QALİB XALQIN QALİB LİDERİ!

2024-cü il fevralın 7-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində 
cənab İlham Əliyevin seçki platforması


Hörmətli seçici!

2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında Prezident seçkiləri keçiriləcək.

Yeni Azərbaycan Partiyası növbəti yeddi ilə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyini irəli sürmüş, bu təşəbbüs ölkəmizdə fəaliyyət göstərən çoxsaylı ictimai təşkilatlar tərəfindən dəstəklənmişdir.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. Son 20 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır.

2020-ci il sentyabrın 27-də Ermənistanın davamlı hərbi təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində 30 il ərzində xalqımızın qarşısında duran ən mühüm problem - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpası məsələsi həll edilmişdir.

Hazırda həm ölkəmizdə, həm də regionumuzda yaranmış yeni reallıqlar aydın şəkildə göstərir ki, düşünülmüş, qətiyyətli, prinsipial və milli maraqlara əsaslanan siyasət, bacarıqlı və səmərəli idarəçilik, cəmiyyətin vahid məqsəd və milli ideya ətrafında sıx birliyi və həmrəyliyi sayəsində ən mürəkkəb məsələlərin həllinə nail olmaq mümkündür.

Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoymuşdur. Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, cəmiyyət həyatında şəffaflığın və ictimai iştirakçılığın, həmçinin ölkədə mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və digər məsələlər həyata keçirilən siyasətin prioritet istiqamətləri olacaqdır.

Əldə olunmuş nailiyyətlərə əsaslanaraq uzunmüddətli milli prioritetləri reallaşdırmaq üçün növbəti yeddi ildə qarşıya qoyulmuş hədəfləri əks etdirən seçki platformasını ictimaiyyətin diqqətinə təqdim edirik. İnanırıq ki, yaranmış yeni reallıqlar fonunda bu mürəkkəb missiyanın həyata keçirilməsi üçün siz cənab İlham Əliyevi dəstəkləyəcək, bununla da gələcək tərəqqi və rifahımıza dəyərli töhfənizi verəcəksiniz.

 

Hər bir vətəndaşın rifahının davamlı yaxşılaşdırılması

 

Azərbaycan Respublikasında vətəndaşların rifahının davamlı yaxşılaşdırılması prioritet vəzifə müəyyən edilmiş, həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində bu sahədə mühüm nailiyyətlər əldə olunmuşdur.

2003-2023-cü illərdə dövlətin sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artmış, orta aylıq nominal əməkhaqqı isə 12 dəfə yüksələrək 923,1 manata çatmışdır. Son beş ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunmuş, minimum pensiya məbləği 2,5 dəfə, orta pensiya məbləği 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfəyə yaxın artmışdır.

Ötən dövrdə 2,7 milyondan çox yeni iş yerinin yaradılması sosial siyasətin ən böyük uğurlarındandır. Yüksələn gəlirlər sayəsində banklara qoyulan əmanətlərin həcmi 50 dəfədən çox artaraq 12,9 milyard manatı ötmüşdür.

Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəsi - əlillər, müharibə veteranları, aztəminatlı vətəndaşlar daim diqqət mərkəzində olmuş, şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 14,8 min mənzil və fərdi ev, 7600 avtomobil verilmişdir.

2003-2023-cü illər ərzində qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün ümumilikdə 8,7 milyard manat, o cümlədən dövlət büdcəsindən 5,6 milyard manat vəsait ayrılmışdır.

Özünüməşğulluq proqramının genişləndirilməsi, həssas qrupların kiçik biznesə çıxışının dəstəklənməsi təmin edilmiş, 79 minədək vətəndaş özünüməşğulluq proqramından faydalanmışdır.

2023-cü ildə 2003-cü ilə nisbətən işsiz əhalinin sayı 28,6 faiz, yoxsul əhalinin sayı isə 7 dəfə azalmışdır.

 

2024-2031-ci illərdə əhalinin rifah halının davamlı yaxşılaşdırılması sahəsində qarşıda aşağıdakı hədəflər dayanır:

 

* Hər kəsə çəkdiyi zəhmətin daha layiqli dəyərini alması üçün imkanlar yaradılması;

* Dövlətin təqdim etdiyi imkanlardan bərabər faydalanmaq üçün yeni mexanizmlər və innovativ həllərin tətbiq olunması;

* Dayanıqlı və yüksək gəlirli iş yerlərinin ümumi məşğulluğa töhfəsinin davamlı artırılması;

* Məşğulluqda yüksək bilik və bacarığı olan peşəkarların payının əhəmiyyətli dərəcədə artırılması;

* Hər bir vətəndaşın özəl sektorda biliyinə, bacarığına və marağına uyğun iş seçimi imkanlarının artırılması;

* Cəmiyyətin ehtiyacı olan hər bir üzvünün davamlı və əlçatan qayğı ilə tam əhatə edilməsi, hər bir vətəndaşın sosial xidmətlərə əlçatanlığının davamlı yaxşılaşdırılması;

* Dövlət qayğısı və sosial müdafiə sahəsində ünvanlılığa diqqətin artırılması, əhalinin sosial təminatının gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması.

 

Qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan dayanıqlı iqtisadi artım

 

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2023-cü illərdə qazanılan iqtisadi uğurlar ölkəmizin ardıcıl yüksəlişini təmin etmişdir. Həyata keçirilən islahatlar nəticəsində yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat qurulmuş, Azərbaycan iqtisadiyyatı 3,6 dəfə artaraq 123 milyard manatı ötmüşdür. Milli iqtisadiyyatın strukturu əhəmiyyətli dərəcədə yaxşılaşmış, qeyri-neft-qaz sektoru 3,5 dəfə, qeyri-neft-qaz sənayesi 4,3 dəfə, kənd təsərrüfatı isə 2,1 dəfə böyümüşdür. İnformasiya və rabitə sektorunda yaradılmış əlavə dəyər 20,9 dəfə, turizm və ictimai iaşə sektorunda 17,5 dəfə, nəqliyyat sektorunda 4,1 dəfə artaraq qeyri-neft-qaz iqtisadiyyatının inkişafına mühüm töhfə vermişdir.

Azərbaycan özünün iqtisadi müstəqilliyini tam təmin edən ölkəyə çevrilmiş, dövlətin maliyyə imkanları əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. 2003-cü ildə 1,6 milyard ABŞ dolları təşkil edən strateji valyuta ehtiyatları 43 dəfə artaraq 68,5 milyard dollara çatmışdır.

Dövlət büdcəsi 29 dəfədən çox artaraq sosial rifahla yanaşı, iqtisadi fəallığın da dəstəklənməsində aktiv rol oynamış, ölkə iqtisadiyyatının müxtəlif sahələrinə 318,9 milyard ABŞ dollarına yaxın investisiya cəlb edilmişdir.

İqtisadiyyat sürətlə şaxələnmiş və daxili istehsalın qlobal dəyər zəncirinə effektiv inteqrasiyası təmin edilmişdir. Xarici ticarət dövriyyəsi 10 dəfəyə yaxın artmış, qeyri-neft-qaz ixracı 3,3 milyard ABŞ dollarını üstələmişdir.

Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq enerji və nəqliyyat-logistika layihələri iqtisadi inkişafın sürətləndirilməsinə, ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin güclənməsinə xidmət etmişdir.

Azərbaycanda rəqəmsal texnologiyalara keçid sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. MDB məkanında ilk olaraq məhz Azərbaycanda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Mərkəzi təsis edilmişdir.

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sənaye, müasir texnologiya və innovasiya sahələrində böyük uğurlara malik ölkəmizin dünya miqyasında nüfuzunun artdığını bir daha nümayiş etdirmişdir.

Azərbaycan öz peyklərini orbitə çıxarmaqla dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer almışdır.

 

2024-2031-ci illərdə sürətli və dayanıqlı inkişaf edən biliktutumlu iqtisadiyyatın gücləndirilməsi üçün qarşıda aşağıdakı hədəflər dayanır:

 

* Sosial-iqtisadi modelin məzmununu və strukturunu keyfiyyətcə yeni prinsiplər əsasında qurmaqla, iqtisadiyyatın sürətli və dayanıqlı artımının təmin edilməsi;

* İqtisadi idarəetmənin müasirləşdirilməsi, inkişafın hərəkətverici qüvvəsi olan yaradıcı, rəqabətqabiliyyətli və məhsuldar sahibkar sinfinin gücləndirilməsi, yeni bilik və texnologiya gətirən özəl təşəbbüslərin, o cümlədən birbaşa xarici investisiyaların təşviq olunması;

* Daha sağlam rəqabətə əsaslanan, maneəsiz, tam şəffaf və sağlam biznesin inkişafına hərtərəfli dəstək göstərilməsi, dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi;

* İqtisadiyyatın müxtəlif sektorları, o cümlədən  kənd təsərrüfatının, emal sənayesinin, bərpaolunan energetikanın, tibbin və turizmin müqayisəli üstünlüyə malik sahələrində dəyər zəncirinin formalaşdırılması;

* Ölkənin "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirakının və bu əsasda tranzit-logistika potensialının genişləndirilməsi;

* Kosmik sənayenin inkişafının davam etdirilməsi, yeni peykin orbitə çıxarılması;

* İnnovasiya yönümlü ideyaların təşviqi üçün dövlət dəstəyinin gücləndirilməsi;

* Əhalinin bütün dövlət xidmətlərinə çıxışının asanlaşdırılması və xidmətlərin  səmərəliliyinin yüksəldilməsi məqsədilə rəqəmsal  texnologiyaların tətbiqinin genişləndirilməsi;

* Ölkədə su ilə təminat səviyyəsinin yaxşılaşdırılması və içməli suya əlçatanlığın artırılması tədbirlərinin davam etdirilməsi;

* Ekoloji tarazlığın qorunması, bu məqsədə xidmət edən təşəbbüslərin dəstəklənməsi, ekoloji təmiz iqtisadi fəaliyyətin təşviq edilməsi.

 

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış

 

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Milli Prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Milli Prioritetinin icrasının təmin olunması məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair l Dövlət Proqramı"  qəbul edilmiş və hazırda icra olunur.

Ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən 12 milyard manat vəsait yönəldilmiş, mühüm yol-nəqliyyat, enerji təminatı və digər infrastruktur layihələri gerçəkləşdirilmiş, onlarla yaşayış məntəqəsinin təməli qoyulmuş və artıq bir sıra şəhər, kənd və qəsəbələrdə 1186 ailənin və ya 4691 nəfərin məskunlaşması təmin edilmişdir.

Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34500 ailənin doğma torpaqlarda layiqli şəkildə yaşayışı təmin ediləcək, həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası istiqamətində mühüm addımlar atılacaqdır. 

 

2024-2031-ci illərdə işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışın təmin olunması və sosial-iqtisadi quruculuq sahələrində aşağıdakı əsas hədəflər nəzərdə tutulur:

 

* Ərazilərin minalardan təmizlənməsinin davam etdirilməsi;

* Təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili;

* Ərazilərdə müasir yaşayış məntəqələrinin - şəhər, qəsəbə və kəndlərin tikintisi;

* Ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması;

* Əhalinin geri qayıdışının və dayanıqlı məskunlaşmanın təmin edilməsi, bu məqsədlə ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası;

* Ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsinin bərpası;

* Ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi.

 

Milli maraqlara söykənən müstəqil xarici siyasət

 

Ötən illər ərzində Azərbaycanın xarici siyasətində mühüm nailiyyətlər əldə edilmiş, ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlmişdir.

Həyata keçirilən hücum diplomatiyası və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən ölkəmizi dəstəkləyən sənədlərin qəbul edilməsi Azərbaycanın mövqeyini daha da gücləndirmiş və legitim addımlar atması üçün daha əlverişli imkanlar yaratmışdır. 

Xalqımızın əbədi fəxarət mənbəyinə çevrilən 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Zəfər təkcə döyüş meydanında deyil, həm də diplomatik cəbhədə Azərbaycanın gücünü və potensialını aydın göstərmişdir.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və 27 il kağız üzərində qalmış qətnamələrin icrasını Azərbaycan özü təmin etmişdir.

Vətən müharibəsində Qələbə qazanmaqla regionda yeni reallıqlar yaratmış ölkəmiz həm də siyasi müstəvidə bu reallıqların beynəlxalq aləm tərəfindən qəbul edilməsinə nail olmuşdur. Vətən müharibəsindən sonra bəzi xarici ölkələr və beynəlxalq təşkilatlar  tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın qarşısı qətiyyətlə alınmışdır.

Vətən müharibəsində şanlı Zəfər qazanmış Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün beynəlxalq hüquqa əsaslanan 5 əsas prinsipi təqdim etmişdir.

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınmış, bir çox uğurlu beynəlxalq layihələrə imza atmış, təşəbbüslərlə çıxış etmiş, regional liderliyini daha da möhkəmləndirmişdir. Azərbaycan 155 ölkənin dəstəyi ilə 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, 2019-2023-cü illərdə isə BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik edərək bir sıra institusional yeniliklərin müəllifi olmuş və Hərəkatın beynəlxalq çəkisinin artmasında əhəmiyyətli rol oynamışdır.

Azərbaycan COVID-19 pandemiyası ilə qlobal mübarizədə ön sıralarda olmuş, BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı xüsusi sessiyasının çağırılmasına və "vaksin millətçiliyi"nə qarşı qətnamələrin qəbul edilməsinə nail olmuşdur.

Böyük Türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycan Türk dövlətləri arasında əlaqələrin genişləndirilməsinə və inkişaf etdirilməsinə, Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə dəyərli töhfəsini vermişdir.

Dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un cari ildə ölkəmizdə keçirilməsinə dair yekdil qərarın qəbul edilməsi də beynəlxalq ictimaiyyətin Azərbaycana olan böyük hörmət və etimadının bariz göstəricisidir.

 

2024-2031-ci illərdə xarici siyasət sahəsində qarşıda aşağıdakı hədəflər dayanır:

 

* Milli maraqlara və beynəlxalq hüquqa söykənən müstəqil və prinsipial xarici siyasətin davam etdirilməsi;

* Azərbaycan tərəfindən irəli sürülmüş 5 əsas prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması;

* Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və onun dayanıqlı inkişaf bölgəsinə çevrilməsi ilə bağlı səylərin davam etdirilməsi;

* Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsində, beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşdırılmasında və qlobal problemlərin həllində rolunun artırılması;

* Azərbaycanın geosiyasi təhlükələrdən və hibrid təhdidlərdən qorunması;

* Azərbaycanın qeyri-münaqişə gündəliyinin formalaşdırılması;

* Qonşu ölkələrlə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi;

* Türk dövlətləri ilə əlaqələrin və Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsi;

* Strateji tərəfdaşların və müttəfiqlərin sayının artırılması;

* Azərbaycanın iqtisadi və enerji diplomatiyasının inkişaf etdirilməsi;

* Alternativ və bərpaolunan enerji növlərinin artırılması hesabına "Yaşıl enerji" gündəliyinin irəli aparılması və iqlim dəyişikliyinə qarşı qlobal mübarizəyə töhfənin davam etdirilməsi;

* Azərbaycanın nəqliyyat və logistika mərkəzi rolunun daha da gücləndirilməsi;

* Beynəlxalq təşkilatlarda fəal iştirakın təmin edilməsi;

* Multikulturalizm və tolerantlıq kimi dəyərlərə sadiq qalaraq, dünyada hökm sürən islamofobiya və neokolonializm meyillərinə qarşı mübarizə aparılması.

 

Milli təhlükəsizlik və müasir ordu quruculuğu

 

Dəyişən qlobal və regional təhlükəsizlik mühitinə müxtəlif amillərin artan təsiri ilə əlaqədar Azərbaycanın milli maraqlarına mümkün təhdidlərin adekvat cavablandırılması və ölkənin davamlı inkişafı üçün zəruri şəraitin təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət bu sahədə qarşıda duran vəzifələrin yüksək səviyyədə həllini təmin etmiş, Azərbaycan qlobal və regional təhlükəsizliyə, sülhün və ədalətin qorunmasına, davamlı inkişaf üçün əməkdaşlığa mühüm töhfə verən ölkəyə çevrilmişdir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həyata keçirilən quruculuq fəaliyyəti nəticəsində Azərbaycan Ordusu dünyanın güclü orduları sırasına daxil olmuşdur. Ölkənin xarici hərbi-texniki asılılığının azaldılması məqsədilə qurulmuş milli müdafiə sənayesi ildən-ilə inkişaf etdirilir. Milli təhlükəsizlik sahəsində ölkəmizin qarşısında duran kompleks vəzifələrin son 20 il ərzində tam və effektiv həllinin nəticəsi olaraq Azərbaycan Ordusu 44 gün ərzində Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyaraq torpaqlarımızı işğaldan azad etdi. Bununla da xalqımıza, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı ən böyük təhdid aradan qaldırıldı. 

Bu gün milli təhlükəsizlik siyasətinin bütün istiqamətləri üzrə - xarici siyasət,


[email protected]