SON XƏBƏRLƏR
Azərbaycan dövlətini məhv olmaqdan xilas edən, onun hərtərəfli rifahına nail olan ulu öndər Heydər Əliyev

 Azərbaycan dövlətini məhv olmaqdan xilas edən, onun hərtərəfli rifahına nail olan ulu öndər Heydər Əliyev

Qiyafət Fərruxova Tahid qızı

Bakı şəhəri Xətai rayonu Ə.Əliyev adına

204 nömrəli tam orta məktəbin informatika müəllimi,

"Heydər Əliyev - 100" media mükafatı laureatı

 
Birmənalı qəbul olunmalıdır ki, həyatını öz millətinin müstəqilliyi, istiqlalı, azadlığı, işıqlı gələcəyi yolunda şam kimi əridən, xalqının rəmzi və fədakarlıq simvolu səviyyəsinə yüksələn dahi şəxsiyyətlər "Millətin Müəllimi” adını daşımaqla müəllim adını daha yüksək dərəcədə şərəfləndirmişlər.
Müəllimlik-vətənpərvərlik peşəsidir. Məhz müəllim uşaqları, gəncləri vətənə məhəbbət ruhunda tərbiyə edir, onları vətənin müdafiəsinə hazırlayır.
Almaniya kansleri O.Bismark  Almaniyanın  möhtəşəmliyini alman xalq müəllimi ilə bağlayırdı. Fransa-Prussiya müharibəsində Prussiyanın qələbəsini alman müəlliminin qələbəsi hesab edirdi: "Biz qələbə çaldıq ona görə ki, alman müəllimi fransız müəlliminə üstün gəldi".
Əsrlər boyu belə olub, indi də belədir. 1990-cı ilin yanvarında rus ordusunun tanklarına sinə gərən, Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olan minlərlə gəncimiz məhz Azərbaycan məktəbinin, Azərbaycan müəlliminin yetişdirmələri idi.
Müəllimlik peşəsi bəşəri peşədir, əbədi peşədir. 100, 300, 500 və s. ildən sonra hansı peşələrin sıradan çıxacağını, yeni hansı peşələrin yaranacağını demək çətindir. Lakin bir həqiqəti inamla demək olar, nə qədər ki, insanlıq mövcuddur, o qədər də müəllimlik peşəsi mövcud olacaqdır.
Əsrimiz elmi-texniki tərəqqi əsri, informasiya və kommunikasiya texnologiyaları əsridir. Lakin canlı müəllim sözünü, nəfəsini, ünsiyyətini, şagirdlərlə qarşılıqlı münasibətlərini, mənəvi keyfiyyətlərin formalaşmasındakı təsirini və s. heç bir maşın, mexanizm, İKT əvəz edə bilməz.
Ölkəmizin, xalqımızın gələcəyi naminə müəllimlik peşəsinə və bu peşə sahiblərinə dövlət səviyyəsində daimi layiqli qayğı göstərilir.
Sirr deyil ki, cəmiyyətdə müəllim "öyrədən”, şagird  "öyrənən” anlamında qəbul edilir. Öyrətmə və öyrənmə prosesi o vaxt səmərə verir, baş tutur ki, bu iki təhsil subyekti arasında mənəvi-psixoloji uyğunluq, qarşılıqlı səmimiyyət yaranır, inzibati hədd aradan qaldırılır, müəllim şagirdin həmdəminə, dostuna çevrilir. Şagird öz xüsusiyyəti, potensial imkanları ilə özünə yanaşma tərzini, öhdəsindən gələ biləcək təhsil yükünü diktə edir. Bu amilləri qəbul edən və fəaliyyətini həmin istiqamətdə quran, heç bir şagirdi nəzərindən qaçırmayan, onları ruhlandırmaqla hər birində digərləri, hətta valideynləri üçün gizli qalan istedad və qabiliyyət rüşeymini tapıb inkişaf etdirməyə qabil olan müəllim, şübhəsiz ki, əsl müəllimdir. Məhz belə müəllimlərdən biri də Qiyafət Fərruxovadır. 
30 yanvar 1968-ci ildə dünyaya gələn Qiyafət müəllimə Azərbaycan Dövlət Neft Akadmeiyasını, daha sonra Qazax Müəllimlər İnstitutunu bitirib. Uzun müddətdir informatika sahəsində şagirdləri maarifləndirmək kimi şərəfli bir işi layiqincə yerinə yetirir. Hazırda Xətai rayonu 204 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətini uğurla davam etdirir. 
***
 Azərbaycan dövlətini məhv olmaqdan xilas edən, onun hərtərəfli rifahına nail olan ulu öndər Heydər Əliyev
 
Xalqların və dövlətlərin taleyində əlamətdar təqvimlərin, tarixi günlərin, yeni reallıqlar və inkişaf qanunauyğunluqları yaradan ictimai-siyasi proseslərin olduqca böyük əhəmiyyəti var. Zaman keçdikcə həmin tarixi günlərin mahiyyəti, ölkənin və millətin taleyindəki əvəzsiz rolu yenidən araşdırılır, hər dəfə yeni-yeni həqiqətlər üzə çıxır, fenomenal liderlərin, tarixi yaradan şəxsiyyətlərin ən çətin zamanlarda misilsiz xidmətləri, qəbul etdikləri müdrik qərarların qüdrəti bir daha aydınlaşır. Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan 15 iyun tarixi də xalqımızın və dövlətimizin tarixində və taleyində bu cür müstəsna əhəmiyyətə və rola malikdir.
1993-cü ilin 9 iyununda qədirbilən xalqımızın səsinə, harayına səs verərək və eyni zamanda həyatını böyük təhlükələrə ataraq Bakıya dönən Heydər Əliyev mahiyyətcə, məzmunca yeni və daha parlaq bir tarixin yaradıcısı oldu. Bu dönüş, bu qayıdış bütün mənalarda milli qurtuluşumuz, milli nicatımız idi. Bu mənada ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi 1993-cü il 15 iyun tarixinin xalqımız tərəfindən Milli Qurtuluş Günü adlandırılması qədirbilən xalqımızın müdrik rəhbərinə verdiyi tarixi qiymət, öz sabahını müəyyənləşdirmək baxımından verdiyi böyük tarixi qərardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixinin dönüş nöqtəsi adlandırdığı Qurtuluş Günü bu gün əldə etdiyimiz bütün uğurların təməli, məhək daşı oldu.
1997-ci ildən etibarən rəsmi olaraq dövlət bayramı kimi qeyd edilən bu tarix ilk növbədə XX əsrdə ikinci dəfə əldə etdiyimiz müstəqilliymizin xilası kimi olduqca böyük əhəmiyyət daşıyır. Məhz bu parlaq tarixdən sonra Ulu Öndərin böyük səyləri nəticəsində dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas olan ölkəmiz ardıcıl rifah və tərəqqi yoluna qədəm qoydu. Ulu Öndərin rəhbərliyi ilə qısa zaman ərzində ölkədə aparılan siyasi-iqtisadi islahatlar, peşəkar ordu quruculuğu, bütün bunların fonunda yaranmış əmin-amanlıq, sabitlik, rifah xalqımızın sabaha olan ümidlərini artırdı, onu müdrik və cəsarətli rəhbərinin ətrafında yumruq kimi birləşməyə sövq etdi. Eyni zamanda, xalqın inamından güc alan ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin siyasi və hüquqi təsisatlarını, inkişaf strategiyasını müəyyənləşdirdi. Ulu Öndərin yaratdığı peşəkar və ədalətli idarəetmə sistemi insanlarda dövlətə inamı formalaşdırdı. Bu isə 1990-cı illərin Azərbaycanı üçün olduqca mühüm amil idi. Bağlanılmış neft müqavilələri ilə iqtisadi dirçəlişi təmin olunmuş ölkəmizdə ilk və demokratik seçki təcrübəsinin əsası qoyuldu, vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm islahatlar həyata keçirildi. Ölkəmiz dünya dövlətləri, o cümlədən qonşu ölkələrlə əlaqələrini formalaşdırdı, müstəqil Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesi uğurla həyata keçirildi.
Beləliklə, ümummilli lider Heydər Əliyev qurtuluş missiyasını xalqın hərtərəfli dəstəyi, müdrik rəhbərə olan sonsuz inamı və etibarı sayəsində uğurla gerçəkləşdirdi, xalqımızı, dövlətimizi ən böyük bəlalardan xilas etdi. Eyni zamanda, müdrik rəhbər bu missiyası ilə dövlətimizin rəmzinə çevrildi ki, bu da tarixdə nadir hallarda baş verir. Məhz bu əvəzsiz xidmətlərinə görə müasir Azərbaycanın dövlətçilik tarixi dedikdə, bütün həyatını Azərbaycan dövlətinin, xalqının inkişafına həsr etmiş unudulmaz liderimiz Heydər Əliyevi xatırlayırıq. Ulu öndər Heydər Əliyev dünya tarixinin nadir şəxsiyyətlərindəndir ki, bu insanların zəngin irsi hər zaman araşdırılır, öyrənilir, ən yaxşı nümunələr kimi təbliğ olunur.
Azərbaycan dövlətini məhv olmaqdan xilas edən, onun hərtərəfli rifahına nail olan ulu öndər Heydər Əliyevin ən böyük arzusu 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində ölkəmizdə yaranmış özbaşınalıq şəraitində işğal olunmuş tarixi torpaqlarımızın azad edilməsi idi. Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi 10 il ərzində hər an bu problemin ədalətli həllinə çalışmış, Qarabağla nəfəs almış, öz yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin qayğısına qalmışdır. Eyni zamanda, öz dədə-baba yurdlarından qovulmuş soydaşlarımız məhz Ulu Öndərin siyasətinə inanaraq əvvəl-axır yurdlarına dönəcəklərinə əmin olmuş, bu sonsuz inamın əhval-ruhiyyəsi, müsbət ovqatı ilə uzun illər ağır və məşəqqətli həyatlarına dözmüşlər.
2003-cü ildə xalqın yüksək etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Ulu Öndərimizin xilaskarlıq, qurtuluş, tərəqqi və rifah missiyasını uğurla davam etdirdi, ölkəmizi daha da qüdrətləndirdi. Əsası Ulu Öndər tərəfindən qoyulan siyasi idarəçilik sistemi inkişaf etdirildi, balanslaşdırılımış siyasət yürüdən dövlətimiz dayanıqlı və davamlı rifaha nail odu. Ölkəmiz dünya birliyi, inkişaf etmiş ölkələr tərəfindən etibarlı tərəfdaş kimi qəbul olundu.
Azərbaycanı günbəgün qüdrətləndirən Prezident İlham Əliyev 2020-ci ilin 27 sentyabrında başlayan və tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsi ilə layiqli davamçısı olduğu Ulu Öndərin ən böyük arzusunu gerçəkləşdirdi, tarixi bir missiyanı həyata keçirdi. Dahi lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda başlatdığı milli qurtuluş savaşı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi sayəsində Qarabağın işğaldan qurtulması ilə özünün zirvəsinə çatdı.
Qüdrətli dövlətimiz, qədirbilən xalqımız ikinci ildir ki, xalqımızın taleyini dəyişmiş 15 İyun - Milli Qurtuluş Gününü daha yüksək əhval-ruhiyə və coşqu ilə qeyd edir. Bu gün – ərazi bütövlüyünü bərpa etmiş, azad Qarabağda üçrəngli bayrağını ucaltmış, milli qurtuluşdan işğal altındakı torpaqlarımızın qurtuluşuna qədər şərəfli yol keçmiş müstəqil Azərbaycan dövləti daha qüdrətli, Azərbaycan vətəndaşı daha qürurludur.
Xalqımızın taleyini dəyişən, onu tərəqqiyə və rifaha istiqamətləndirən bu tarixi günün 29-cu ildönümündə ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını bir daha dərindən dərk edir, onu sonsuz sevgi və ehtiramla yad edirik. Xoşbəxt xalqıq ki, müstəqilliyimizin memarı, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, müdrik rəhbərin siyasi kursuna sədaqətin simvolu möhtərəm cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz günbəgün daha da inkişaf edir. Dünyada nüfuzu hər gün artan, onunla hesablaşmağa artıq hər kəsi vadar edən müstəqil Azərbaycan dövləti öz gücü, potensialı, qədirbilən xalqımızın dəstəyi ilə azad Qarabağı yenidən cənnətə çevirir. Müstəqil Azərbaycanın 1993-cü ilin 15 iyunundan başlayan Qurtuluş yolu azad Şuşaya doğru uzanan tarixi Zəfər yolu ilə davam edir.





[email protected]