SON XƏBƏRLƏR
Heydər Əliyev elm və təhsilin himayədarı idi

Heydər Əliyev elm və təhsilin himayədarı idi

Heydər Əliyev fitri idarəetmə istedadına, dərin zəkaya, siyasi uzaqgörənliyə və müdrikliyə, fenomenal yaddaşa, dəmir məntiqə, qətiyyət, cəsarət və humanizm kimi yüksək keyfiyyətlərə malik insan idi.
Heydər Əliyevin gərgin zəhməti və mətin iradəsi Azərbaycanı totalitar kommunist rejiminin qəsdlərindən qorudu, ölkəni vətəndaş müharibəsindən xilas edərək onun  dövlətçiliyinə, müstəqilliyinə dönməz xarakter verdi, ölkənin uğurlu xarici siyasət kursunu müəyyənləşdirdi, Azərbaycanın yeni neft strategiyasını müəyyənləşdirdi. 90-cı illərin əvvəllərində Azərbaycanda baş verən hərbi-siyasi böhran, anarxiya və hakimiyyətsizlik Azərbaycanın yenicə əldə olunmuş müstəqilliyinin və dövlətçiliyinin məhvinə aparırdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə ölkəni, dövləti, torpağı deyil, bütövlükdə Azərbaycan xalqını məhv olmaq təhlükəsindən xilas etdi. Heydər Əliyev Azərbaycan dövlətinin gələcək inkişaf yollarını müəyyənləşdirdi. Bunlar: Qərbə inteqrasiya, demokratik inkişaf və hüquqi dövlət, azərbaycançılıq və vətəndaş həmrəyliyi  yollarıdır. 
Heydər Əliyev böyük qurucu idi. Hansı sahəyə nüfuz edirdisə, orada yeniliklər yaradır, əsaslı bir iş görürdü. Qeyri-adi enerji, təşkilatçılıq qabiliyyəti və öncəgörmə qabiliyyəti ilə fərqlənən Ulu Öndər ən ağır və çətin vəziyyətlərdən uğurlu çıxış yolu tapması, hətta mümkün olmayanı belə gerçəkliyə çevirməsi məharətinə görə hələ sağlığında əfsanəyə çevrilmişdi.
Yüksək intellektə malik şəxsiyyət olan Heydər Əliyev öz fəaliyyətində və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanmışdır. O, elm və texnikanın, mədəniyyət və maarifin, ədəbiyyat və incəsənətin inkişafı ilə bağlı məsələlərin həllinə həmişə yüksək həssaslıqla yanaşmış, cəmiyyətin, xalqın inkişafını elmin və təhsilin inkişafında görmüşdür.
Ölkəmizdə elmin intensiv inkişafı, Elmlər Akademiyasının tərəqqisi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Azərbaycan elmi bu müdrik və uzaqgörən rəhbərin simasında özünün ən böyük hamisini və qayğıkeşini tapmışdır. Bu sahəyə hər zaman xüsusi diqqət göstərən ölkə başçısının həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində fundamental tədqiqatlar xeyli genişləndi.Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində hər il yüzlərlə tələbə Sovet İttifaqının müxtəlif ali məktəblərinə, gənc alimlər isə ölkənin ən nüfuzlu elmi mərkəzlərinə göndərilirdi. Bu uzaqgörən siyasət nəticəsində yüksək ixtisaslı kadrlar, mütəxəssislər formalaşdı, respublikamızda neft maşınqayırması, fizika, riyaziyyat, informatika, kibernetika sahələrində dünya səviyyəsində nəticələr alan mərkəzlər yarandı. Məhz bu mütəxəssislərin böyük bir qismi bu gün müstəqil Azərbaycanın quruculuq prosesində ön cərgədə çalışır. Azərbaycanın gələcəyini düşünən müdrik rəhbərin keçən əsrin 70-80-ci illərindən həyata keçirdiyi milli inkişaf proqramı bu gün öz bəhrəsini verir. 
Heydər Əliyev elmlə təhsilin harmonik inkişafını və üzvi vəhdətini təmin etmək üçün məqsədyönlü proqramlar həyata keçirirdi. Təhsilin əsas bünövrəsinin orta məktəblərdə qoyulduğunu nəzərə alaraq hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin bilavasitə qayğısının nəticəsi olaraq Azərbaycanda çoxlu sayda məktəb binası tikilmiş, yeni dərsliklər hazırlanıb nəşr edilərək şagirdlərə pulsuz verilmişdir. Təhsilin inkişafına dair müxtəlif proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilib. Ölkədə yeni ali təhsil müəssisələri yaradılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib. Heydər Əliyev nəinki Azərbaycanda, həmçinin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ittifaq miqyasında təhsil islahatlarında həlledici rol oynamışdır.  
"Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər 1993-2003-cü illərdə də ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət göstərib. Təkcə paytaxtımızda deyil, respublikamızın ucqarlarında da yüzlərlə məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikildi. Təhsil işçiləri, ziyalılar dövlətin yüksək qayğısı ilə əhatə olunublar. Həmin illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib, məzmunca yenilənib və onun dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb.İftixar hissi ilə qeyd etmək olar ki, bu gün Heydər Əliyevin yolu və siyasəti bütün sahələrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, onun arzuları və ideyaları qətiyyətlə həyata keçirilir.
Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, məqsədli layihələr, dövlət proqramları bu sahənin inkişafına böyük töhfələr verib. Təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilib.2005-ci ildə Azərbaycan dünya təhsil məkanına - Bolonya prosesinə qoşulub.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” minlərlə gəncin dünyanın müxtəlif ölkələrinin nüfuzlu universitetlərində təhsil almağa imkan yaratmışdır. Onlar müasir və respublikamız üçün zəruri olan ixtisaslar üzrə təhsil alırlar. Xaricdə oxumağa göndərilmiş gənclərin müəyyən hissəsi artıq təhsilini uğurla başa vuraraq ölkəmizə qayıdıb və müxtəlif sahələrdə çalışır.
Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil sahəsində reallaşdırılmış layihələr çərçivəsində son illər ölkəmizdə müasir tələblərə cavab verən minlərlə məktəb binası tikilərək istifadəyə verilib. Həmin məktəblər yeni avadanlıqla təchiz edilib. Təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi üçün yeni zəmin yaratmışdır.
Əlbəttə, Heydər Əliyev və İlham Əliyev siyasətinin ən parlaq nəticəsi torpaqlarımızın işğaldan azad olunmasıdır.
Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini böyük ehtiram və minnətdarlıq duyğusu ilə yad edir və həmişə yad edəcək!
 
Heydər Əliyev elm və təhsilin himayədarı idi 
Aynur Allahyarqızı
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində
Sənaye və Texnologiya kollecin də Azərbaycan dili müəlliməsi, Dillər kafedrasının müəllimi




[email protected]