Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərə start verib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Azərbaycanda 2023-cü ilin "Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində silsilə tədbirlərə start verib.

BBMM-in mətbuat xidmətindən bildirilib ki, silsilə tədbirlər çərçivəsində Ural Federal Universitetində keçirilən "İndiki dövrün qlobal və regional problemləri: mənbələr və perspektivlər. Şərq və Qərb” mövzusunda XV Beynəlxalq elmi konfransın plenar iclası Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Plenar iclasda çıxış edənlər Rusiya-Azərbaycan münasibətlərini təhlil edərək, bu əlaqələrin inkişafında Heydər Əliyevin rolunu xüsusilə vurğulayıblar. Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş "Mədəni müxtəliflikdə birlik: Azərbaycan timsalında” mövzusunda XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçısı Kristina Tretyakova çıxışı zamanı Bakıda keçirilən qış məktəbi haqda danışıb.

Daha sonra çıxış edən Ural Federal Universitetin professoru A.Q.Nesterov Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin səbəblərindən və bu münaqişənin həllində Ulu Öndər Heydər Əliyevin rolundan bəhs edib. Professor, həmçinin 44 günlük Vətən müharibəsi haqqında məlumat verib. O, bu müharibədə Azərbaycan xalqının, Azərbaycanda yaşayan etnik azlıqların Prezident İlham Əliyevin ətrafında "dəmir yumruq” kimi birləşməsini, onların Qələbənin qazanılmasındakı rolunu xüsusilə diqqətə çatdırıb.

Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Tədris şöbəsinin müdiri İrina Kunina "Bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın çoxtərəfli diplomatiyasının xüsusiyyətləri” mövzusunda təqdimatla çıxış edib.

Mərkəz ilin sonuna qədər "Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi layihəsinin icra olunduğu ali təhsil müəssisələrində - Ural Federal Universiteti (Rusiya), İvan Cavaxaşvili adına Tbilisi Dövlət Universiteti (Gürcüstan), Vrotslav Universiteti (Polşa), Hokkaydo Universiteti (Yaponiya), Erciyəs Universiteti (Türkiyə), Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti (Bolqarıstan), Malayziya Universiteti (Malayziya), Gadjah Mada Universiteti (İndoneziya), Aleksandr İohan Kuzi Universiteti (Rumıniya), Paraiba Federal Universitetində (Braziliya) Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbirlər, konfranslar, seminarlar, dəyirmi masalar təşkil etməyi nəzərdə tutur.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində 2015-ci ildən etibarən, Ural Federal Universitetində "Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Mərkəz ilin sonuna qədər "Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi layihəsinin icra olunduğu ali təhsil müəssisələrində - Ural Federal Universiteti (Rusiya), İvan Cavaxaşvili adına Tbilisi Dövlət Universiteti (Gürcüstan), Vrotslav Universiteti (Polşa), Hokkaydo Universiteti (Yaponiya), Erciyəs Universiteti (Türkiyə), Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti (Bolqarıstan), Malayziya Universiteti (Malayziya), Gadjah Mada Universiteti (İndoneziya), Aleksandr İohan Kuzi Universiteti (Rumıniya), Paraiba Federal Universitetində (Braziliya) Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbirlər, konfranslar, seminarlar, dəyirmi masalar təşkil etməyi planlaşdırır.




[email protected]