Milli dövlətçilik tariximizin inkişaf mərhələləri çoxəsrlik keçmişə dayanır və olduqca keşməkeşlidir. Ancaq bu tarixin elə mərhələləri var ki, onlar özündən əvvəlki ənənələri qorumaq və növbəti mərhələ üçün perspektivlər yaratmaq baxımından olduqca əhəmiyyətlidir və fövqəladə xarakter daşıyır. Əslində, dövlətçilik tariximizi davamlı edən və ardıcıllığını qoruyan bu mühüm həlqələr və onu yaradan böyük dövlət xadimləridir. Müasir dövlətçilik tariximizdə isə bu uğuru təmin edən, sözün əsl mənasında, böyük dövlət xadimi, böyük tarixi şəxsiyyət və böyük strateq İlham Əliyevdir. Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələndə Ona qalan miras bir tərəfdən ictimai-siyasi sabitliyi təmin edilmiş, dövlət strukturları bərpa olunmuş Azərbaycan idisə, digər tərəfdən həm də məğlub edilmiş və torpaqlarının 20 faizi erməni işğalı altında olan, iqtisadiyyatının və ordu quruculuğunun həyata keçirilməsi tələbi olan, bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həll edilməsi zərurəti olan Azərbaycan idi. Bütün bu və digər çoxsaylı məsələlərlə bərabər həm də sürətlə dəyişən və daim rəqabət halında olan dünya nizamında Azərbaycanın yerinin və rolunun, nüfuzunun artırılması zərurəti var idi. Yəni istər daxili siyasətdə, istərsə də xarici siyasətdə elə strateji həmlələr etmək lazım idi ki, onlar nəticə etibarilə, milli inkişafımıza və ərazi bütövlüyümüzün bərpa olunmasına gətirib çıxarsın. Bütün bunların hamısını edə bilmək isə mövcud qlobal və milli çağırışlar kontekstində, ikili standartların mövcud olduğu dünya nizamı, rəngli inqilablar erasında, əslində, bir möcüzə idi. İlham Əliyev bu möcüzəni yarada bildi.
Ən mühüm məqamlardan biri budur ki, parlaq qalibiyyət qazanaraq Dağlıq Qarabağ münaqişəsinin hərbi-siyasi yolla həllinə nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaratdı. Bu kontekstdə bir sıra məqamlara xüsusi olaraq diqqət yetirmək lazımdır. Əvvəla, Azərbaycan hərb və diplomatiya tarixində bütün dünyada heyrətlə qarşılanan yeniliklərə imza atdı. Sovet ittifaqının dağılması prosesində etnik separatçılıqla müşahidə edilən müharibələr tarixində dönüş yaratmaqla yeni nümunə ortaya qoydu. Digər tərəfdən, ölkəmiz böyük bir strateji regionda yeni güc balansı yaratmaqla bu yeni geosiyasi tarazlıqda özünün mühüm yerini və rolunu müəyyən etdi. Bütün bunlar isə o qədər sürətlə baş verdi ki, dünya siyasətini müəyyən edən güc mərkəzlərinin bir çoxu, sadəcə olaraq, hadisələri kənardan izlədilər və ona əsla müdaxilə edə bilmədilər. Halbuki, biz çox radikal və aktiv müdaxilə cəhdlərinin də şahidi olduq.
Beləliklə, Azərbaycan yeni reallıq formalaşdırmaqla özünə mühüm strateji perspektiv təmin edib. Hazırda Azərbaycan regionun lider və qalib ölkəsi kimi Prezident, Müzəffər Ali Baş Komandan və qətiyyətli Lider cənab İlham Əliyevin rəhbərliyi ilə öz yeni gələcəyini inşa edir.
Nəticə etibarilə, yuxarıda sadalanan bütün nailiyyətlərimizin baş tacı Vətən müharibəsində əldə etdiyimiz tarixi hərbi-siyasi qələbəmizdir. Hər nə qədər Azərbaycan Prezidenti İlham Əliyev tarixi qələbəmizin birinci qəhrəmanı kimi Azərbaycan əsgərini göstərsə də, hamımız bilirik ki, milli güc, yalnız milli lider tərəfindən təşkilatlandırılanda və idarə olunanda həqiqi milli gücə çevrilir. Ona görə də Prezident İlham Əliyev sözün əsl mənasında xalqımızın Milli Qəhrəmanı, böyük tarixi şəxsiyyət və böyük dövlət xadimidir.
Əsl Sərkərdəni, Qalib Prezidentimizi ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkilərində inamlı qələbə qazanmağı münasibətilə ürəkdən təbrik edirik. Sizə, bizə və Azərbaycanımıza hər zaman QƏLƏBƏ yaraşır!
Muradova Elnarə Müzəffər qızı
ADPU-nun Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti
08.02.2024
[email protected]