YEGANƏ BAXŞƏLİYEVA
Bakı şəhəri, general Məhəmməd Əsədov adına 29 nömrəli tam orta məktəbin
riyaziyyat müəllimi, "Qızıl qələm", "Vətənpərvər xanım", "Azərbaycan bayrağı", "Zəfər",
"Qabaqcıl təhsil işçisi", "İlin nüfuzlu ziyalısı", "İlin müəllimi", "Sadiq Heydərçi" mükafatları laureatı
Dövlət başçımızın indiyədək işğaldan azad edilmiş digər rayon və şəhərlərimizə etdiyi səfərləri kimi, Şuşaya səfəri də Ali Baş Komandanın ürəyində yaşatdığı sonsuz Vətən sevgisinin və xalqa olan bağlılığının daha bir təcəssümüdür.
2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, 2023-cü ilin sentyabrında isə Qarabağda erməni separatizminə son qoyulması dövlətçilik tariximizin ən böyük hadisələridir. Növbədənkənar seçkilər isə torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycanda keçirilən ilk seçkidir. Əvvəlki seçkilərdən də fərqi odur ki, sabahkı seçkilər bütün Azərbaycan ərazilərini əhatə edir.
Cənab İlham Əliyev – xalqımızın alternativsiz lideri, yeganə inam ünvanı, xilaskarı, mümkünsüzü mümkünə çevirən Qəhrəmanı, düşməndən qisasımızı alan qüdrətli sərkərdəsidir. Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr, uğurlu döyüş əməliyyatları, qazanılmış qələbələr ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin tam bərpa olunmasını təmin edib. Bu sözlər Prezident İlham Əliyevin xalqa müraciətindəndir: "...İndiki vəziyyətdə birinci günahkar Ermənistan rəhbərliyidir. Eyni zamanda, bu məsələyə biganə yanaşan və daim Ermənistanın tərəfini saxlayan və bu işğalı əbədi etmək istəyən bəzi ölkələrin dairələridir. Azərbaycan özü bu məsələni həll edir və mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq, kim-kimdir?! Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir”. Azərbaycan Prezidentinin xalqa müraciəti öz təsbitləri, təsdiq və çağırışları bir əsərdir – həqiqət və cəsarət əsəri!
Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi, Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir hissəsini işğaldan azad etdi. 5 şəhər, 4 qəsəbə, 286 kənd, çox sayda strateji yüksəklik erməni işğalçılarından təmizləndi. 28 illik işğaldan sonra Şuşa – Qarabağın tarixi paytaxtı, işğaldan azad edildi.
İkinci Qarabağ müharibəsi Azərbaycan xalqı üçün həqiqətən Vətən müharibəsi idi. Biz öz Vətənimizi müdafiə etdik, torpaqlarımızı işğalçılardan azad etdik. Hər birimiz 44 gün ərzində baş verənləri məhz belə qəbul etdik. Azərbaycanda insanlar döyüşə getmək arzusu ilə hərbi komissarlıqlara üz tuturdular. Azərbaycan əsgərləri və zabitləri misilsiz cəsarət və qəhrəmanlıq nümayiş etdirərək, düşməni dəhşətə gətirirdilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında bildirdi: "Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Öz ordularını müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq. Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyası bizim qələbəmizlə fəxr edir”.
Cənab Prezidentimizi ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkilərindəki inamlı qələbə münasibətilə ürəkdən təbrik etməkdən böyük qürur duyur, növbəti illərdə də həm xalq, həm də dövlət olaraq davamlı uğurlara imza atmağı arzulayırıq.
08.02.2024
[email protected]