Heydər Əliyev: böyük dövlət xadimi, siyasət nəhəngi, tarixi və əfsanəvi şəxsiyyət

Şübhəsiz ki, hər bir millətin hamıdan fərqlənən, seçilən bir övladı, təmənnasız cəfakeşi, bir sözlə, danılmaz, fəxrlə, barmaqla göstərilən, adı hər yerdə, bütün dünya meridianlarında öz vətəninə, yurduna ünvan olan, əməlləri milyonlarla taleləri nurlandıran, çıraq kimi öz içindən alışıb qaranlıq yolları aydınladan bir lideri olur. Bu da bir həqiqətdir ki, bu dahilər, dünyanın hansı bir nöqtəsindən baxırsan bax, əzəmətli dağ zirvələrinə bənzəyirlər.
Məhz, belə fenomen, ecazkar, xariqəladə insanlardan biri - bəlkə də birincilərdən birincisi – şəxsiyyətinin işığına əzəmətli bir millətin toplaşıb, onun hər addımına, ideyasına, can yanğısı ilə dediyi sözlərə, söylədiyi nitqlərə sonsuz bir ümidlə, inamla göz dikdiyi, bizim çox hörmətli, müdrik Prezidentimiz Heydər Əliyev idi!
Heydər Əliyev doğrudan da dünya miqyasında böyüklüyü etiraf edilən və qəbul olunan şəxsiyyət idi. XX əsrin 90-cı illərində - Azərbaycanın beynəlxalq arenaya müstəqil dövlət kimi çıxdığı ilk vaxtlarda ölkəmizi Heydər Əliyevə görə tanıyırdılar. Onun parlaq dühası və iti zəkası sərhəd tanımır, Azərbaycanın hüdudlarını aşırdı. Çoxları bizə qibtə edirdi ki, Heydər Əliyev kimi liderimiz var. Azərbaycan dünya miqyasında layiq olduğu mərtəbəyə məhz Ulu Öndərinin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Xatırlatmaq yerinə düşər ki, o, Sovet İttifaqı kimi nəhəng bir dövlətdə yüksək vəzifədə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdi. Bu gün hər birimiz Heydər Əliyev əzəmətini, böyüklüyünü, müqəddəsliyini bütöv qanımızla, canımızla duymağı, qiymətləndirməyi bacarmalıyıq.
Ulu öndər Heydər Əliyev özünün zəngin həyat yolu və çoxşaxəli fəaliyyəti ilə yalnız adını tarixə yazmayıb. O, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi tarixini, Azərbaycanın müxtəlif sferalarının, o cümlədən səhiyyənin inkişaf tarixini yazıb.
Olduqca ağır, mürəkkəb bir dövrdə islahatlar aparmaq, uğurlara imza atmaq asan deyildi. Yenicə istiqlaliyyət qazanan və hələ iqtisadi cəhətdən möhkəmlənməmiş ölkədəki çətin vəziyyət, üstəlik Ermənistanın etnik təmizləmə siyasəti və ərazilərimizin işğalı ilə bağlı 1 milyon qaçqın və məcburi köçkünün olması səhiyyəni prioritet sahə kimi inkişaf etdirməyə imkan vermirdi. 1993-cü il iyunun 15-də müstəqillik yolu ilə addımlayan xalqının köməyinə gələn Heydər Əliyevin əzmkarlığı, xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün oldu. Ulu Öndər Azərbaycanda hər bir sahənin inkişafı üçün mühüm təşəbbüslə çıxış edirdi, amma heç şübhəsiz ki, onun üçün əsas məsələ – əhalinin sağlamlığının qorunması, tibbi xidmətin yüksək səviyyədə təşkili, Azərbaycan xalqının demoqrafik göstəricilərinin yaxşılaşması idi. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında” və sair qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı.
Xalqımıza böyük məhəbbətlə, sədaqətlə xidmət edən Ulu Öndərin amallarına sadiq olan müasir Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Ölkəmizdə bu gün həyata keçirilən Dövlət Proqramları, genişmiqyaslı tədbirlər xəstəliklərin proqfilaktikasına, əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına göstərdiyi qayğının parlaq təzahürüdür.

NURANA AXUNDOVA
"Medlandiya" klinikasının baş həkimi, 
"Qalib Lider" media mükafatı laureatı



[email protected]