Müdrik lider, böyük strateq, qalib sərkərdə

Tarix sübut edib ki, hər bir dövlətin qurulması, onun möhkəmləndirilməsi hər şeydən əvvəl bu missiyanı yerinə yetirən liderdən asılıdır. 30 il öncə bu missiyanı Ümummilli Lider Heydər Əliyev öz üzərinə götürdü və onun xilaskarlıq missiyasını hazırda layiqli davamçısı olan Prezident İlham Əliyev həyata keçirir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində Azərbaycan xalqının böyük əksəriyyətinin səsini qazanan İlham Əliyev bu illər ərzində ölkənin siyasi inkişafı, hərbi qüdrətinin artırılması, sosial-iqtisadi rifahı üçün böyük uğurlara nail olub. Bu gərgin, yorulmaz fəaliyyətin nəticəsində Azərbaycan tək regionda deyil, postsovet məkanında söz sahibi olan dövlətlər sırasında yer alır. Regionda elə bir iqtisadi, siyasi layihə yoxdur ki, Azərbaycanın iştirakı olmasın, rəyi nəzərə alınmasın.
Sözsüz ki, "Domokl qılıncı” kimi başımızın üstünü kəsdirən Qarabağ probleminin birdəfəlik həlli, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunması Azərbaycan liderinin 20 illik fəaliyyətinin ən mühüm nailiyyətidir. Nəticədə 30 il Vətən həsrəti ilə alışıb-yanan insanların doğma torpaqlarına qayıdışı təmin olunur. İşğaldan azad edilən torpaqlarda aparılan bərpa-quruculuq işlərinin miqyası onu deməyə əsas verir ki, qısa müddət ərzində bütün keçmiş qaçqın və məcburi köçkünlərin doğma yurda, öz ev-eşiklərinə dönüşü baş tutacaq. Dövlətimizin başçısı Azərbaycan tarixində əbədi olaraq qalacaq, xalqının qəlbində sonsuza qədər yaşayacaq. Etiraf edək ki, bu xoşbəxtlik çox az liderə nəsib olur.
Azərbaycan sentyabrın 19-20-də keçirdiyi antiterror tədbirləri ilə Qarabağ bölgəsi üzərində suverenliyini tam bərpa etdi. Dünya hərb tarixində görünməmiş şəkildə, qısa zaman kəsiyində keçirilən tədbirlərlə reallaşması qeyri-mümkün olan həyata keçirildi. Bu, Azərbaycan tarixinin şanlı səhifəsini təşkil edir. Son 100 ildə ilk dəfə Azərbaycanın şanlı bayrağı Qarabağın bütün ərazisində - Əsgəranda, Xocalıda, Xankəndidə, Ağdərədə, Xocavəndə dalğalanır və buna da məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində nail olundu.
Bizləri qalib xalqa, Azərbaycanı Qafqazın lider dövlətinə çevirən İlham Əliyev prezidentliyinin ilk ilindən bütün sahələri əhatə edən irimiqyaslı və geniş islahatlara start verdi. Heydər Əliyev irsinin layiqli davamçısı çox gözəl bilirdi ki, hər bir dövlətin inkişafı onun iqtisadi qüdrətindən keçir və bu səbəbdən də bütün fəaliyyətini məhz bu istiqamətdə qurmağa başladı. Məhz iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu. Ötən illər göstərdi ki, İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. İlham Əliyev 20 il ərzində inqilabi səciyyə daşıyan islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirməyə müvəffəq olub, regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib.
 
Fürsətdən istifadə edərək, cənab Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edir, Müzəffər Komandana can sağlığı, uzun ömür, fəaliyyətində uğurlar arzulayırıq. 
 Müdrik lider, böyük strateq, qalib sərkərdə
 Muradova Elnarə Müzəffər qızı
ADPU-nun Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti
 
22.12.2023



[email protected]