Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. 21 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri İlham Əliyev bu illərdə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb.
Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin "güclü dövlət” konsepsiyasına nəzər salaq. Məhz bu konsepsiyanın əsasını təşkil edən üç mühüm güc - iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu.
Ötən illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir.
İqtisadi güc. Prezident İlham Əliyev illər ərzində qüdrətli iqtisadiyyata malik Azərbaycan yaratdı
Ölkəmizin illər ərzində keçdiyi yola nəzər salsaq, Azərbaycan iqtisadiyyatının davamlı və dinamik inkişaf etdiyini görərik. Prezident İlham Əliyev praqmatik və çevik siyasəti, sistemli və ardıcıl yanaşması, inqilabi səciyyə daşıyan islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirib, zamanın hər bir çağırışına anında cavab verib. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib.
Ulu Öndərin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı üzərində qurulan siyasət nəticəsində ötən illər ərzində misilsiz uğurlara imza atılıb.
Ali Baş Komandan İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçiləndə torpaqlarımızın azad olunacağını, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa ediləcəyini bəyan etmişdi. Tarix təsdiqlədi ki, Azərbaycan Lideri o vaxt vəd vermirdi, əslində, hədəfi göstərirdi və ölkəyə rəhbərlik etdiyi dövrdə bu müqəddəs məqsədə nail olmaq uğrunda durmadan çalışırdı. Dövlətimizin başçısı qüdrətli Ordu yaratdı, iqtisadi müstəqilliyə nail oldu, Azərbaycanı dünya siyasətində qərarverici mövqeyə çıxardı. Eyni zamanda, bütün bunların fonunda işğalçı Ermənistanı siyasi və iqtisadi layihələrdən kənarda saxlamağa nail oldu. Əgər Birinci Qarabağ müharibəsində beynəlxalq şərtlər işğalçının xeyrinə idisə, Prezident İlham Əliyev bu şərtləri Azərbaycanın lehinə dəyişdi. O, buna dərin zəkası, strateji düşüncə qabiliyyəti ilə nail oldu.
Xalqımızın yeni əsrdə yeni lideri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il ötür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan vətəndaşlarına tarixi müraciətində əsasını qoyduğu siyasəti davam etdirə biləcək liderin dəqiq ünvanını göstərmişdi: "... Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Ən əsası, Azərbaycanın ərazi bütövlüyü və suverenliyindən bir addım da geri çəkilməyərək, prinsipial mövqe sərgilədi. Məhz İlham Əliyevin bu qətiyyəti bizə bugünkü Zəfəri yaşadır. Əslində, bu gün bölgədə baş verənləri nə dünya ölkələri, nə də Ermənistan təsəvvür belə etməzdi.
44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. Lakin Qarabağda hələ də erməni separatizmi davam edir, üçüncü qüvvələrə arxalanaraq, "dövlətçilik” oyunları oynayırdılar. Ermənistan da öz silahlı dəstələrini ərazimizdən çıxarmaqdan imtina etdi və separatçı-terrorçuları dəstəklədi. Rəsmi Bakı dəfələrlə xəbərdarlıq etsə də, bu vəziyyət dəyişmirdi. Ermənilər hesab edirdilər ki, hər şey bununla bitib və separatçıların mövcud olduqları ərazilərdə hansısa qondarma "qurum” yarada biləcəklər, Azərbaycan da bunu qəbul etməyə məcbur olacaq. Hərçənd ki, heç biri – nə Ermənistan, nə separatçılar, nə də onları dəstəkləyən ölkələr Prezident İlham Əliyevin qətiyyətini, zəkasını və strateji qabiliyyətini hesablaya bilməmişdi.
Azərbaycan lideri Vətən müharibəsindən sonra mühüm gedişlər etdi. Qarabağda ordumuzun mövqeləri gücləndirildi, strateji yüksəkliklərə nəzarət bərpa olundu və separatçıların ətrafında halqa daraldı. Laçın yoluna nəzarət gücləndirildi. Əvvəlcə vizual nəzarət edilsə də, yekunda Laçın sərhəd-keçid məntəqəsi quruldu və bununla "Laçın dəhlizi” tarixin zibilliyinə atıldı. Bu erməni separatizminin çıxış yolunun bağlanması demək idi. Daha sonra erməni əhalisinin təminatının Azərbaycan ərazisindən – Ağdam-Xankəndi yolundan həyata keçirilməsi irəli sürüldü və erməni separatizmini dəstəkləyən bütün qüvvələr fakt qarşısında qaldı
Beləliklə, tarix Prezident İlham Əliyevin 44 gün+24 saat planına şahidlik etdi. Qüsursuz olan bu plan təkcə Azərbaycanın yox, həm də dünyanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan yerləşdiyimiz coğrafiyanın siyasi şərtlərini dəyişdirdi.
2023-cü il 15 oktyabr tariximizin yeni səhifəsinin başlanğıcıdır. Tarixi ədaləti bərpa edən qalib böyük sərkərdə İlham Əliyev Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə üçrəngli Dövlət Bayrağımızı dalğalandırdı. Azərbaycanı postsovet məkanında ərazi bütövlüyünü və suverenliyini bərpa edən ilk ölkəyə, XXI əsrin qalib dövlətinə çevirdi.
"Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi, torpaqlarımızda erməni separatizmi məhv edildi, azərbaycanlılara qarşı soyqırımı törətmiş cinayətkarlar qandallanaraq, Bakıya gətirildi və ədalət bərpa olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev bunu bacardı, bizə - Azərbaycan xalqına bu Zəfəri yaşatdı. Ən əsası, 200 ildir davam edən məğlubiyyət sindromunu bu qələbə ilə qırdı, tarixi yenidən yaratdı. Ədalət Zəfər çaldı, məhz Prezident İlham Əliyev ədalətin zəfər çalmasını təmin etdi.
Bizə yalnız bir söz demək qalır: Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan!”
Hər bir Azərbaycan vətəndaşı Qalib ölkənin Prezidentini dəstəkləyir, Ali Baş Komandana bundan sonra da vətənimiz və dövlətimizin inkişafı naminə uğurlu yollarda qətiyyətli addımlarla irəliləməyi arzulayırıq.
Qoy, Azərbaycan xalqının həmrəyliyi və müstəqilliyi əbədi olsun, vətənimizdə həmişə sülh və əmin-amanlıq, firavanlıq hökm sürsün. Uca Allah cənab Ali Baş Komandanımızı, Müzəffər Ordumuzu və doğma Azərbaycanımızı qorusun!
Cənab Prezidentimizi növbəti dəfə seçkilərdə qələbə qazanması münasibətilə ürəkdən təbrik edirik! Qalib xalqın düzgün seçimi yalnız İlham Əliyev cənabları ola bilər!
Novruzova Nazəni Aslan qızı
ADPU-nun kimya üzrə fəlsəfə doktoru, dosent,
"ADPU-100”, "Dəmir yumruq”, "Heydər Əliyev-99”, "Şuşa -270",
"H.Əliyev-100" media mükafatları laureatı, redaksiya heyətinin fəxri üzvü
08.02.2024
[email protected]