Tariximizə qızıl hərflərlə yazılan 20 il

 Tariximizə  qızıl hərflərlə yazılan 20 il
Qəhrəmanova Çinarə Məmməd qızı
Azərbaycan Dövlət İqtisad Universitetinin
Azərbaycan dili kafedrasının dosenti

"İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər” 
Uluöndər Heydər Əliyev, 2003-cü il.
Dayanıqlı və möhkəm dövlət quruculuğunun əsas tələbi milli inkişafın məqsəd və prioritetlərini özündə birləşdirən milli ideyanın olmasıdır. Müasir Azərbaycan dövlətçiliyinin əsas sütunu xalqın "azad və güclü olmaq” arzusunu özündə əks etdirən milli ideyasını güclü dövlətə çevirməyi bacaran Ulu Öndər Heydər Əliyev dühası və siyasəti olmuşdur. Bütün uğurlarımızın əsas mənbəyi bu strategiyanın və yolun uğurla davam etdirilməsi və onun genişləndirilməsi olmuşdur.
Bunu Qalib Komandan belə ifadə etmişdir: "Mən Azərbaycan xalqına söz verirəm ki, Heydər Əliyev siyasətinə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, bu siyasəti davam etdirəcəyəm” - Prezident İlham Əliyev, 2003 cü il.
Heydər Əliyevin uzaqgörən siyasətinin əsas davamçısı olaraq Prezident cənab İlham Əliyevin 20 illik fəaliyyəti Azərbaycana tarixdə heç bir zaman olmayan uğurlar gətirmişdir. Məhz onun rəhbərliyi ilə Azərbaycan xalqı 100 illərdir arzuladığı, bu yolda böyük qurbanlar verərək, öz  hədəfinə nail oldu. İşğal altında olan torpaqlarımız, təhqir olunan mənəvi ocaqlarımız azad edildi. Xalqımızın qaməti dikəldi, layiq olduğu şərəfli həyata qovuşdu. Ali Baş Komandan and içərkən opdüyü Azərbaycan bayrağını bizim üçün dünyanın mənəvi cəhətdən ən uca nöqtəsinə, Şuşaya sancdı. Azərbaycan xalqı 2020-ci il 8 noyabrında sanki yenidən doğuldu. Artıq xalqımız  qalib xaldır, dövlətimiz  ən güclü dövlətdir, onun rəhbəri ən qüdrətli və ən ağıllı rəhbərdir, onun övladları ən böyük qəhramanlardır!
  Strateji, səbrli, uzaqgörən, soyuqqanlı, cəsarətli, humanist, xalqa arxalanan idarəetmə sistemi qurmaqla Cənab İlham Əliyev bu möhtəşəm qələbəyə 2003-cü ildən başlayaraq addım-addım gələrək nail oldu. Bütün resursları "Qarabağ” hədəfinə yönəltməklə sonunda bütün dünyanın belə gözləmədiyi qələbəyə nail oldu, Azərbaycan xalqının düşmənlərinin belini qırdı. Azərbaycan bayrağı artıq bütün Qarabağda qürurla dalğalanır! 
Təhsilin, insan kapitalının inkişaf etdirilməsi, milli kadrların hazırlanması daim dövlət başçısının diqqətində olmuşdur. Məhz onun ideyaları nəticəsində ölkəmizdə son 20 ildə yeni bir gənclik yetişdi - vətənpərvər, qorxmaz, müasir, savadlı, ağıllı. Qalib Lider ölkəmizin gələcək inkişafını məhz insan kapitalın üzərində qurdu və möhtəşəm uğurlar əldə etdi.
 İqtisadiyyatımızın ən qabaqcıl və texnoloji sahələrində çalışan milli kadrlarımız yetişib. Kosmik klubun üzvü olan Azərbaycanın süni peyklərinin idarə olunması belə milli kadrların tərəfindən həyata keçirilir.
20 illik Prezidentlik fəaliyyəti dövründə Cənab İlham Əliyevi ən çox fərqləndirən xüsusiyyət onun sosial dövlət konsepsiyasını inşa etməsi, əldə olunan hər bir uğurun xalqın güzəranın daha da yaxşılaşmasına, onun təhlükəsizliyinin qorunmasına və gələcəyə ümidlərinin daha da artmasına sərf etməsi oldu. Onun düzgün siyasəti nəticəsində ölkəmizdə yoxsulluq və işsizlik səviyyəsi dəfələrlə azaldı, sosial ödənişlərin həcmi dəfələrlə artdı, layiqli həyat şəraitinin səviyyəsinə görə Azərbaycan regionda bir çox ölkələri geridə qoydu.
O, əldə olunan güclü iqtisadi imkanları həm də ölkəmizin müttəfiqlərinin və dostlarının sayının artmasına, düşmənlərimizin neytrallaşdırılmasına, dünyada Azərbaycanın nüfuzunun artmasına sərf etdi. Bunun nəticəsində Azərbaycan həqiqətləri bütün dünyaya yayıldı, biz ədalətli xalq kimi layiq olduğumuz rəğbətə sahib olduq, dünyanın aparıcı təşkilatlarına rəhbərlik etdik və etməkdəyik. 
Dövlətin qorunması üçün "Azərbaycanın çox güclü ordusu olmalıdır. Formalaşmış müasir ordu, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”, - Prezident İlham Əliyev, 2003-cü il. 
Cənab İlham Əliyev iqtisadi imkanları güclü ordu qurmağa sərf etməklə, hər bir Azərbaycan əsgərinə və hər bir azərbaycanlıya qalib olmaq inamı aşıladı. Məhz güclü Ali Baş Komandan, inamlı əsgər və fədakar xalq hesabına biz döyüş meydanında qalib gəldik.
Bu gün Azərbaycan dövləti hərtərəfli güclü dövlətdir. O, özünün ən şərəfli dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərin sürətlə bərpası, insanlarımızın sevinc və qürur hissi ilə öz yurdlarına dönməsi müasir dövrümüzün şərəfli səhifələrindəndir. Təhlükəsizliyimizin gücləndirilməsi, iqtisadiyyatın davamlı inkişafı, vətəndaşlarımızın daha yaxşı yaşaması, müasir texnologiyalardan istifadənin genişləndirilməsi kimi mühüm çağırışlara nail olmaq yolunda Azərbaycan davamlı olaraq irəliləyir və irəliləyəcək. 
Yeni Azərbaycan yeni hədəflərə doğru inamla irəliləyir. Dəyişən və yenidən qurulan dünyada Azərbaycanın özünəməxsus güclü yeri və sözü olacaqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nəticələr ird aha göstərdi ki, müdrik dövlət rəhbəri, xalqın ona olan inamı və sevgisi ilə istənilən hədəfə nail olmaq mümkündür. Mən inanıram ki, biz adı tariximizə qızıl hərflərlə yazılan cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox uğurlara imza atacaq və çox zirvələri fəth edəcəyik! 
Yaşasın Ali Baş Komandan! Yaşasın Qalib LİDER!




[email protected]