Qarabağ müharibəsi veteranı: Müalicələrin gedişindən razıyam

Birinci dəfə deyil ki, Şağanda yerləşən müalicə müəssisəsinə üz tuturam. Hər gəlişimdə burada diqqət, şəfqət və qayğı görmüşəm. Elə bil burada sıravi işçidən tutmuş həkimlərədək hamını seçib yığmısan. Burada qazilərə xüsusi qayğı ilə yanaşır, bir növ, necə deyərlər, onların nazı ilə oynayırlar. Mənim şikayətim əsasən baş nahiyəsində olan səs-küy və qıjıltı ilə əlaqədardır. Hirslənəndə özümü ələ ala bilmirəm. Amma həmin əsəbi vaxtlarımda da tibbi heyətin yüksək qayğısını hiss etmişəm. Ağrı-acı elədir ki, bəzən adam ətrafdakıları, lap doğma adamları da bezdirir, amma mən burda həkim və tibb işçilərinin əlil xəstələrin üstündə yarpaq kimi əsdiyinin şahidiyəm. Belə müalicə mərkəzi yaratdığına görə dövlətimizə, burda bizi hər cür qayğı ilə əhatə edən pansionatın əməkdaşlarına da çox-çox təşəkkür edirəm.

 bunu Şağan Reabilitasiya Pansionatında müalicə alan Birinci Qarabağ müharibəsi qazisi Yəhya Məmmədov deyib.

O, Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun rəhbərlik etdiyi özünümüdafiə batalyonun döyüşçüsü olub. Batalyonun tərkibində Pircamal, Aranzəmin və Naxçıvanik kəndlərinin ermənilərdən azad edilməsində iştirak edib.1993-cü il avqustun 7-də Çəlik kəndində mərmi partlayışı nəticəsində torpağın altında qalıb, hospitalda dörd gündən sonra huşu özünə gəlib. O vaxtdan sonra müxtəlif müalicə kursları alıb.

"Artıq neçə illərdir ki, əsas müalicə kursunu Şağandakı Reabilitasiya Pansionatında keçirəm. Elə il olub ki, iki dəfə burada bərpa prosesi keçmişəm. Burada həm müalicələrin gedişindən, həm əlilliyi olan xəstələrə verilən yeməklərin keyfiyyətindən, həm məişət şəraitindən və asudə vaxtın təşkilindən çox razıyam. Hazırda yeni müalicə kursu keçməyə başlamışam. Bu dəfə də prosedurların səmərəli olacağına inanıram”, - deyə Y. Məmmədov bildirib.




[email protected]