Qalib Azərbaycanın lideri

Qalib Azərbaycanın lideri 
Dadaşova Xanım Yəhya qızı
Azərbaycan Milli Konservatoriyası nəzdində 
İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi
 
Tarix sübut etmişdir ki, hər bir dövlətin qurulması, onun möhkəmləndirilməsi hər şeydən əvvəl bu missiyanı yerinə yetirən liderdən asılıdır. XX əsrin yetişdirdiyi görkəmli tarixi simalardan biri - Ümummilli liderimiz Heydər Əliyev 34 il müddətində Azərbaycan Respublikasına rəhbərlik etmiş, bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi bütün varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət etmişdir. Bu yolda bütün gücünü və iradəsini yalnız müdrik və qədirbilən xalqından almış, ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə xalqına arxalanmışdı.
Həqiqətən də qısa zaman kəsiyində Azərbaycan dövləti çox böyük uğurlara imza atdı. Ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilən, 1 milyona yaxın qaçqın və məcburi köçkünü olan bir vaxtda bu ağır sosial yükü çiynində daşıyaraq onları həm də çadır şəhərciklərindən müasir evlərə köçürmək, həyat şəraitlərini yaxşılaşdırmaq, Azərbaycanın iqtisadi qüdrətini gücləndirmək üçün olduqca düşünülmüş və təkamülə söykənən islahatların daha ciddi şəkildə aparılması, digər tərəfdən işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün beynəlxalq səviyyədə diplomatik müstəvidə mübarizə aparması dövlət başçısının fəaliyyətinin əsas istiqaməti oldu. Nəzərə alsaq ki, beynəlxalq güclər Ermənistanın yanında idi və Azərbaycana qarşı ikili standartlar var idi və fərqli şəkildə işğala məruz qalan torpaqlarımızın erməniləşdirilməsi üçün ən müxtəlif səviyyələrdə ermənilərə yardımlar göstərilirdi. Belə bir çətin dövrdə həm də bunu gündəlikdə saxlamaq, müxtəlif platformalarda, beynəlxalq təşkilatlarda, həm xarici, həm də daxili auditoriyalarda ən qətiyyətli, cəsarətli bəyanatlar vermək, "Azərbaycan heç bir zaman öz ərazisində ikinci bir qondarma dövlətin yaradılmasına imkan verməyəcək” kimi bəyanatlar səsləndirərək bunun arxasında dayanmaq və ordunu ən müasir orduya çevirmək bu illər ərzində onun qarşıya qoyduğu ən ciddi vəzifə idi və bu vəzifələrin davamlı olaraq yerinə yetirilməsi 2020-ci ildə Azərbaycanı qələbəyə qovuşdurdu. Ölkəmiz 30 ilə yaxın bir müddəti əhatə edən erməni işğalına son qoydu, bu zəfər savaşında Prezident İlham Əliyev özünü Ali Baş Komandan kimi də yüksək səviyyədə təsdiq etdi və Azərbaycanı qalib dövlətə, bizi isə qalib xalqa çevirdi. Beləliklə, Azərbaycan 2020-ci ildən sonra öz inkişafının daha fərqli, daha yüksək mərhələsinə qədəm qoydu.
Prezident İlham Əliyev siyasi liderliklə yanaşı, zəfər çalmış Müzəffər sərkərdə obrazını da özündə birləşdirdi. Bu isə onun potensialının hüdudsuzluğunun daha bir göstəricisi idi. Məhz buna görə də o, ən çıxılmaz məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə qətiyyətlə məsuliyyəti öz üzərinə götürür və məqsədinə çatır.
Müasir dünyanın nüfuzlu siyasi liderlərindən biri olan Azərbaycan Prezidenti dəfələrlə milli maraqlar məsələsində güzəştsiz mövqedə olduğunu sübut edib. Bu da onu digər siyasi xadimlərdən fərqləndirən əsas liderlik xüsusiyyətlərindəndir. İlham Əliyevi başqalarından fərqləndirən bir çox üstün keyfiyyətləri var: siyasətdə sistemliliyi qoruyan, səbirlidir, soyuqqanlıdır, təmkinlidir və dəqiqdir. Onun nəyi nə zaman edəcəyini sadəcə özü bilir. Onun atacağı addımı öncədən müəyyənləşdirmək çətindir. Zəfərlə bitən Vətən müharibəsində də o bir daha sübut etdi ki, hər şeyi doğru zamanda doğru edir.
Prezident İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində ümummilli lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda isə hədəfinə çatdı, ata vəsiyyətini həyata keçirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi.
Beləliklə, İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı.
2003-cü il oktyabrın 31-də andiçmə mərasimində İlham Əliyev demişdi: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da  güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır”.
Ötən 18 ildə Prezident İlham Əliyev Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirdi, Azərbaycanı qüdrətli, qalib ölkəyə çevirdi.
Qalib Sərkərdəni hər zaman dəstəkləyir və bundan sonra da qalibiyyətlə uğurlara imza atmağı arzulayırıq. 



[email protected]