Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir


Kəmalə Osman qızı İskəndərova
ADPU-nun Kimya və bioilogiya fakültəsinin
Həmkarlar İttifaqı Təşkilatının sədri,
kimya üzrə fəlsəfə doktoru, dosent 


XX əsrin sonlarında SSRİ-nin süqutundan sonra Azərbaycanın müstəqilliyini bərpa etməsi tarixi fürsət oldu. Lakin həmin vaxt respublikamıza dövlət idarəçiliyində səriştəsi olmayan insanların rəhbərliyi xalqın qanı bahasına əldə edilmiş müstəqilliyi addım-addım uçuruma yaxınlaşdırırdı. Ölkəyə rəhbərlik edənlərin birincilik davası nəticəsində Azərbaycan qısa vaxtdan sonra müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Vəziyyət getdikcə ağırlaşırdı və 1993-cü ilin iyununda hakimiyyət böhranı kulminasiya həddinə çatdı. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı hədəfə aldı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Bu lider dövlət idarəçiliyində zəngin təcrübəyə malik, xalqı arxasınca aparmağa qadir olan Ulu Öndər Heydər Əliyev idi. Həmin vaxt hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Ovaxtkı iqtidar da siyasi böhranın getdikcə dərinləşdiyini hiss edib Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət etdi.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Həmin gün keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Ulu Öndər qətiyyətlə bildirmişdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”. Həmin vaxtdan başlanan köklü islahatlar, qeyri-qanuni silahlı birləşmələrin ləğvi, ölkədə hüquqi, sivil dövlətçiliyin formalaşdırılması yolunda aparılan qətiyyətli mübarizə, müstəqil Azərbaycanın beynəlxalq aləmə sürətli inteqrasiyası müstəqilliyimizin möhkəmləndirilməsini təmin edən qanunların qəbul edilməsi respublikamızın əlaqələrini getdikcə genişləndirirdi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.
Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və heç zaman da unutmayacaq. Çünki bu əmin-amanlığın, sabitliyin, firavan günlərin və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının əsası məhz Milli Qurtuluş Günü qoyulub. Ona görər də 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edirik.

14.06.2024


[email protected]