Heydər Əliyev- Müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısı

Heydər Əliyev- Müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısı 

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın təbii konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran şanlı epoxanı əhatə edir. Ümummilli liderin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü isə onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsidir. Hələ 1991-ci il 18 oktyabr tarixində ulu öndər Heydər Əliyevin də imza atdığı "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etdi.

Dövlət müstəqilliyinin ilk illərində – 1991-ci ildən 1993-cü ilin iyununa qədərki mərhələdə respublikada mövcud olmuş fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız de-yure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdir. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təmini, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. O zaman hakimiyyətdə olan qüvvələrin səriştəsiz və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu.

Ümummilli xalqımıza qazandırdığı milli siyasi müstəqilliyin daha da möhkəmləndirilməsi üçün ilk növbədə Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunmasının mahiyyətini dərindən dərk edirdi. Heydər Əliyev neft sektoruna xarici sərmayələrin cəlb edilməsi istiqamətində ciddi addımların atılmasını təmin etmiş, 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi”nin imzalanmasına nail olmuşdur. Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın əsasını qoymuş bu müqavilənin imzalanması ilə respublikamızın gələcək inkişafının fundamental bünövrəsi qoyulmuşdur. "Əsrin müqaviləsi”nin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan verdi.

 

 "Azərbaycan gəncliyinin ən böyük xilaskarı Heydər Əliyev heç zaman unudulmayacaq”

 

 1995-ci ilin mart ayında o böyük qəlbli dahi insanın gənclərlə yaddaşlarda daim qalacaq ilk görüşü oldu. Bu görüşdə Ümummilli lider hər zaman Azərbaycan gənclərinin yanında olacağını, onların dəyərli vətəndaş kimi yetişməsi üçün əlindən gələni edəcəyini bildirdi. 1996-cı ilin fevral ayının 2-də Ümummilli liderin təşəbbüsü ilə Azərbaycan gənclərinin ilk forumu keçirildi. Forumda Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan genişmiqyaslı gənclər siyasətinin dəqiq konturlarının müəyyənləşdirilməsi gənclərdə sabaha böyük ümidlər yaratdı, hər bir gənc Ümummilli lider Heydər Əliyevin simasında etibarlı himayədarının olduğunu dərk etdi. Belə ki, Azərbaycanın müxtəlif bölgələrindən olan 2 minədək gəncin iştirakı ilə keçirilən forumda hər şeydən öncə Vətənini sevən, milli dəyərləri və dövlətçilik prinsiplərini hər şeydən uca tutan, yüksək bilik və bacarıqlara malik gənc nəslin yetişdirilməsi ilə bağlı ayrı-ayrı dövlət orqanlarının üzərlərinə düşən vəzifələr və məsuliyyət müəyyənləşdirildi. 1997-ci ildə Ulu öndər fevralın 2-nin Azərbaycan Gəncləri günü elan edilməsi ilə bağlı Fərman imzaladı. Bununla da Azərbaycanda uğurlu gənclər siyasətinin əsası qoyuldu.Bu gün Azərbaycan özünün hər bir sahədə dinamik və titanik inkişaf dövrünü yaşayır. Çünki cənab prezident İlham Əliyev Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir. Əsrlər keçəcək, illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək amma Heydər Əliyevin milli müstəqillik, azərbaycançılıq ideyaları heç zaman yox olmayacaq. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.

Ulu öndərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri artıq hər bir azərbaycanlının milli mənlik şüurunun zirvəsinə çevrilib.

 Heydər Əliyev- Müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısı

 

Vaqif İsmayıl oğlu İsrafilov

ADPU, Azərbaycan dilçiliyi kafedrasının dosenti,

filologiya üzrə fəlsəfə doktoru


 

 




[email protected]