SON XƏBƏRLƏR
Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli lider, dünya üçün ümumbəşəri dəyərdir

 Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli lider, dünya üçün ümumbəşəri dəyərdir
Aygün Nağıyeva
Zakir Əhmədov adına 64 nömrəli tam orta məktəbin informatika müəllimi
 
 
Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, yuxarıda sadaladığımız titulların heç biri Onun titanik fəaliyyətini tam əhatə etmir. Biz bu gün Azərbaycan tarixində Heydər Əliyev erasını yaratmış Ulu öndər haqqında danışarkən, adətən, Onu bir Ümummilli lider kimi səciyyələndiririk. Əlbəttə, bu, mübahisəsiz olaraq belədir. Amma bu zaman bizə elə gəlir ki, Heydər Əliyevin fəaliyyətini bir qədər məhdudlaşdırmış oluruq. Onun fəaliyyətinə bir qədər sırf milli kontekstdə yanaşmış oluruq. Lakin Heydər Əliyev şəxsiyyəti və Onun fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası ilə bağlı deyil və Ulu öndərin bir siyasətçi kimi fəaliyyəti də Azərbaycanın etnosiyasi coğrafiyası ilə məhdudlaşmır. O, istər Sovet xalqları müstəvisində və istərsə də Şərqi Avropadan tutmuş, hətta, Afrika ölkələrinə qədər olan xalqların tarixində rol oynamış, onların yaxından tanıdığı və onların həyatına təsir edəcək proseslərə imza atmış bir şəxsiyyətdir. Ona görə də, hesab edirik ki, bu gün Ulu öndəri hörmətlə anarkən Heydər Əliyevşünasların və Heydər Əliyev sevərlərin, tədqiqatçıların araşdırmalı olduğu elmi istiqamətlərdən biri də, məhz, bu olmalıdır.
Ulu öndərin başqa böyük keyfiyyətlərindən biri də Onun böyük müəllim, dahi təbliğatçı və mükəmməl natiq olmasında idi. Heydər Əliyev "ideya, ideologiya və təbliğat” universal üçlük formulasından çox məharətlə istifadə etməyi bacarırdı. O, ideyanı verir, onu ideologiyaya çevirir və həmin ideologiyanın kütlə tərəfindən mənimsənilməsini təmin edirdi. Elə Azərbaycanı birləşdirəcək universal formula olan azərbaycançılıq ideologiyasının da müəllifi, təbliğatçısı və icraedicisi, məhz, Ulu öndərimiz olub. Əslində, bir xalqın vahid ideologiya ətrafında təşkilatlanması üçün illər keçir. Yəni, hər hansı bir ideologiyanın mənimsənilməsi, öyrənilməsi və xalqın həmin ideologiyanın daşıyıcısına çevrilmə prosesi uzun illər, bəlkə də qərinələr, yüzillər aparır. Amma Ulu öndər özünəxas xüsusi çevik üsul və metodlarla bu prosesi elə etdi ki, qısa müddətdə azərbaycançılıq ideologiyası Azərbaycanın başlıca milli-siyasi ideologiyasına çevrildi. Bir qədər sonra isə bu öz müsbət bəhrəsini verdi. Azərbaycanda bu ideologiyanın bərqərar olması və mənimsənilməsi ilə ölkəmizdə etnik separatçılığa son qoyuldu. 
Ulu öndər elə böyük dövlət və siyasi xadimlərdən idi ki, dövlətçiliyin siyasi-ideoloji əsaslarını yaratmaqla bərabər, eyni zamanda, onun varisliliyini də təmin etdi. Hər hansı bir dövlətin var olması üçün mütləq ideoloji-siyasi varislik lazımdır. Əgər bu olmasa, dövlət bir nüfuza, liderə, bir fiziki şəxsə bağlı olduqda, o şəxsin fiziki-bioloji mövcudluğu bitdikdən sonra dövlətin də ömrü bitir. Məhz bunu bilən Ulu öndər dövlətçiliyimizin siyasi-ideoloji varisliliyini də təmin etmiş oldu.
Heydər Əliyev üçün biz çoxlu titullar deyə bilərik. Ümummilli lider, Ulu öndər, Azərbaycan Respublikasının siyasi rəhbəri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, müstəqil Azərbaycan Respublikasının Prezidenti və s. Bunlar əlbəttə ki, hamısı bir titul, bir vəzifədir. Amma Heydər Əliyev şəxsiyyəti bütün bunların hamısının fövqündə duran bir nümunədir. Yəni, bu bir həqiqətdir ki, bütün bu vəzifələrdən və titullardan Heydər Əliyev Azərbaycan xalqının milli və dövlətçilik maraqlarının təmin olunması üçün istifadə etdi. O, bir millət mücahidi idi, xalq mücahidi idi, Azərbaycan xalqının böyük mücahidi idi, Azərbaycan xalqını beynəlxalq münasibətlərdə böyük arenaya çıxarmağı qarşısına məqsəd qoymuşdu. Azərbaycanhəqiqətlərini dünyaya çatdırmağı qarşısına məqsəd qoymuşdu. Müstəqil Azərbaycan dövlətinin əbədi olmasını qarşısına məqsəd qoymuş böyük bir mücahid idi. Prezidentlikdən tutmuş digər titul və vəzifələr isə Onun üçün, məhz, bu məqsədləri həyata keçirmək üçün bir mexanizm və vasitə idi. Ona görə də, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq. Xalqımız var olduqca O, da yaşayacaqdır.

 






[email protected]