Qanlı Şənbə gecəsində şəhid olanların ruhu indi şaddır

Azərbaycan ictimaiyyəti, ümumiyyətlə, dünya azərbaycanlıları və azadlıqsevər insanlar 34 il bundan öncə - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın milli müstəqillik və azadlıq uğrunda mübarizə meydanında şəhid, əlil və itkin düşənlərin xatirəsini məmnunluqla anırlar. Çünki onların ruhu şaddır, uğrunda can qoyduqları Azərbaycan indi tam müstəqildir, torpaqlarımız erməni işğalçılarından və separatçı birləşmələrdən tamamilə azad edilib, istəkləri reallığa çevrilib.  
Xatırladaq ki, ölkəmizin ərazi bütövlüyünün pozulmasına qarşı etiraz edənləri, müstəqillik və suverenlik ideyalarını dəstəkləyənləri cəzalandırmaq məqsədilə 1990-cı il yanvarın 19-u gecə saatlarında imperiya Bakı şəhərinə tərkibində ermənilər də olan qoşun yeritmişlər. Təcavüz nəticəsində 147 nəfər mülki şəxs qətlə yetirilmiş, 700-dən çox insan yaralanmış, 321 nəfər  itkin düşmüş, yüzlərlə insan həbs edilmiş, ya da ömürlük şikəst olmuşdur. 
1980-ci illərin sonlarında Azərbaycanda ictimai-siyasi durumun kəskinləşməsi, Kreml rəhbərliyinin uğursuz "yenidənqurma" siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər Azərbaycanda azadlıq hərəkatının güclənməsinə zəmin yaratmışdı. Bunun  əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi-torpaq  iddiaları ilə çıxış etməsi, uydurma "Qarabağ problemi"nin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin əsassız iddiaları və dinc əhaliyə qarşı törətdikləri cinayətlər xalqımızın hiddətinə səbəb olmuşdu. 1988-ci ildə Qarabağ münaqişəsi ilə əlaqədar başlayan milli-azadlıq hərəkatı prinsipiallığı ilə SSRİ  rəhbərliyində ciddi narahatlıq yaratmışdı.  Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsində baş qaldıran erməni separatizmi qədim türk torpaqları sayılan Qərbi Azərbaycandan 300 mindən çox soydaşımızın zorla öz ata-baba yurdlarından qovulması ilə nəticələnmişdi. Bu haqsızlığa və cinayətə görə nümayiş və mitinqlərə çıxan əhali keçmiş sovet rəhbərliyindən və onun respublikamızdakı təmsilçilərindən ermənilərin qanunsuz hərəkətlərinə son qoyulmasını, münaqişənin ideoloqlarının və icraçılarının cəzalandırılmasını tələb edirdi. Ancaq ittifaq rəhbərliyi ermənipərəst mövqedə dayanaraq, müxtəlif vasitələrlə onların müdafiəsinə qalxırdı. Azərbaycanlılar  güclə  öz doğma yurdlarından qovulur, onların ev-eşikləri vəhşicəsinə dağıdılır və ya zorla əllərindən alınır, özləri isə ən ağır təhqirlərə, işgəncə və qətllərə məruz qalırdılar. Həmin dövrdə respublikamızda ictimai-siyasi vəziyyəti ağırlaşdıran amillərdən biri də  ölkə rəhbərliyində təmsil olunan şəxslərin səriştəsizliyi idi.
Respublikada yaranmış özbaşınalıq və hərc-mərclikdən məharətlə istifadə  edən  SSRİ-nin xüsusi xidmət orqanları 1990-cı il yanvarın əvvəllərində yerlərdəki emissarlarının yaxından köməyi ilə Bakıda müxtəlif  iğtişaşlar törətdi. Yanvarın 20-də sovet qoşunları dinc əhalinin üstünə yeridildi, dəhşətli faciə baş verdi. Azərbaycan informasiya blokadasına alındı. Qanlı faciədən bir az öncə Azərbaycan Televiziyasının  enerji bloku partladıldı. Radio işləmirdi, qəzetlər nəşr edilmirdi. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz idi. Belə ağır və müsibətli bir vaxtda xalqımızın vətənpərvər oğlu, Ulu Öndər Heydər Əliyev Moskvada xüsusi nəzarət altında saxlanılmasına, təzyiq və təqiblərə baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat verdi. Ulu Öndər bununla da Azərbaycan xalqına qarşı törədilmiş haqsızlığı dünyaya çatdırdı, faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdi. Həmin gün Ümummilli Lider Azərbaycan KP MK-ya, respublikanın Ali Soveti və Nazirlər Sovetinə teleqram göndərdi. Bununla da 1990-cı il 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymətin əsasını yaratdı. Dövlət xadimi, dünyaşöhrətli siyasətçi Heydər Əliyev və ailəsi Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqe nümayiş etdirdilər... 
Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verilməsi üçün ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyə qayıdışından sonra bu faciəyə siyasi, hüquqi qiymət verildi. 
Ulu Öndər 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ilk günlərində Şəhidlər xiyabanını ziyarət etdi. Elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü layiqincə götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və həmin iş qısa zamanda başa çatdırıldı. Məhz Ulu Öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu.
O vaxtdan şəhidlərimizin xatirəsinin böyük ehtiramla yad edilməsi dövlətimizin diqqətində oldu. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən ölkə rəhbərliyi 20 Yanvar faciəsində, eləcə də Vətən müharibəsində ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanların ailə üzvlərinin problemlərinin dövlət səviyyəsində həllini əsas vəzifələrdən biri kimi qarşıya qoydu. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirildi. Şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial təminatı ildən-ilə gücləndirildi. Ölkədə, eləcə də işğaldan azad edilmiş ərazilərdə əlil və şəhid ailələrinin mənzil təminatını yaxşılaşdırmaq üçün dövlət hesabına tikilən fərdi və yaşayış evlərinin sayı ildən-ilə artdı.
Xeyirxahlıq missiyası ilə dünyanın diqqət mərkəzində olan Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərin problemlərinin həllinə daim böyük qayğı ilə yanaşır. Fondun dəstəyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görülür. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın  da bu istiqamətdə həyata keçirdiyi tədbirlər yüksək dəyərlərə malikdir. Məhz onun təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən xalqımızın qanlı 20 Yanvarı, habelə Vətən müharibəsi ilə bağlı kitablar, bukletlər, albomlar nəşr olunmuş, filmlər çəkilmişdir. Bu qədirbilənlik missiyası  erməni işğalından azad edilmiş qədim Azərbaycan torpaqlarında, xüsusən də Qarabağ bölgəsində böyük quruculuq və bərpa işləri ilə davam etdirilir.
Bir neçə gündür ki, respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı görüşlər, konfrans və toplantılar keçirilir, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşalar göstərilir, bədii və sənədli filmlər nümayiş etdirilir, bu tədbirlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılır. Respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərslər keçirilir, xalqımızın qəhrəmanlıq tarixinə çevrilmiş 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar verilir, Azərbaycandakı əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil edilir.
Bundan əlavə, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, diaspor qurumları və icmaları vasitəsilə müvafiq tədbirlər keçirilir, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materiallar genişliyi ilə  gündəmə gətirilir.
Azadlıq, istiqlaliyyət, müstəqillik  uğrunda mübarizəyə qalxan dinc əhaliyə tutulan amansız divan unudulmur. Hər il olduğu kimi,  bu il də dinindən və irqindən asılı olmayaraq, on minlərlə Azərbaycan vətəndaşı, ölkəmizdə səfərdə olan  xarici ölkə rəsmiləri, turistlər və qonaqlar Bakının ən uca yerində hamımız üçün müqəddəs sayılan, xalqımızın qəhrəmanlıq tarixini özündə yaşadan Şəhidlər xiyabanına  gedir, müstəqillik uğrunda sinələrini sipər etmiş  mərd oğul və qızlarımızı böyük ehtiramla yad edir, məzarları önünə tər gül-çiçək dəstələri düzürlər.


[email protected]