Azərbaycan xalqının milli özünüdərkinin bərpası və müstəqillik mübarizəmizin uğurla sona çatması üçün Ulu öndər böyük xidmətlər göstərdi

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik və balanslaşdırılmış xarici siyasət kursu nəticəsində Azərbaycanın beynəlxalq əlaqələri genişlənməyə başladı. Yəni Azərbaycan uğurlu xarici siyasət həyata keçirərək öz beynəlxalq mövqeyini möhkəmləndirmiş oldu. Ölkəmiz beynəlxalq arenada müstəqil dövlət kimi tanındı, ikitərəfli və çoxtərəfli səmərəli xarici əlaqələr quruldu. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatında dönüş yarandı və genişmiqyaslı işlərə başlandı. Daha sonra Azərbaycan neftinin dünya bazarlarına nəqli istiqamətində müstəsna əhəmiyyət kəsb edən tədbirlər görüldü və mühüm əməkdaşlıq layihələri gerçəkləşdirildi.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edir. Məhz Ümummilli lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atıldı, məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Ulu öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail oldu.
Bütövlükdə, milli maraqlara əsaslanan uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi, Azərbaycan etibarlı tərəfdaş kimi tanınmağa başladı.
Müasir müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Başqa sözlə, bu gün müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Son 15 ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edilib. Təsadüfi deyil ki, ölkəmizin iqtisadi nailiyyətləri beynəlxalq miqyasda da təqdir olunur - yüksək qiymətləndirilir. Nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında yer alan məqamlar ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin müsbət nəticələrini əks etdirir.
Ulu öndər elə böyük dövlət və siyasi xadimlərdən idi ki, dövlətçiliyin siyasi-ideoloji əsaslarını yaratmaqla bərabər, eyni zamanda, onun varisliliyini də təmin etdi. Hər hansı bir dövlətin var olması üçün mütləq ideoloji-siyasi varislik lazımdır. Əgər bu olmasa, dövlət bir nüfuza, liderə, bir fiziki şəxsə bağlı olduqda, o şəxsin fiziki-bioloji mövcudluğu bitdikdən sonra dövlətin də ömrü bitir. Məhz bunu bilən Ulu öndər dövlətçiliyimizin siyasi-ideoloji varisliliyini də təmin etmiş oldu.
Heydər Əliyev üçün biz çoxlu titullar deyə bilərik. Ümummilli lider, Ulu öndər, Azərbaycan Respublikasının siyasi rəhbəri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, müstəqil Azərbaycan Respublikasının Prezidenti və s. Bunlar əlbəttə ki, hamısı bir titul, bir vəzifədir. Amma Heydər Əliyev şəxsiyyəti bütün bunların hamısının fövqündə duran bir nümunədir. Yəni, bu bir həqiqətdir ki, bütün bu vəzifələrdən və titullardan Heydər Əliyev Azərbaycan xalqının milli və dövlətçilik maraqlarının təmin olunması üçün istifadə etdi. O, bir millət mücahidi idi, xalq mücahidi idi, Azərbaycan xalqının böyük mücahidi idi, Azərbaycan xalqını beynəlxalq münasibətlərdə böyük arenaya çıxarmağı qarşısına məqsəd qoymuşdu. Azərbaycan  həqiqətlərini dünyaya çatdırmağı qarşısına məqsəd qoymuşdu. Müstəqil Azərbaycan dövlətinin əbədi olmasını qarşısına məqsəd qoymuş böyük bir mücahid idi. Prezidentlikdən tutmuş digər titul və vəzifələr isə Onun üçün, məhz, bu məqsədləri həyata keçirmək üçün bir mexanizm və vasitə idi. Ona görə də, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq. Xalqımız var olduqca O, da yaşayacaqdır.

Şəfa Ağa qızı Məmmədova
ADPU-nun Analitik və üzvi kimya kafedrasının dosenti,
kimya üzrə fəlsəfə doktoru, Kimya - biologiya fakültəsinin Tədris-Metodik Şuranın katibi 


06.05.2024


[email protected]