Azad olunmuş doğma Qarabağ torpaqlarımızda soydaşlarımız sərbəst və demokratik şəkildə öz Prezidentini seçəcəklər

Azad olunmuş doğma Qarabağ torpaqlarımızda soydaşlarımız sərbəst və demokratik şəkildə öz Prezidentini seçəcəklər 
Novruzova Nazəni Aslan qızı
ADPU-nun kimya üzrə fəlsəfə doktoru, dosent,
"ADPU-100”, "Dəmir yumruq”, "Heydər Əliyev-99”, "Şuşa -270",
"H.Əliyev-100" media mükafatları laureatı, redaksiya heyətinin fəxri üzvü

Yeni əsrdə Azərbaycanın yeni lideri olan İlham Əliyev Prezident seçiləndə 42 yaşı vardı. İyirmi il əvvəl – 2003-cü ildə xalqımız düzgün seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Bu gün ölkəmizə Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş, Azərbaycanın dövlət müstəqilliyinin və dinamik inkişafının qarantı olduğunu əyani şəkildə sübuta yetirmiş İlham Əliyev kimi müdrik, qətiyyətli və mahir siyasətçi rəhbərlik edir. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Prezident İlham Əliyev Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi.
Ulu Öndərin ideyalarının işığında Azərbaycan 20 ildə əsrə bərabər yol keçib. Ölkəmiz inkişaf edərək qüdrətli dövlətə çevrilib. Çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub.
Prezident İlham Əliyev qurucu, birləşdirici və islahatçı dövlət başçısıdır, hadisələrin axarını dəyişməyə qadir, dövlətçilik fəaliyyətində milli maraqları ali məqsəd kimi görən və bütün qüvvəsini bu işə həsr edən, xalqın birmənalı şəkildə dəstəklədiyi və etimad göstərdiyi Liderdir.
XXI əsrin əvvəllərində Azərbaycan zamanın yeni çağırışı ilə üz-üzə qalarkən xalq öz gələcək taleyini Ulu Öndərimizin siyasi varisi İlham Əliyevə etibar etdi və inamında yanılmadı. Ötən illər ərzində idarəçilik sisteminin təkmilləşdirilməsi və islahatların dinamizmi baxımından Azərbaycan qədər öndə gedən ikinci ölkə olmayıb. İlham Əliyev dövlət başçısı seçildiyi ilk gündən deyirdi ki, Ulu Öndərin siyasi kursunu dönmədən davam etdirəcək, hər bir vətəndaşın Prezidenti olacaq. Eyni zamanda, deyirdi ki, biz öz torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağıq, Azərbaycan ərazilərində ikinci Ermənistan dövləti yaradılmasına yol verməyəcəyik. Bu və digər vədlərin hər biri əməli işlərlə tamamlandı, Heydər Əliyevin başladığı işlər öz məntiqi sonluğuna çatdı.
Azad olunmuş doğma Qarabağ torpaqlarımızda soydaşlarımız sərbəst və demokratik şəkildə öz Prezidentini seçəcəklər
Qarşıdan gələn Prezident seçkiləri məhz ona görə bayram əhvalı yaradacaq ki, azad olunmuş doğma Qarabağ torpaqlarımızda, yəni Respublikamızın bütün ərazisində ilk dəfə Azərbaycanın yaratdığı seçki məntəqələrində Azərbaycanın Dövlət Bayraqları dalğalanacaq, soydaşlarımız sərbəst və demokratik şəkildə öz Prezidentini seçəcəklər.

26.01.2024


[email protected]