Nadir şəxsiyyət, fenomenal insan

 Nadir şəxsiyyət, fenomenal insan
 Ümummilli liderimiz Heydər Əliyevin dahi şəxsiyyətlər sırasında əlçatmaz, uca və bənzərsiz yeri var. Hələ sağlığında əfsanələşən, sarsılmaz iradəyə malik olan, bütün mənalarında zamanı qabaqlayan, xalqımızın yaddaşına Ulu Öndər kimi həkk olunan Heydər Əliyev fenomeni Azərbaycanın son 50 ilinin, xüsusilə müstəqillik dönəminin tarixini yazıb, eyni zamanda gələcək hədəflərimizi düzgün müəyyənləşdirib. Ulu Öndərin sayəsində müstəqil Azərbaycan Respublikası azərbaycançılıq fəlsəfəsi əsasında qısa müddətdə tanınıb möhkəmləndi, inkişaf etmiş dünya ölkələri ilə əlaqələr qurdu, bütün sahələrdə uğurlar əldə etdi, öz haqqını dünyanın ən ali tribunalarında və təşkilatlarında nümayiş etdirdi, dünya ölkələri iqtisadi və siyasi böhran keçirdiyi bir dövrdə inkişafa nail oldu. Vətən müharibəsində möhtərəm Sədr, cənab Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun düşməni məhv edərək, uzun illər işğal altında olan torpaqlarımızı azad etməsi məhz Ulu Öndər Heydər Əliyev ideyalarının əbədi olaraq yaşadığını və bu müdrik ideyaların Azərbaycan xalqını xoşbəxt gələcəyə doğru apardığını sübut edən mühüm tarixi hadisədir. Qədirbilən xalqımız hər zaman Ulu Öndər Heydər Əliyevin xatirəsini əziz tutur, ehtiramla yad edir.
Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən mühüm göstəricilərindən biri də azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Ulu Öndərimizin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdır. Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik əldə edəcək respublikamızın gələcəyinə hesablanmış digər məqsədyönlü addımları ilə özünün Ümummilli Lider obrazını yaratmış, tarix isə böyük Öndərin bu statusunu bütün mərhələlərdə qorumuşdur.
Biz hər birimiz fəxr edirik ki, bu gün onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən dövlət xadimi, Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva daha da gücləndirirlər. Onların bu fəaliyyəti Heydər Əliyev ənənələrinə, irsinə sədaqəti bir daha təsdiqləyir. Tarix belə dahiləri tək-tək yetirir. Ulu Öndər də nadir şəxsiyyət, fenomenal insan idi. O, bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. Bütün ömrünü Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli Liderin xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayacaq və onun "Vətən birdir və hamı bu vətən uğrunda çalışmalıdır!” fikirləri hər bir Azərbaycan vətəndaşının həyat amalına çevriləcəkdir.
 Nadir şəxsiyyət, fenomenal insan
KÖNÜL İSRAFİL QIZI HƏSƏNOVA
ADPU-nun Müasir Azərbaycan dilikafedrasının baş müəllimi,
filologiya üzrə fəlsəfə doktoru




[email protected]