Şəhid Daşqın Şəfiyevin ailəsinin məişət şəraiti və tibb xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

"YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir.

Vətən müharibəsinə könüllü yollanan və Laçında şəhidlik zirvəsinə ucalan, "Vətən uğrunda”, "Qubadlının azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan Daşqın Şəfiyevin ailəsinin məişət şəraiti və tibb xərcləri "YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Bu barədə 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Daşqının Vətən müharibəsinə könüllü yollandığını deyən anası Gülnaz Şəfiyeva bildirib: "İşdən evə gəlib bizə dedi ki, çağırış gəlib, gedirəm. Ona deyəndə ki, qardaşlarından biri döyüşdədir. Dedi ki, narahat olmayın, yeri gəlsə, o biri qardaşım da müharibəyə gedəcək. Hamımız Vətən üçün canımızı fəda etməyə hazırıq. Demək olar ki, hər gün bizimlə danışırdı. Onunla danışanda ağlasam da, bəlli etməməyə çalışırdım. Eləcə deyirdim ki, səndən çox nigaranam. Deyirdi, narahat olma hər şey öz qaydasındadır, yemək də, su da tapırıq. Burada özümə yaxşı dostlar qazanmışam.

Daşqının arzusu özünə doğma Kəlbəcərdə toy etmək idi. Arzularını da özü ilə bərabər apardı. Övlad itkisi bir valideyn üçün dünyada ən ağır dərddir, lakin Daşqının şəhadətə yüksəlməyi ilə fəxr edirəm”.

Şəhidin atası Hidayət Şəfiyev Daşqınla son danışığı belə xatırlayır: Noyabrın 4-də saat günorta saat 11-12 arası Daşqın bizə zəng etdi. Çox yalvardım ki, özünü qoru. Təkcə onu dedi ki, hər şey yaxşıdır, qorxmayın. Axırda isə dedikləri ürəyimə dağ çəkdi. Sanki ürəyinə nəsə dammışdı, dedi ki, "sizi Allaha əmanət edirəm, Uca Yaradan sizi qorusun”. Sən demə bu, onun axırıncı zəngi imiş. Elə həmin gün də şəhid olmuşdu.

Daşqın şəhid olandan sonra "YAŞAT” Fondunun nümayəndələri bizə baş çəkdilər, ehtiyaclarımızla maraqlandılar. Evimizin təmiri ilə bağlı bizə dəstək göstərildi, həmçinin müalicə xərclərimizin qarşılanmasına kömək edildi. Şəhid ailələrinə dəstək olan hər kəsə minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının "Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

 




[email protected]