TARİXİ ZƏFƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEV SİYASƏTİNİN TƏNTƏNƏSİDİR

 TARİXİ ZƏFƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEV SİYASƏTİNİN TƏNTƏNƏSİDİR
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev müqəddəs ata vəsiyyətini yerinə yetirərək otuz ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad etdi, şanlı Azərbaycan bayrağını vətənimizin qürur simvolu olan Şuşada dalğalandırdı. İndi öz ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycan regionda və dünyada tamamilə yeni geosiyası reallıqlar yaratmış, onun nüfuzu beynəlxalq miqyasda əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Bu yeni reallıqlar şəraitində ümummilli lider Heydər Əliyevin doğum günü xüsusi simvolik məna daşıyır. Ulu öndərin amalı yaratmaq, məqamı qurmaq, məqsədi xalqa xidmət etmək idi. Çünki, bütün ömrünü Azərbaycan idealına həsr etmiş Heydər Əliyev üçün ərazi bütövlüyünün bərpa olunması, Qarabağın düşmən tapdağından azad edilməsi ən müqəddəs amal idi. Bu amalı gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda işğaldan azad edilmiş ərazilərin bərpası və inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdə, Heydər Əliyevin canı qədər sevdiyi doğma Vətəni onun müəyyənləşdirdiyi strateji xətt üzrə öz inkişafının yeni mərhələsinə qədəm qoymaqdadır. Ulu öndər böyük siyasi uzaqgörənliklə bu günləri hələ neçə onillər bundan əvvəl aydın şəkildə görürdü. O, 90-cı illərin əvvəllərində ölkədə olduqca acınacaqlı sosial-siyasi durumun olduğu bir şəraitdə, Qarabağın düşmən tapdağında qaldığı bir vaxtda inam və qətiyyətlə bildirirdi ki, gün gələcək Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Dahi siyasətçi Heydər Əliyevin belə uzaqgörənliyi bir yandan özü tərəfindən ölkənin strateji inkişafı üçün müəyyənləşdirilən siyasi xəttin perspektivinə əminlikdən, digər yandan isə bu siyasi kursun varislərinə inamdan qaynaqlanırdı. Zaman Heydər Əliyevin nə qədər haqlı, müdrik və uzaqgörən olduğunu həmişə olduğu kimi yenə də təsdiq etdi. Heydər Əliyevin siyasi varisi İlham Əliyevin intellektual potensialı, vətənpərvərliyi, genetik əsasa dayanan dönməz iradəsi xalqımızın bu böyük arzusunu reallığa çevirdi.
Bəli, müasir Azərbaycanın sosisal-iqtisadi və ictimai-mədəni həyatının elə sahəsi yoxdur ki, orada Heydər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünməsin. Belə bir deyim var ki, tarixi şəxsiyyətlərin nəhəngliyi zaman keçdikcə daha aydın şəkildə görünməyə başlayır. Çünki, onlar uzaqgörən qərarları ilə öz millətinin gələcəyini müəyyən edərək bir növ zamanı qabaqlamaq missiyasını yerinə yetirilər. Bütün ömrünü xalqının azadlığı və xoşbəxtliyi uğrunda mübarizəyə həsr edən ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri də illər ötdükcə daha aydın şəkildə görünməkdədir. Ölkəmizin bugünkü dinamik və hərtərəfli inkişafını, həyatımızın bütün sahələrində yüksəliş və tərəqqini müşahidə etdikcə Heydər Əliyevin böyüklüyünü və müdrikliyini daha dərindən dərk etmiş oluruq. Xilaskarlıq missiyası ilə Azərbaycan xalqını ən ağır bəlalardan xilas edən, çox mürəkkəb geosiyasi reallıqların hökm sürdüyü bir şəraitdə Azərbaycan dövlətinin parçalanmaq təhlükəsindən qoruyan və bütün çətinliklərə, təzyiq və təhdidlərə sinə gərərək "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır!” – deyən ümummilli lider Heydər Əliyev hər bir azərbaycanlının qəlbində əbədi taxt qura bildi. Özünün hərbi-siyasi, sosial-iqtisadi nəaliyyətləri ilə bu gün bütün dünyanın diqqət mərkəzində olan müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yer tutur.
Müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başlayarkən andiçmə mərasimindəki tarixi çıxışında Heydər Əliyev demişdir: "İşğal, qaçqınların vəziyyəti respublikanın ictimai-siyasi mənəvi vəziyyətini gərginləşdirmişdir. Bizim ən əsas vəzifəmiz respublikanı müharibə vəziyyətindən çıxarmaq, işğal olunmuş torpaqların hamısını geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü, müstəqil respublikanın sərhədlərinin təhlükəsizliyini təmin etmək, yurd-yuvasından didərgin düşmüş soydaşlarımızı öz doğma yerlərinə qaytarmaqdır. Əmin ola bilərsiniz ki, mən bütün səylərimi səfərbər edib Azərbaycan xalqının istəyinə nail olacağam.”
Heydər Əliyevin ümummilli problemimizin həlli üçün göstərdiyi səylər tək diplomatiya ilə məhdudlaşmırdı. Danışıqların aparılması ilə yanaşı ulu öndər Azərbaycan ordusunun formalaşmasına və gücləndirilməsinə xüsusi diqqət yetirirdi. 1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində Azərbaycanda milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddət ərzində vahid komandanlığa tabe olan nizami ordu formalaşdı. Hazırda Azərbaycanın silahlı qüvvələri müasir hərbi texnikayla təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək doyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan qüdrətli ordudur. Bu, həmin ordudur ki, qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Qarabağda zəfər bayrağımızı qaldrıdı. Bəli, ulu öndər Heydər Əliyev yolunun uğurlu davamçısı müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020 - ci ilin sentyabrın 27 - də erməni təxribatlarına qarşı əks - hücum əməliyyatlarına start verilməsi ilə bağlı qərarı cəmi 44 gün ərzində Azərbaycanın ərazi bütövlüyünün təmini ilə nəticələndi. İşğal altındakı ərazilərimiz, rayonlarımız, şəhərlərimiz, kəndlərimiz düşməndən təmizləndi, ölkəmiz yenidən bütövləşdi. Həmin 44 gün ərzində istər döyüş meydanında, istərsə də diplomatik müstəvidə fenomenal zəfərlər qazanan dövlət başçımız bütün dünyaya xalq - hakimiyyət - ordu birliyinin mümkün uğurların əsas təminatçısı olduğunu əməli fəaliyyətlə nümayiş etdirmiş oldu. Dünyanın aparıcı media strukturlarına müsahibələr verən Prezident İlham Əliyev Azərbaycanın haqq səsini beynəlxalq aləmə çatdırdı. Dünya ictimaiyyətinin diqqətini ölkəmizin haqq savaşına yönəltdi. Müzəffər Ali Baş Komandanın illərlə apardığı uğurlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq dəstəyini təmin etdi. Nəticədə isə "Qarabağ Azərbaycandır!” şüarını özünün vahid amalına çevirən xalqımız qalib Ali Baş Komandanın rəhbərliyi ilə 2020 - ci ildə ən böyük qələbəsinə - Qarabağ qələbəsinə imza atmış oldu.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs milli birliyimizin güclənməsini və Vətən müharibəsində mühüm amilə çevirilməsini şərtləndirdi. 44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın müasir tarixinin ən şanlı səhifəsidir. Təbii ki, bu qələbəni şərtləndirən amilləri sadaladığımız zaman bir mühüm məqama - əsası ulu öndərimiz Heydər Əliyev tərəfəindən qoyulan milli birliyimizə, milli həmrəyliyimizə xüsusi önəm verməliyik. Milli - mənəvi dəyərlər Azərbaycan xalqının milli sərvətidir. Bu mənada, xalqımızın sarsılmaz birliyi məhz milli - mənəvi dəyərlərimizə söykənir. 2020 - ci il sentyabrın 27 - də Ali Baş Komandanımızın əmri ilə erməni təxribatlarına qarşı əks-həmlə əməliyyatları başlayan kimi xalqımız bir yumruğa çevrilməyi bacardı. Siyasi mənsubiyyətindən, dini, milli fərqlərindən, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qələbə uğrunda mübarizəyə qoşuldu. Azərbaycanda yaşayan bütün dini konfessiyalar, icmalar, etnik azlıqlar, siyasi partiyalar, qeyri - hökumət təşkilatları dövlətin, ölkə Prezidentinin ətrafında sıx birləşdiyini. Qarabağın azadlığı uğrunda mübarizəni dəstəklədiyini bəyan etdi. Bu, bəlkədə bəşər tarixində görülməmiş bir hadisə idi. Bir xalqın, bir millətin öz haqq savaşı uğrunda "dəmir yumruq” kimi düşmənə qarşı birləşməsi qələbəmizin təminində əhəmiyyətli rol oynadı.
Ölkənin ərazi bütövlüyünün təmin olunmasından sonra milli inkişafın yeni keyfiyyət mərhələsindən danışmaq üçün əsas yarandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad etdikdən sonra həmin ərazilərin də potensialının milli iqtisadi inkişaf dövriyyəsinə cəlb edilməsi sayəsində ölkəmizin sosial - iqtisadi mənzərəsi əhəmiyyətli dərəcədə dəyişəcək. Prezident İlham Əliyev tərəfindən bütün istiqamətdə atılan addımlar həm də Qarabağın işğaldan azad olunmasına hesablanmışdır. Bundan sonrakı mərhələdə isə Qarabağ Azərbaycan dövlətinin və xalqının ən güclü və effektiv inkişaf ruporuna çevriləcək.
 TARİXİ ZƏFƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEV SİYASƏTİNİN TƏNTƏNƏSİDİR
Tağıyeva Şəhla Nurəddin qızı
Z.T.Yusifov adına 194 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi, "Zəfər" media mükafatı laureatı




[email protected]