Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür
Səmədova Könül İbrahim qızı
ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan
dili" kafedrasının müdiri, filologiya elmləri doktoru,
dosent, "Qabaqcıl təhsil işçisi" döş nişanı, "Azərbaycan Qadını” media medalı mükafatları laureatı
Otuz bir il əvvəl Ulu Öndər Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə qayıdışı ilə respublikamızın həyatında yeni inkişaf dövrünün əsası qoyuldu. Həmin gün Azərbaycan xalqının taleyində böyük əhəmiyyət kəsb edir. Çünki məhz həmin günlərdə respublikamızın gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyuldu. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Tarixə qızıl hərflərlə yazılmış iyunun 15-i xalqımızın, Vətənin, millətin əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında və əbədiyyətə çevrilməsində xidmətləri olan, ürəyi daim xalqı ilə döyünən Heydər Əliyevdir. Bu gün Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada dayanması, dünya birliyində qalib ölkə kimi tanınmasının əsası Milli Qurtuluş Günü qoyulub.
Milli Qurtuluş Günündən başlanan azadlıq, suverenlik, inkişaf, tərəqqi yolu 2020-ci il noyabrın 10- da özünün pik həddinə çatdı. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları üçtərəfli Bəyanat ölkəmizi dünyada Qalib, Ermənistanı isə məğlub dövlət kimi tanıtdı. Bu, həm də işğalçı ölkənin təslimçilik aktı idi. Bu Qələbənin başlanğıcı 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi gün qoyulmuşdu. Bu yol 2023-cü ilin sentyabrın 19-da Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün bərpa edilməsi ilə son nöqtəni qoydu. Həmin gün Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuz Qarabağda bir günlük lokal xarakterli antiterror əməliyyatı aparmaqla separatizmin kökünü birdəfəlik kəsdi. Həmin vaxtdan Azərbaycan dünya birliyində bütöv, suveren dövlət kimi tanınır. Bu tarixi uğurun başlanğıcı məhz Milli Qurtuluş Günü qoyulub. Həmin gün Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə rəhbərliyə başlaması ölkənin tarixinə həm də böyük xilaskar kimi düşüb.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsinin müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verdiyini deyən tanınmış hüquqşünas Azərbaycanın dünyada nüfuzunun artdığından söhbət açıb. Deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dünyanın sayılıb-seçilən dövlətlərindən biridir. Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordularından biridir. Prezident İlham Əliyevin daxili və xarici siyasəti uğurla həyata keçirməsi, bu işdə ona həmişə arxa-dayaq olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ermənistan üzərindəki möhtəşəm Qələbəmizdən sonra Azərbaycanın dünya birliyindəki reytinqi daha da yüksəlib. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma, tikinti-abadlıq işlərinə heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
14.06.2024
[email protected]