44 günlük müharibə Zəfərlə başa çatdı. Tariximizi şərəfləndirən, gələcəyimizə işıq salan böyük Qələbəyə imza atıldı. Bu müharibə bir daha Azərbaycanın əyilməz ruhunu göstərdi.
Müzəffər ordumuzun 44 günlük müharibədə gücünü və qəhrəmanlığını görmək hamımıza nəsib oldu. Bunları bizə bəxş edən, qatı düşmənə qarşı amansız döyüşlərdə qəhrəmanlıq göstərən ordumuz və adını tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazan Ali Baş Komandan İlham Əliyevdir.
Düşmənin təxribatı nəticəsində sentyabrın 27-dən etibarən başlayan "Dəmir yumruq” əməliyyatı Azərbaycanın əsl hərbi qüdrətini, yüksək döyüş bacarığını nümayiş etdirərək Ermənistan silahlı qüvvələrini diz çökdürdü.
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşərək əsl qəhrəmanlıq nümunələri göstərdilər. Vətən uğrunda canlarından keçən igidlərimizin qanı yerdə qalmadı. Qəhrəman ordumuz bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımının qurbanlarının qisasını aldı, düşməni darmadağın etdi. Torpaqlarımız 30 illik işğaldan sonra ana vətənə qovuşdu.
Vətən savaşından sonra ən mühüm hadisələrdən biri də Ali Baş Komandanın işğaldan azad olunmuş bölgələrə səfərləri oldu. Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan səfərlərindən sonra möhtərəm Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərləri də olduqca əhəmiyyətli idi.
Biz bütün tibb işçiləri adından cənab Prezidentimizi növbəti inamlı qələbə münasibətilə təbrik edir, bundan sonra da dövlətimiz, ölkəmiz və xalqımız adına qarşıya qoyduğu hər bir məqsədin həyata keçirilməsində sonsuz uğurlar arzulayırıq.
Muxtarova Rəna Niftalı qızı
KTM (Semaşko) həkim-nevroloq
[email protected]