyasi, hüquqi, iqtisadi və sosial əsasları qoyulmuş oldu. Böyük Heydər Əliyevin müdrik rəhbərliyi ilə prezident seçkilərindən cəmi yeddi ay sonra, yəni 1994-cü ilin 12 may tarixindən etibarən torpaqlarımızda başa alıb gedən müharibə atəşkəslə əvəz olundu. Bu isə sonrakı dövrlər üzrə etibarlı islahatların və sosial-iqtisadi inkişafın təmin olunması üçün əlverişli mühitin başlanğıcına çevrildi. Sonrakı proseslərin gedişi göstərir ki, böyük Heydər Əliyevin uzaqgörən rəhbərliyi nəticəsində milli iqtisadiyyat üzrə quruculuq prosesləri bir-biri ilə zəncirvari əlaqədə və asılılıqda olmaqla inkişaf etdi və bir-birini tamamlamaqla reallaşdı. Atəşkəsin əldə olunmasından keçən 4 ay ərzində bütün dünya ölkələri artıq Azərbaycanda sülhün, əminamanlığın və bunun əsasında da etibarlı tərəfdaşlıq mühitinin mövcudluğuna itməz və bitməz inamı və ən başlıcası, bütün bunların dayaq nöqtəsi olaraq böyük Heydər Əliyevin müdrik siyasətinin parlaqlığını gördülər. Müasir müstəqilliyin cəmi üçüncü ilində - 20 sentyabr 1994-cü il tarixində Azərbaycan Respublikası tarixi “Əsrin Müqaviləsi”ni imzalamaqla ABŞ, Rusiya, Türkiyə, Yaponiya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və Norveç kimi ölkələrlə beynəlxalq tərəfdaş oldu. Bu tarixi hadisə özünün qlobal mahiyyəti ilə haqlı olaraq tarixə Heydər Əliyevin neft strategiyası olaraq yazıldı.
14.06.2024
[email protected]