Ölməzlik və əbədiyyət də məhz budur

Ölməzlik və əbədiyyət də məhz budur
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsibaxımından Heydər Əliyev dühası bənzərsizdir. Bu dühanın hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir ki, onun da hər bir səhifəsi, hər bir sətri Ulu Öndərimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılıb. Bu mərhələləri təhlil etməzdən əvvəl belə bir vacib aspekti önə çəkmək lazımdır ki, Azərbaycanın və bütün Türk dünyasının böyük oğlu Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə ölkəmizin hüdudlarından çox-çox kənara çıxaraq zəngin məna tutumu ilə bəşəri zirvəyə yüksəlib. Milli-mənəvi irsimizin dəyərlərini özümüzə qaytarması, çoxəsrlik adət-ənənələrimizi yaşatması, azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın real siyasi amilə çevrilməsinə nail olması Azərbaycanı bəşər sivilizasiyasının beşiyi olan ölkələrdən biri, xalqımızı isə zəngin və unikal bir mədəniyyətin övladları adlandıran Heydər Əliyevin ən böyük xidmətlərindəndir.Qürür hissi ilə qeyd etmək istərdim ki, müstəqillik məfkurəsi və vətənpərvərlik düşüncəsi əsasında bütün fəaliyyətini Azərbaycan xalqının ali mənafeyinə həsr edən Ulu Öndər Heydər Əliyevin misilsiz, tarixi xidmətlərindən biri məhz ümumxalq partiyası olan YAP-ın yaradılması idi. Olduqca çətin və mürəkkəb şəraitdə Azərbaycan xalqının üstün və qabaqcıl potensialını səfərbər edərək, müstəqillik məfkurəsi əsasında fəaliyyət göstərən Ümummilli Liderimiz o zamankı hakimiyyətin və müəyyən qüvvələrin maneələri ilə üzləşsə də, bir addım belə geri çəkilmədi. Həmin dönəmdə hakim dairələrin törətdikləri süni maneələrə baxmayaraq, ölkə ziyalılarının təkidli çağırışları və xalqın etimadı sayəsində 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının o dövrdə müxalifət partiyası olmasına baxmayaraq, qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.Bu gün Ulu Öndərimizin layiqli davamçısı, partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyev bütün varlığı və xarizması, qətiyyəti və müdrik siyasəti ilə Heydər Əliyev yolunu uğurla davam etdirməkdədir. "Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm” söyləyən cənab İlham Əliyev atdığı hər addımında bu vədinə sadiqliyini nümayiş etdirir.Bizlər Heydər Əliyevin fiziki yoxluğundan əziyyət çəksək də, Onun ideyalarının Azərbaycanda hakim olması bizə təskinlik verir. Bu gün ölkəmizdə onun yarımçıq qalmış arzularını xalqımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı altında reallaşdırır. İndi Azərbaycanın haqq səsi dünyanın ən yüksək tribunalarından eşidilməkdədir. Biz buna Heydər Əliyev siyasi xəttinə sadiq qalmağımızla nail olmuşuq. Ölməzlik və əbədiyyət də məhz budur.
 Ölməzlik və əbədiyyət də məhz budur
BƏXTİYAR İSMAYILOV
Oğuz Rayonu İcra Başçısının Yaqublu kənd 
İƏD üzrə nümayəndəsi




[email protected]