İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Tahanın Ciddədə keçirilən İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (IHRC) 11-ci sessiyasındakı çıxışında müsəlman aləmində insan hüquqlarının iş adamları və biznes strukturlarının fəaliyyətinə təsiri məsələsi təhlil olunub.
İƏT Baş katibliyinin məlumatına istinadla xəbər verir ki, Baş katib sessiyadakı nitqində IPHRC-nin universal insan hüquqlarının beynəlxalq hüquq normalarına uyğun olaraq tam müstəqillik, qərəzsizlik və obyektivlik ilə təşviqi və müdafiəsinə verdiyi əvəzsiz töhfəni yüksək qiymətləndirib. O vurğulayıb ki, sessiyanın müzakirə mövzusu unikaldır, çünki rəhbərlik etdiyi təşkilat İslam ölkələrinin daxil olduğu coğrafi məkanda insan hüquqlarının biznes təcrübələrinə inteqrasiyası yolu ilə insanların həyatında keyfiyyət və kəmiyyət yaxşılaşmasına nail olmağa çalışır. O, biznes və özəl qurumların iqtisadiyyatın can damarı olduğunu söyləyərək əlavə edib ki, dayanıqlı inkişafın tam insan hüquqları məlumatlılığı ilə əldə edilməsi vacib amildir.
İƏT-in rəhbəri bildirib ki, transmilli korporasiyalar maraqlı tərəflər kimi təkcə bizneslə məşğul olmur, həm də dövlət siyasətini formalaşdırır, sosial və siyasi ekosistemlərə təsir göstərir, bununla da biznes fəaliyyətinin insan hüquqlarına təsirini nümayiş etdirir. Baş katib əlavə edib ki, Birləşmiş Millətlər Təşkilatının 2011-ci ildə qəbul etdiyi Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri hökumətlər, şirkətlər və vətəndaş cəmiyyəti üçün işgüzar fəaliyyət kontekstində insan hüquqlarının təşviqi və müdafiəsi istiqamətində çərçivəni təmin edir. Onun sözlərinə görə, bu fəaliyyət dövlətin insan hüquqlarını qorumaq vəzifəsi, onlara hörmət etmək üçün korporativ məsuliyyət və qurbanlara qarşı insan hüquqlarının pozulması hallarının həlli yollarına çıxışın üç sütununa əsaslanır. H.B.Taha vurğulayıb ki, bu, şirkətləri öz bizneslərini, təchizat zəncirlərini və maraqlı tərəflərlə, o cümlədən işçilər, müştərilər və icmalarla münasibətlərini həyata keçirərkən insan hüquqlarına hörmətlə bağlı məsuliyyət götürməyə sövq edir.
İƏT-in Baş katibi şirkətlərin bu konsepsiyaya hörmətlə yanaşması və öz fəaliyyətlərində onu təbliğ etməsində həqiqi İslam dini təlimlərində insan hüquqları anlayışının mərkəzi yer tutduğunu qeyd edib. O, həmçinin bildirib ki, İslam prinsipləri fərdlərin və qurumların bir-birinə və cəmiyyətə qarşı məsuliyyətlərini istiqamətləndirir və bu prinsiplər biznes və insan hüquqları kontekstində tətbiq oluna bilər. Baş katib Məhəmməd Laval Süleymanı 2023-cü il üçün IPHRC-nin yeni sədri seçilməsi münasibətilə təbrik edib və İƏT-in bu komissiyanın fəaliyyətinə dəstəyinin davam edəcəyini deyib.
,