Ad gününüz mübarək, cənab Prezident!

2003-cü il oktyabr ayının 15-də xalqımızın dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müdrik daxili və xarici siyasətini uğurla davam etdirməyə başladı. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyərək müqəddəs "Qurani-Kərim”ə və Azərbaycan Respublikasının Konstitusiyasına and içən dövlətimizin başçısı verdiyi bütün vədlərin yerinə yetirilməsi üçün gecə-gündüz çalışdı və buna tamamilə nail oldu. İyirmi il ərzində Prezident olduğu dövrə nəzər salsaq görərik ki, İlham Əliyev əsrlərə sığmayan fəaliyyəti ilə bütün amalı insanlara xidmət etmək, xalqa arxalanmaq, onunla bir olmaq, mənafeyini qorumaq, dövlət maraqlarını təmin etmək kimi şərəfli tarixi missiyanı həyata keçirməyə müvəffəq olub. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil Azərbaycan dövlətinin müasir dövrdə hərtərəfli inkişafını həyata keçirdi, xalqının rifahı yolunda əlindən gələni əsirgəmədi, dövlətçiliyimizin, ərazi bütövlüyümüzün keşiyində hər zaman möhkəm dayanaraq ölkəmizi etibarlı tərəfdaş kimi dünya müstəvisində yüksək səviyyədə təsdiq etdi.
İlham Əliyev 20 il əvvəl prezident seçiləndə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağını, işğalçı ermənilərin qədim və müqəddəs torpaqlarımızdan çıxarılacağını, məcburi köçkünlərin öz dədə-baba yurdlarına geri dönəcəklərini qəti əminliklə bəyan etmişdi. Vədinə xilaf çıxmadı, sözünü yerinə yetirdi – Azərbaycan Respublikası Ermənistanın hərbi birləşmələri tərəfindən zəbt olunmuş ərazilərini azad etdi. Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız hamılıqla doğma torpaqlarımızın işğaldan azad ediləcəyinə hər zaman əmin idi. Bu əminliyi, bu inamı yaradan, mərdliklə, peşəkarlıqla, böyük məharətlə ərazi bütövlüyümüzü təmin edən Prezidentimiz, müdrik sərkərdəmiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir!
"O, ata vəsiyyətini də yerinə yetirdi və Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində, habelə daha bir neçə şəhərimizdə Azərbaycanın Dövlət Bayrağını yenidən ucaltdı. Bu, Azərbaycan xalqının tarixində qürurverici bir gündür. Bütün bu və digər nailiyyətlərimizin memarı və müəllifi Müzəffər Ali Baş Komandan, 55 milyonluq dünya azərbaycanlılarının lideri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir!
Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında 30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızın azad edilməsi ilə Azərbaycan xalqı Böyük Zəfərə şahidlik etdi, Azərbaycan tarixinə bugünəcən rast gəlinməyən Şanlı Zəfər səhifələri yazıldı. Əzəli torpaqlarımızın düşmən əsarətindən qurtulması, prezidentin öz sözləri ilə desək, mədəniyyətimizin incisi olan şəhərimizin Azərbaycana qaytarılması ilə həm də xalqımızın ləyaqəti, qüruru özünə qaytarıldı. Azərbaycan xalqının içindən gələn arzuları həyata keçirməklə dövlətimizin başçısı həm də Azərbaycan yazıçılarına, mədəniyyət və incəsənət xadimlərinə, yaradıcı insanlara bir ruh bəxş etdi, onlara böyük yaradıcılıq ehtirası, gələcək üçün tükənməz stimul verdi. Bu gün hər birimizin qəlbində sarsılmaz bir əminlik var ki, çox keçməyəcək, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ ən müasir səviyyədə tərəqqi tapacaq, Ağdamda 300 min nəfərlik müasir tipli şəhər qurulacaq, Qarabağ xanlığının əsasını qoyan şəxsiyyətlərin uyuduqları müqəddəs İmarət məbədi bərpa olunacaq, mədəniyyət paytaxtımız Şuşanın gözəlliyi birə on artacaq, işğaldan qurtulmuş ərazilərimizin yeni abad mənzərəsini dünya heyrətlə izləyəcək. Bu gün neçə-neçə insanın ürəkdən gələn, səmimi müraciətlərində deyildiyi kimi, xalqımız - uşaqdan-böyüyə hər kəs bu Böyük Zəfərin memarı kimi öz qəlbində Prezident İlham Əliyevin əzəmətli abidəsini ucaldıb. Millətimiz öz keçmişinə, tarixinə sahib çıxan, bugünkü və sabahkı rifahını qurub-yaradan, ilahi ədaləti və ərazi bütövlüyümüzü bərpa edən Prezident İlham Əliyevin bu yolla həm də Allaha yardımçı olan qətiyyətli addımlarını heç vaxt unutmayacaq.
Cənab Prezident! Bu gün Siz 60 yaşınızı Müzəffər Ali Baş Komandan kimi bütöv - Şuşalı, Qarabağlı Azərbaycanın rəhbəri, bütün türk dünyasının və dost ölkələrin sevimli siyasi xadimi kimi qeyd edirsiniz. Biz Sizinlə qürur duyur və bu böyük sevinc duyğularını bizlərə yaşatdığınıza görə Sizə öz dərin minnətdarlığımızı bildiririk.
Ad gününüz mübarək, cənab Prezident!
Tanrı Sizi qorusun!
 Ad gününüz mübarək, cənab Prezident!
Novruzova Nazəni Aslan qızı
ADPU-nun kimya üzrə fəlsəfə doktoru, dosent,
"ADPU-100”, "Dəmir yumruq”, "Heydər Əliyev-99”, "Şuşa -270",
"H.Əliyev-100" media mükafatları laureatı, redaksiya heyətinin fəxri üzvü

22.12.2023




[email protected]