Qalib Xalqın önündə dayanan şəxs yalnız Qalib Lider ola bilər!

Qalib Xalqın önündə dayanan şəxs yalnız Qalib Lider ola bilər! 
Babayeva Gülnarə Vəli qızı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının dosenti

Bəli, Azərbaycan xalqının öz seçimi ilə bağlı heç bir tərəddüdü yoxdur və Qərbin heç bir informasiya manipulyasiyası bu əminliyi bizim əlimizdən ala bilməz. Azərbaycan xalqı hər zaman olduğu kimi öz seçimini əminli gələcəyə verəcəkdir. Əminli gələcəyi isə yalnız güclü lider təmin edə bilər.
"Qalib Xalq” ifadəsi ilk növbədə xalqa olan hörmət, sevgi və etibarın təcəssümüdür. Sözügedən ifadə bir daha onu vurğulayır ki, tarixi Qələbəmizin səbəbkarı Azərbaycan xalqıdır. Bu ifadə "xalq” məfhumunun Azərbaycan dövlət və dövlətçilik fəlsəfəsində əsas kateqoriyalardan biri olmasına dəlalət edir.
Bəli, biz Azərbaycan xalqı olaraq öz seçimimizdə əminik. Bu əminliyi müəyyən edən əsas amillər sabitlik, tarixi Qələbə, zəmanətli inkişaf, təhdid və risklərin minimuma endirilməsi, habelə dövlət başçısının bütün dövrlərdə verdiyi sözlərə sadiqliyidir. Odur ki, Prezident İlham Əliyevin alternativsizliyin səbəbi rəqiblərin zəifliyi deyil, təminatlı qələbə, dövlət başçımıza xalqın gündən-günə daha da artmaqda olan etimadı, inamı və sevgisidir. Biz bu obyektiv həqiqətdən çəkinməməliyik, əksinə, bununla fəxr etməliyik.
21 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursunun və dahi şəxsiyyətinin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqlədi. Bu illərdə Prezident cənab İlham Əliyevin qətiyyətli iradəsi, cəsarəti və məqsədyönlü siyasəti Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu illər ərzində ölkəmizin keçdiyi yol xalqımız üçün azadlıqdan, dövlət müstəqilliyindən, sarsılmaz birlikdən dəyərli heç nə olmadığını göstərdi. Güclü ordumuz və Azərbaycan xalqının birliyi, əzmi, həmrəyliyi sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. 
Qoy Azərbaycan xalqının həmrəyliyi və müstəqilliyi əbədi olsun, vətənimizdə həmişə sülh və əmin-amanlıq, firavanlıq hökm sürsün. Uca Allah cənab Ali Baş Komandanımızı, Müzəffər Ordumuzu və doğma Azərbaycanımızı qorusun!
Seçimimiz açıqdır, seçimimiz aydındır: Qalib Xalqın önündə dayanan şəxs yalnız Qalib Lider ola bilər!
 
26.01.2024




[email protected]